İnsan gərək sevgisini büruzə versin?
Cavabımız zərurətini açıqlayır, yəni əgər ətrafınızda olanların sizi sevməsini istəyirsinizsə - istər dostlarınız olsun, istərsə də ailə üzvləriniz - gərək sevginizi dilinizə gətirəsiniz. Dillə bəyan etdiyiniz bu sevgi başqalarının da sevgisini artırar və rabitələri möhkəm edər. (Tebyan)
İnsan həmişə başqaları tərəfindən sevilmək istəyər. Əgər insan dostuna qarşı sevgisini dilinə gətirərsə, dostu da ona məhəbbətlə yanaşar. Bu sevgi ikitərəfli olar. Həyatda səfa və səmimiyyəti gücləndirər. Biz əgər bilsək ki, Allah bizi sevir, biz də Allahı daha çox sevərik. Əgər bilsək ki, Peyğəmbər (s) və Məsum İmamlar (ə) bizi sevirlər, Əhli-Beytin (ə) sevgisi bizim də qəlbimizdə güclənər.
Allah Təala Quranda sevgisini dəfələrlə bəyan etmişdir. “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər”. (“Maidə” 54).
İmam Əlidən (ə) soruşurlar: “Ey Əli! Necəsən?”. Buyurur: “Dostlarımın dostu və düşmənlərimin düşməniyəm”.
Dostluq rabitəsini gücləndirən ən mühüm amil - sevgini bəyan etməkdir. İmam Sadiq (ə) buyurur: “Əgər kimisə əlaqə və məhəbbətin varsa, onu agah et”.
Nəql edilir ki, bir nəfər məscidin önündən keçirdi və İmam Baqirlə (ə) İmam Sadiq (ə) də orada əyləşmişdi. İmam Baqirin (ə) səhabələrindən biri dedi: “Allaha and olsun ki, mənim bu insana məhəbbətim var”. İmam (ə) buyurur: “Onda ona xəbər ver, çünki bu xəbər verməyin həm dostluğu davamlı etdərər, həm də ülfət yaratmaqda yaxşıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kim din qardaşını sevərsə, bunu ona elan etsin”. Bu dostluq elanı insanların rabitəsini möhkəm edər və cəmiyyətdə sevgi hissini çoxaldar.
İnsan ictimai mühitdə olduğu kimi, ailədə də öz sevgisini bəyan etməyi bacarmalıdır. Bu əməl ailədə də dostluq və sevgi bağlarını möhkəm edər və həyatı səfalı edər. O ailədə ki, sevgi olmaz, cəhənnəm həyatına bənzəyər.
Ailə mühitində sevgini dilə gətirmək həyat yoldaşları, valideynlər və övladlar arasındakı rabitəni gözəl edər və həmin ev behiştə çevrilər. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kişi öz xanımına desə ki: “səni çox istəyirəm”, heç bir zaman həyat yoldaşının qəlbindən çıxmaz”.
Çox təəccüblüdür ki, bu cümlə qısa və kiçik olsa da, təsiri böyük və qeyri-adidir. Bu cümləni deyə bilməyənlər isə nə qədər simic və xəsis insanlardır.
Sevgini bəyan etmək bəzən ancaq dillə deyil, başqa bir əməllə də büruzə oluna bilər. Hörmət qoymaq, nəvaziş göstərmək, hədiyyə vermək kimi. Bu əməllər də ailədə sevgi və məhəbbət hissini gücləndirər.
Həzrət Peyğəmbər (s) buyurur: “Uşaqları sevin və onlara rəhm edin və şəfqət göstərin”. Uşaqları sevmək və onlara şəfqət göstərmək - bir valideynin borcudur və bunu ailədə bəyan etməyi bacarmalıdır. Bu zaman uşaq sevildiyini hiss edər və hər cür ruhi xəstəlikdən uzaq olar.
Beləliklə, deyə bilərik ki, ətrafımızda olan hər kəsə sevgimizi bəyan etməyi bacaraq və bunu ancaq dillə deyil, başqa xoş əməllərlə də yerinə yetirək. Bunu ancaq ictimai mühitdə deyil, həm də ailədə bəyan etməyə və bildirməyə səy edək. Çünki bu, elə bir hünərdir ki, insanları bir-birinə yaxınlaşdırar və ikitərəfli sevginin yaranmasına səbəb olar. Deyerler.org