Borc verməyin qayda-qanunu və ədəbləri nələrdir?
Əgər (borclu şəxs) sıxıntı və ehtiyac içində olsa, onda imkanı olana kimi ona möhlət vermək (sizin öhdənizədir). Və sədəqə verməyiniz (borcu bağışlamaq) sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz!”. (“Bəqərə” 280).
Bunun üçün mühüm olan amil - əxlaq və etiqaddır. Borc verən zaman Allah məsləhət görür ki, qarşı tərəfi sıxışdırmayasan və ona möhlət verəsən.
İslam dini yoxsullara borc verməyi bəyənilən əməl kimi tanıtmışdır. Hədislər bu əməli sədəqədən də üstün bilir. Bunu nəzərə almaq lazımdır ki, bəzilərimiz bu əməlin ədəb və qaydalarına düzgün riayət etmirik. Ona görə də ziyan görürük. Agah və qeyri-agah şəkildə onu başqalarının üzərinə atırıq.
”Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq, müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nağd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir”. (“Bəqərə” 282). Allah Təala bu surədə borc verməyin qayda və qanunlarını açıqlayır və yol göstərir.
Borc verməyin ədəb və qaydası:
1. Borcu gərək ixlasla versin.
2. Xoş ürəklə və razılıqla versin.
3. Halal maldan versin.
4. Borc yazılı olsun.
5. O kəs ki, borc verib, həmin şəxsin borcu qaytarması üçün imkanlı olmasını gözləsin.
Quran ayələrində və hədislərdə borc vermək üçün çoxlu savab vəd edilmişdir. Bu savablar həm dünya və həm də axirət savablarıdır. İslam dini gizli borc verməyi bəyənilən əməl hesab edir. Bu insan Allahla ticarət edər. Borc alan əslində Allahın özüdür.
O kəs ki, borc verər, onun malı və ruzisi artar. Borc verməyin gətirdiyi dünya xeyirlərindən biri də budur ki, insanlar arasında sevgi və ülfət yaranar. İmam Sadiq (ə) buyurur: “Üç şey sevgi gətirər: borc vermək, təvazökarlıq və bəxşiş”.
“Və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm”. (“Maidə” 12).
Allah Təala bu surədə borc verməyin axirətdəki mükafatının behişt olduğunu vurğulayır. Allah Təala bizlərə bu mətləblərə riayət etməyi nəsib etsin. (Tebyan) Deyerler.org