İblisin (lən) düşmənlərinin siyahısındə kimlər qeyd olunur?


İnsanın ən qatı və həqiqi düşməni olan şeytanın özünün də elə düşmənləri vardır ki, onların əlindən nalə çəkər.
Həzrət Peyğəmbər (s) şeytandan soruşur: “Mənim ümmətimdən sənin düşmənlərin neçə dəstədir?”. Deyir: “22 tayfadır. Mən onların əlindən əziyyət çəkirəm və qəlbim onların əlindən qanla doludur:

1. Sən özün mənim ən qatı düşmənimsən. Mən də əvvəldə səninlə düşmən idim və sonra yenə də olacağam. Səninlə olan düşmənliyim heç bir zaman sülh və səfaya çevrilməyəcəkdir. Həzrət (s) buyurur: “Mənimlə niyə düşmənsən?”. Deyir: “Çünki Qiyamət günü günahkarlara şəfaət edəcəksən, zəhmətimi zay və ümidimi qət edəcəksən”.
2. Elminə əməl edən alim də mənim düşmənimdir. Mən də onun düşməniyəm. Həzrət Peyğəmbər (s) buyurub: “Öz elminə əməl edən alim şeytan üçün min abiddən təhlükəlidir”.

3. Quranı həml edən, yəni o kəs ki, Quranı öyrənir və əzbərləyir. Orada gələn bütün əmrlərə və göstərişlərə əməl edir. O, mənim düşmənim və mən də onun düşməniyəm.

4. Azan deyən. O kəs ki, gündə beş dəfə azan deyər və şəhadətləri etiraf edər və insanları yuxudan ayıldar. Allah ibadətinə və namaza çağırar.

5. Yoxsulların dostu. Onlar heç bir zaman yoxsulları və kasıbları unutmazlar. Daima onları xatırlayır və diqqət edirlər. Hər bir şəraitdə onları müdafiə edir və həyatlarını təmin edərlər.

6. Yetimlərin dostu. O kəslər ki, yetimlərlə dost və mehribandırlar, ana və ataları kimi onlarla nəvazişlə rəftar edərlər ki, yetimlik əziyyətini hiss etməsinlər.

7. Mehriban insan. O kəs ki, Allah bəndələrinə ürəyi yanar və mehriban olar. Allah bəndələrinə edilən ən kiçik zülmdən narahat olar və onları müdafiə edər.

8. Nəsihət edən. O kəs ki, Allah rizası üçün insanlara öyüd verər və Allah rizasından başqa qəlbində heç bir şey olmaz.

9. Daima dəstəmazlı olan. O kəs ki, hər bir halda dəstəmazlıdır və əgər dəstəmazı batil olarsa, tez onu təzələyər.

10. Bağışlayan, hədiyyə edən insan. O kəs ki, insanları öz malında şərik edər. Malının bir hissəsini ehtiyacı olanlara verər və mal toplamaq fikrində olmaz.

11. Xoş əxlaqlı insan. O kəs ki, insanlarla xoş rəftar edər, bütün insanları gülərüzlə qarşılayar.

12. Qane olan insan. O kəs ki, bu dünyada ona verilən az ruziyə qane olar. Allahın ona verdiklərindən razıdır. Başqalarının malına həsəd aparmaz.

13. İffətli insan. O qadınlar və kişilər ki, iffətlidir, ətəkləri fəsada bulaşmamışdır. İslami geyimə hər yerdə riayət edərlər.

14. Ölümə hazır olanlar. O kəslər ki, daima ölümü düşünür və ona hazırlaşırlar. Heç bir zaman axirəti unutmurlar.

15. Salehlərlə oturub-duranlar. Şeytanın düşmənlərindən biri də o kəslərdir ki, davamlı olaraq saleh və təqvalı insanlarla oturub-durur, gedib-gəlirlər.

16. Təvazökar insan. O kəslər ki, Allah və onun xəlqi qarşısında təvazökardırlar. Özlərini kiçik hesab edərlər və xudbin deyildirlər.

17. Cavan abid. O cavan ki, dinə aşiq olub və Allah bəndəliyindən ləzzət alır və gecələri oyaq qalıb ibadət edir.

18. O kəslər ki, nəfslərini haramdan saxlayıblar. O kəslər ki, Allahın halalını halal və haramını haram bilirlər. O kəslər ki, göz və qulaqlarını və başqa üzvlərini harama adət etdirməmişdilər.

19. O kəslər ki, din qardaşları olmayan vaxtı onlar üçün xeyir duası edərlər. Özləri üçün nəyi bəyənirlərsə, başqaları üçün də onu bəyənirlər.

20. O kəs ki, ata və anası ilə mehribandır və onlara hörmət edir.

21. Adil padşah ki, insanlarla ədalətlə rəftar edir.

22. Oruc tutanlar ki, öz mallarının bir hissəsini yoxsula infaq edərlər. Bu zaman sanki məni parçalayıb atəşə atarlar”.
Şeytan (lən) daha sonra Həzrət Peyğəmbərə dedi: “Ya Rəsulallah! Bəziləri vardır ki, mənim rəftarıma nəzarət edərlər və bir nəfəri yolundan azdıran zaman onlar gələr və ona düz yolu göstərərlər. Haqqa qaytararlar”. Onlar da şeytanın düşmənləridir. Şeytan onlardan çox qorxur. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter