Mömin olmağımızı hansı meyarlarla müəyyən edək?
İmam Əli (ə) buyurur: “Həqiqətən, mömin baxarsa, ibrət alar, sükut edərsə düşünər, danışarsa zikr deyər, ehtiyacsız olarsa şükür edər, çətinliyə düşən zaman səbir edər”. (Tebyan)
Bu hədisdə möminin 5 sifəti bəyan edilmişdir, əgər imanınızı imtahan etmək istəyirsinizsə, gərək özünüzü bu hədislə imtahana çəkəsiniz. Bu beş sifət ibarətdir: nəzər etmək, təfəkkür etmək, təzəkkür etmək, şükür və səbir etmək.
Məlum olur ki, imanın birinci dərəcəsi nəzər salmaq və baxmaqdır. Varlıq aləminə nəzər salmaq, bəşər tarixinə nəzər salmaq, zalımların aqibətlərinə nəzər salmaq, öz ətrafına nəzər salmaq, dünyasını dəyişənlərə nəzər salmaq, özünün zəif və güclü tərəflərinə nəzər salmaq...
İkinci mərhələ - təfəkkürdür. Əgər insan özünü islah etmək istəyirsə, gərək gün ərzində bir qədər zamanı düşünmək üçün ayırsın. Quran ayələri bizi təfəkkürə dəvət edir. “Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır”. (“Nəhl” 11).
“Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr”. (“Həşr” 21).
“Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz”. (“Bəqərə” 219).
İmam Rza (ə) buyurur: “İbadət - namaz və orucun çoxluğu ilə deyildir. Həqiqi ibadət Allah Təalanın işində və varlıq aləminin sirlərində təfəkkür etməkdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir saat fikirləşmək bir il ibadətdən daha yaxşıdır”.
İmam Sadiq (ə) buyurur: “Əbuzərin ən böyük ibadəti - təfəkkür və ibrət götürmək idi”.
Üçüncü mərhələ təzəkkürdür. Nəzər salırıq, fikirləşirik və nəticəyə çatırıq. Bu nəticələri bir-birinin ardınca gərək yada salaq ki, unutmayaq.
Dördüncü mərhələ budur ki, şükür edəsən. İnsan o zaman ki, ətrafına nəzər salar, Allahın verdiyi çox sayda neməti görər. Sonra təfəkkür edər və bu nemətləri bir-birinin ardınca yada salar və bütün bunlardan sonra isə şükür edər. Bu nemətləri yerində istifadə edər. Nemət verənin razılığını əldə etməyə çalışar.
Beşinci mərhələ müşküllər və çətinliklərə səbir etməkdir. Əgər səbirli olmasaq, bu mərhələyə çata bilmərik. Bu sifət bizdə nə səviyyədər varsa, deməli imanımız da o qədərdir. O zaman ki, səbiri əldən verərik, deməli imanı da əldən vermişik.
Allah Təala bizləri həqiqi möminlərdən qərar versin. Deyerler.org