Ruhu müdafiə etməyin yolları hansılardır?
Əgər insan öz canının qədrini və dəyərini bilsə, heç bir zaman onu çirkinliyə bulaşdırmaz. Şeytana (lən) icazə verməz ki, ona yaxınlaşsın. Qurani-Kərim bu haqda buyurur: “Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz)”. (“Maidə” 105).
İmam Əli (ə) buyurur: “Sizin üçün behiştdən başqa qiymət yoxdur. Ona görə də özünüzü behiştdən başqasına satmayın”.
İmam Əli (ə) yenə buyurur: “Öz dəyərini bilməyən kəs məhv olar”.
Əgər insan öz həqiqətindən uzaqlaşarsa, tərəqqi və inkişafı da dayanar. Əgər insan canın qeydinə qalmazsa, atəş onu bürüyər. Necə ki, insanın bədənini qorunmağa ehtiyacı vardır, canı da bu qaydadan istisna deyildir. Hifz olunmağa ehtiyacı vardır. Canı hifz etmək üçün bu yollardan istifadə etmək olar:
1) Allaha təvəssül etmək.
İnsan hər an şeytanın vəsvəsinə məruz qala bilir. Davamlı olaraq möhkəm bir pənah yerinə ehtiyacı vardır. “Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir”. (“Əraf” 200).
İmam Baqir (ə) buyurur: “Allahdan başqasını arxa, pənah və sirlərinin məhrəmi qərar vermə”.
2) Təqva.
Şeytan (lən) bir an belə fəaliyyətsiz oturmur. Hər tərəfdən insana hücum edir. Bunun müdafiəsi - təqvadadır. İmam Əli (ə) buyurur: “Ey Allah bəndələri! Bilin ki, təvqa möhkəm və məğlubedilməz bir qaladır”.
Lakin təqvanın da iki növü vardır: zəif və güclü. Zəif təqva odur ki, cəmiyətdən uzaqlaşıb və inziyava çəkiləsən. Lakin güclü təvqa - ən ali mərhələdir. İnsan bu cür təvqaya malik olaraq həyatın ən çətin anlarında belə özünü qoruya bilir və ən kiçik səhvə belə yol vermir.
3) Nəzarət və müraqibə.
Bütün bədən üzvlərinin kontrola ehtiyacı vardır. Hər bir üzvün girişi ürəyədir və hər nə buradan keçərsə, ürəkdə qeydə alınar. Ona görə də Allah Təala ayədə buyurur: “Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır”. (“Mutəffifin” 14). Müraqibə odur ki, bəndə bilsin ki, Allahın ondan xəbəri vardır, onu hər bir halda görür, onun hər cür gizli sözlərini və hərəkətlərini bilir, bəndə bilməlidir ki, Onun ixtiyarındadır. Heç bir şeyi Allahdan gizlədə bilməz.
4) Mühasibə.
Kontrolu gücləndirəndən sonra növbə mühasibəyə gəlib çatır. Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!”. (“Həşr” 18).
Hər bir iman sahibi gərək hər bir hərəkətində özündən qafil olmasın. Çünki hər an dəyərli ömründən gedir. Belə ki, Allah buyurur: «O gün ki, malın və oğulların bir faydası olmayacaq». «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şuəra” 88-89). (Erfan)
Allah Təala bizləri təmiz və pak ruhlulardan qərar versin. Deyerler.org