Əli (ə)-ın baxışında səadətin yolunda 2 real maneə nələrdir?


İmam Əli (ə) buyurur: “Sizin üçün görə qorxduğum iki qorxulu şey: havapərəstlik və uzun arzulardır. Həvəsin ardınca getmək insanı haqdan saxlayar. Uzun arzular isə axirəti yaddan çıxartdırar”. (Tebyan)
İmam Əli (ə) bu nurani xütbəsində insanlara iki təhlükəni tanıtmaq istəyir ki, biri nəfsin ardınca getmək və o birisi isə uzun arzular qurmaqdır. İmamın (ə) bu xəbərdarlığından ciddi nəticələr çıxarılmalıdır. Çünki, havapərəstlik insanın səadətə gedən yolunda ciddi maneə olar. Şəhvət qarşısında təslim olmaq və əmmarə nəfsinin dediklərini yerinə yetirmək - insanın səadətinin ən mühüm düşmənidir.
Qurani-Kərim bu haqda hətta peyğəmbərlərinə (ə) belə xəbərdarlıq edir və buyurur: “(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır»”. (“Sad” 26).
Başqa yerdə isə nəfsi bir bütə bənzədərək, buyurur: “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23).
Həqiqətən, havapərəstlik insanın gözünü, qulağını kor və lal edər. İnsanın ağılına möhür vurar. Onu həyatın ən bədihi mövzularından məhrum edir. Bundan da böyük hansı təhlükə ola bilər ki?
Quran behişti o kəslər üçün bilir ki, öz nəfslərinə qarşı müqavimət göstərər və Allaha qarşı çxımazlar. “Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, Şübhəsiz, onun yeri Cənnətdir”. (“Naziat” 40-41).
Uzun arzular şübhəsiz ki, insan səadətinin ən pis və ən təhlükəli düşmənidir. Çünki bəşər tarixinin təcrübəsi göstərir ki, insan uzun arzularla uçan zaman heç bir sərhəd və hədd tanımır. Hər nə qədər yuxarı qalxsa da, yenə də irəli gedər. Yenə də arzusu olar və əvvəlkindən də çox. Təbiidir ki, bu cür uzun arzular insanın bütün cismini və fikirini özünə cəlb edər və axirəti ona unutdurar.
Qurani-Kərim Peyğəmbərinə (s) xitab edərək, buyurur: “Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər”. (“Hicr” 3).
“Nəhcül-bəlağə”də oxuyuruq: “O kəs ki, arzularını uzun edər - pis əmələ düçar olar”. İnsan halal yolla uzun arzularına çətin ki, çatsın. Çox vaxt bunun üçün halalı harama qarışdırır və ya başqalarının haqqını tapdalayır.
İmam (ə) başqa yerdə buyurur: “Bilin! Uzun arzular ağılı yolundan azdırar və Allahı yada salmağı unutdurar. Ona görə də bu cür arzulara etina etməyin ki, aldadıcıdır. Bu arzualara malik olanlar aldanmışlardır”.
İmam (ə) bu mövzuya o qədər əhəmiyyət verir ki, başqa bir yerdə buyurur: “Ey insanlar! Zahidlik üç şeydə xülasə olar: arzuların qısalığı, nemət qarşısında şükür etmək, günahdan çəkinmək”.
İnsanın arzuları adətən onun imkanlarından və ömründən daha uzağa gedər. Ona görə də nəfsi istəkləri heç bir zaman uzun arzular cildində sona çatmır və nəhayətlənmir. Uzun arzular ardınca gedən insanın can verməsi də çətin və ağrılıdır, çünki dünyadan ayrılmaq onun üçün çox çətindir.
Bir gün Peyğəmbər (s) əlinə üç dənə çubuq alır və birini önündə torpağa basdırır, o birisini bir qədər o biri tərəfə və üçüncüsünü daha uzağa. Sonra üzünü səhabələrinə çevirib buyurur: “Bilirsiniz bunlar nədir?”. Deyirlər: “Allah və Peyğəmbəri (s) daha agahdır”. Həzrət (s) buyurur: “Mənim qarşımda olan bu çubuq insan kimidir. İkinci çubuq ki, bir qədər uzaqdır - əcəl kimidir və həyatın sonudur. O üçüncü çubuq ki, daha uzaqdır - insanın sorağına getdiyi arzulardır. Ancaq əcəl ona çatmazdan əvvəl mane olar”.
Allah Təala bizləri bu təhlükələrdən Özü qorusun. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter