Təfəkkür qüvvəsini gücləndirməyin 7 yolu hansılardır?


Əgər bir insanın təfəkkür qüvvəsi zəif olarsa, necə elm öyrənə, biliyini artıra, ibadətinin keyfiyyətini qaldıra və özünü kamala çatdıra bilər?
Aydındır ki, əgər insanın təfəkkür qüvvəsi zəif olarsa, həqiqətləri olduğu kimi dərk edə bilməz. Belə bir halda məntiqli yol odur ki, insan təfəkkür qüvvəsini gücləndirsin. Bəs bunu necə edə bilərik? (Tebyan)
Fikir və təfəkkürü gücləndirməyin bir neçə yolu vardır ki, onlardan bəzisinə işarə edək:
1. Müəllimdən istifadə etmək. İmam Əli (ə) səadətli insanlardan birini tələbələr hesab edir ki, elm öyrənmək üçün müəllimlərinin ardınca düşərlər.
2. Kitab və mütaliə ilə rabitədə olmaq. İmam Sadiq (ə) buyurur: “Elmi mövzuda çoxlu mütaliə etmək - ağlı açıq edər və çiçəkləndirər”.
3. Səfər etmək, eləcə də tarixi mütaliə etmək. Qurani-Kərim bir çox hallarda insanlara səfər etməyi əmr edir. “De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!»”. (“Ənam” 11).
“(Ya peyğəmbər!) de: «Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!»”. (“Nəml” 69). “(Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır»”. (“Ənkəbut” 20).
4. Kor-koranə təqlidçilikdən çəkinmək. Qurani-Məcid kor-koranə təlqidi həmişə pisləmiş və məzəmmət etmişdir. “Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»”. (“Əraf” 28).
5. Alimlər və bilikli insanlarla əlaqə saxlamaq. İmam Əli (ə) buyurur: “Alimlərlə əlaqəni kəsmək nadanlara qoşulmağa bərabərdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşı olar ki, aqil insan gecə və gündüzünü dörd hissəyə bölsün: bir hissəsini dininə yardım edən alimlərlə oturub-durmağa sərf etsin”.
6. Bildiklərinə əməl etmək. İnsanın ağlı o zaman güclü olar ki, bildiklərinə əməl edər. Bu zaman daha çox dərk edər. O zaman ki, daha çox dərk edər, yenə də bu dərk etdiklərinə əməl edər. Bu zaman ağıl ilə əməl hər ikisi eyni yolda irəliləyər.
7. Hiss orqanlarından istifadə etmək:
a). Yaxşı görmək. “Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır? Və göyü (görmürlər) ki, necə ucaldılmışdır? Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir? Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?”. (“Ğaşiyə” 17-20).
“Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?”. (“Mülk” 3).
b). Yaxşı qulaq asmaq. “O kəslər ki, sözləri eşidir və onların ən yaxşısının ardınca gedərlər, onlar o kəslərdir ki, Allah hidayət etmişdir”.
c.) Təsvirlərdən istifadə etmək. “Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər), Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman, Dağlar hərəkətə gətiriləcəyi (parça – parça olub dağılacağı) zaman, (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman, Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman, Dənizlərin dolacağı və qaynayacağı zaman”. (“Təkvir” 1-6).
d). Quran məsəllərinə diqqət etmək. “Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar”. (“Bəqərə” 17).
“Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər”. (“Bəqərə” 171).
Bu bir neçə məsələyə diqqət etmək - təfəkkür qüvvəsini gücləndirər. Çünki bir saat düşünmək bir il ibadətdən üstündür.
Allah Təala bizləri güclü təfəkkür və keyfiyyətli ibadət edənlərdən qərar versin. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter