Bizim Quran qarşısındakı 7 vəzifəmiz nələrdir?


Quran - Allahın kəlamıdır. Elə bir kəlamdır ki, həqiqətlər dənizinə bağlanmış və bizləri bu həqiqətdən agah etməyə çalışır.
Bizim Quran qarşısındakı vəzifələrimiz nədir?
1. Quranı öyrənmək.
İmam Əli (ə) buyurur: “Quranı öyrənin ki, ən üstün kəlamdır. Onun haqqında düşünün ki, qəlblərin baharıdır”. Əgər insan Quranın həqiqi yerini tanısa, onu öyrənsə, çox ali məqamlara və fəzilətlərə çata bilər. Quran dinin əsas mehvəri və İlahi qanun kitabıdır. Ona görə də hər bir müsəlman onu öyrənmək üçün səy etməlidir. İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, mömin müsəlman Quranı öyrənmədən dünyadan getsin”. Quran öyrənməklə yanaşı, onu başqalarına öyrətmək də bizim boynumuza qoyulan vəzifədir. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşısı o kəsdir ki, Quranı öyrənər, başqalarına da öyrədər”.

2. Quranın tilavəti.
Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün ibadət Quranı düzgün qiraət etməkdir”. İnsan Quranı öyrənmək üçün onu düzgün tilavət etməyi bacarmalıdır. Heç kim bu işi dəyərsiz hesab etməsin. Çünki Quranı qiraət etməyin belə çox sayda fəziləti vardır.

3. Qurana qulaq asmaq.
Allah Təala buyurur: “Nə zaman ki, Quran oxunar, ona qəlb və canla qulaq asın. Sükutu düşünməklə bir yerdə edin ki, Quran rəhmətinə nail olasınız”. Quran qiraət olunan zaman ona qulaq asmaq böyük dəyərə malikdir. Bu, o kəslərə daha çox lazımdır ki, elm nemətindən bəhrələniblər. Yəni insan Qurana düşünərək qulaq asmalıdır və onun dediklərini diqqətlə izləməlidir. Həzrət Peyğəmbər (s) buyurur ki, Quranı oxuyan da, onu dinləyən da savab qazanar.

4. Quran haqqında düşünmək.
Bizim Quran qarşısındakı başqa bir vəzifəmiz - onun ayələri haqqında dşüünməkdir. Quran özü bu işə dəvət edir və Quran ayələri haqqında düşünməyin lazımlığını bizə bildirir. “Belə isə heç düşünmürsünüz?!”. (“Muminun” 80). Bu kimi yüzlərlə ayə vardır. Quranın uca ruhunu ancaq onun ayələri haqqında düşünərək əldə etmək olar. İmam Əli (ə) buyurur: “Düşünmədən Quranı qiraət etmək - lağ-lağadan başqa bir şey deyildir”. Baxmayaraq ki, Quranı qiraət etmək xüsusi savaba malikdir, ancaq kamil deyildir. Tilavət - Quranı dərk etməyin başlanğıcıdır. Dərk etmək üçün isə təfəkkür etmək lazımdır.

5. Qurana əməl etmək.
Quran biz insanlara ona görə nazil olmuşdur ki, ona əməl edək. Quran elə bir İlahi kitabdır ki, onu oxumaq kifayət deyildir. Ona əməl etmək lazımdır. İmam Sadiq (ə) buyurur: “O qədər Quranı tilavət edənlər vardır ki, Quran onları lənətləyir”. Həzrətdən (ə) bu kəslərin kim olduğunu soruşurlar və buyurur: “O kəslər ki, Quranı oxuyur, ancaq ona əməl etmirlər”. Həzrət (ə) baqşa yerdə buyurur: “Hər kim Quranı oxuyar, ancaq ona əməl etməzsə, cəhənnəm atəşinə düçar olar. Sanki bu dünyada Quranı məsxərə etməklə məşğul olmuşdur”.

6. Quranın həqiqətlərini kəşf etmək.
Quran əhli onun həqiqətlərini dərk edib, insanlara çatdırmaqla vəzifələniblər. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, Quranın həqiqi təfsirçiləri Məsumlardır (ə). Onların bu sahədəki elm və mərifətləri olmadan bu həqiqətləri kəşf etmək olmaz. İmam Baqir (ə) buyurur: “O cümlədən bizə verilən elm - Quran təfsiri və əhkam elmidir”.

7. Quran ayələrini əzbərləmək.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Quranı qəlbində yer verən insana əzab verməz”. Quran ayələrini əzbərləmək insan fikrini, zehnini, qəlb gözünü aydınladar. İnsana bu səma maarifini öyrənib, həqiqətlərlə tanış olmaq tofiqini əta edər. İnsan Quran ayələrini həm əzbərləməli və həm də ona əməl etməlidir. Ancaq bu zaman Allah dərgahında mühüm məqama malik ola bilər. Həzrət Peyğəmbər (s) bu insanları ümmətinin ən üstünləri elan etmişdir.
Bu 7 vəzifəmizi yaxşı tanıyaq və ona əməl etməyə çalışaq. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter