Allah şeytanı nə üçün yaratdı?


Cavab: Tez-tez belə suallarla qarşılaşırıq: Şeytan kimi alçaq bir vücudun yaradılması, hansı məntiqə əsaslanır?
İlk əvvəl onu qeyd edək ki, Allah-təala şeytanı alçaq yaratmamışdır. Mötəbər dini mənbələrin verdiyi məlumatlara görə, şeytan uzun illər mələklərlə yanaşı dayanmışdır. Lakin sonradan verilmiş azadlıqdan sui-istifadə edərək, tüğyan qoparmışdır. Demək, şeytan ilk əvvəl pak yaradılmış, sonradan öz istəyi ilə azğınlığa düçar olmuşdur.
İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət olmayan yerdə tərəqqi də olmaz. Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir. Əksinə, onun törətdiyi fitnə-fəsadlar, imanlı insanların təkamülü üçün mühüm şərtlərdəndir.
İnsan yalnız güclü düşmənlə qarşılaşdığı zaman öz qüvvəsini səfərbər edib, işə sala bilər. Tarixə baxın. Yalnız güclü düşmənlərin hücumları qarşısında ardıcıl müqavimət göstərmiş millətlər, böyük mədəniyyət yarada bilmişlər.
«Nəhl» surəsinin 99 və 100-cü ayələrində buyurulur: «Həqiqətən, iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir».

Sual: İblis nə üçün Allaha itaət etmədi?
Cavab: «İblis» ilk dəfə Adəmə səcdədən boyun qaçıran şeytanın adıdır. «Kəhf» surəsinin 50-ci ayəsində buyurulur: «Cin tayfasından olan İblisdən savayı, hamı səcdə etdi».
Ayədən göründüyü kimi, Adəmə səcdə edilməsi əmri gələn zaman, mələklərlə bir sırada dayanmış İblis mələk yox, cin tayfasından imiş.
O, elə təsəvvür edirdi ki, Adəmdən üstündür və o, Adəmə yox, Adəm ona səcdə etməlidir. Onun bu itaətsizliyi, sadəcə bir etiraz yox, ciddi etiqad məsələsi idi. Bir ömür ibadət etmiş, öz ibadəti sayəsində mələklər cərgəsinə qoşulmuş İblis, öz təkəbbürü ucbatından anlamırdı ki, əslində Adəmə yox, Allaha səcdədən boyun qaçırır.
Şəksiz ki, Allahın əmrinə boyun əyib, Adəmə səcdə edən mələklər, əslində Allaha səcdə edirdilər. İblis isə səcdədən boyun qaçırmaqla, Allahın qəzəbinə düçar oldu.
İblisin insan övladı ilə düşmənçiliyi, bu gün də davam etməkdədir. Adəm və onun övladlarını qiyamət gününədək doğru yoldan azdıracağına and içmiş İblis, öz rəngarəng vəsvəsələri ilə insanları əbədi behiştdən məhrum edir. O heç zaman düşmən qiyafəsində gəlmir. Necə ki, Adəmi öz andları ilə xeyirxah olduğuna inandırıb çaşdırmışdısa, Adəm övladlarını da eyni üsulla günaha sürükləyir.

Qurani-Kərimin «Nümunə» təfsiri əsasında


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter