Uşaq tərbiyəsində 3 mühüm hansı sahələr tərbiyə olunmalıdır?
Uşaqlar bizim üçün ən dəyərli və ən zərif hədiyyədirlər. Allah onları bizə əmanət vermişdir və bizim də vəzifəmiz budur ki, bu məsuliyyəti ən gözəl şəkildə yerinə yetirək.
Uşaqların düzgün tərbiyə edilməsi üçün Qurandan, hədislərdən ibrət götürməli və İslami hökmlərə əməl etməliyik. İslam övlad təribyəsindəki əsas vasitənin məhəbbət, nəsihət, dostluq və ehtiyat olduğunu vurğulayır. Ona görə də deyə bilərik ki, İslam dinində tənbeh və cəzalandırma ikinci planda durur. Övlad tərbiyəsinə bir çox amillər təsir edir ki, onlardan ən mühümü ailə və onun üzvlərinin qoyduğu təsirdir. İkinci növbədə məktəb gəlir. Bundan başqa, övlad tərbiyəsinə ətraf mühitin, dostların da böyük təsiri vardır.
Tərbiyə üç mərhələdə olur: bədəni tərbiyə etmək, əqli tərbiyə etmək, ruhu tərbiyə etmək.
Bədəni tərbiyə etmək.
Uşağın bədənini tərbiyə etmək o deməkdir ki, uşağın cismini möhkəmləndirmək. Hər bir xəstəliklərə müqavimət göstərə bilən bir bədənə malik olsun, müqaviməti güclü olsun. Üzgüçülük, ox atmaq, at minmək - bunlar elə idmanlardır ki, uşaq cismini möhkəmləndirər və müqavimətini qüvvətli edər. İslam dini də bu məsələyə xüsusi diqqət edir. Çünki gücsüz bir bədənlə insan həyatda istədiyi nailiyyətlərə çata bilməz. Həzrət Peyğəmbər (s) buyurur: “Sənin bədənin üçün sənin üzərinə haqq düşür ki, onu yerinə yetirməlisən”. Bu hədisə əsasən insan gərək bədəninin qidalanmasına, rahatlığına və gigiyenasına xüsusi diqqət göstərsin.
Əqli tərbiyə.
İslam fitri dindir, insanın bütün qüvvələrinə hörmət edir. İfrat və təfritdən uzaq olaraq, onu düzgün yolla inkişaf etdirir. Ona görə də ağılı dəyərli bir qüvvə kimi tanıtmışdır. İslam bəşər ağlını maddi dünyada yaşamaq üçün bəhrələnməyə dəvət edir. Quran buyurur: “Torpağın ətrafında dolanın və Allahın ruzisindən yeyin”.
Başqa bir tərəfdən isə, İslam bəşər ruhunu Allahdan çəkinməyə dəvət edir. Ona görə də insan öz ağlından istifadə edərkən, ona vurğun olmayacaqdır. Bu zaman onda belə bir fikir də yaranmayacaqdır ki, ağıl həyatdakı tək gövhərdir. İslam dünya nemətlərinin varlığını yaddan çıxartmamışdır. Tarix şahiddir ki, müsəlmanlar nə qədər tərəqqi etmişdilər, ancaq onların maddi tərəqqisi heç də onları yolundan azdırmırdı. Onları heç bir zaman insanlıqdan xaric etmirdi. Bu, elə bir meyardır ki, İslam tərbiyəsi ilə başqa tərbiyələr arasındakı fərqi göstərir.
Ruhi tərbiyə.
İslam dini ruha xüsusi yer ayırmışdır. İnsan şəxsiyyətinin mərkəzini təşkil edir. Şübhəsiz, bu, varlıq aləminin ən qüvvətli gücüdür. Çünki bəşərin cismi, maddi məsələlərdən asılıdır, əqli güc zamandan, məkandan asılıdır. Bunların ikisi də məhduddur və məhv ola bilir.
Ancaq ruh məhdud deyildir, zaman və məkana sığmır.
Ruhu tərbiyə etmək dedikdə ilk növbədə insan qəlbinin Allahın qüdrəti qarşısında həssas və ayıq olması nəzərdə tutulur. O zaman ki, insan qəlbi Allaha həssas olarsa, onun ruhu müstəqim yola hidayət olar.
Cəmiyyət də hər cür cinayətdən uzaqda yaşaya bilər. Bu cür tərbiyə cəmiyyət üçün çox sayda fayda gətirər. İnsan ruhu elə tərbiyə ediləcəkdir ki, hər bir şeyə məhəbbət bəsləyəcəkdir.
Əziz Peyğəmbərimiz (s) üstün bir şəxsiyyət və istisna bir insan idi ki, bütün insanların ən yaxşı xüsusiyyətlərini özündə cəmləmişdir. O, hətta besətdən əvvəl əmin, sadiq, xurafatdan uzaq bir insan idi.
Uşaqlar kiçik yaşlarında tərbiyəni daha yaxşı qəbul edirlər. Çünki, kiçik yaşlarda onun üzərində rəhbərlik etmək daha asandır. Çox tez təsir altına düşər. O, məsum olduğu üçün itaət etməyə müqavimət göstərmir və həmçinin iradəsi də zəif olduğu üçün itaətdən boyun qaçırtmır. Əgər uşağa gözəl əxlaq və rəftar aşılanarsa, o, buna adət edər. Əgər bu yaşlarda uşağı öz halına buraxsanız, o, itaətə adət etmədiyi üçün sizin tərbiyənizə cavab verməyəcəkdir. Bu da sizin üçün bir çox çətinliklər yaradacaqdır.
İslam insanlıq şəxsiyyətini formalaşdırmaq üçün tərbiyəçilərə əmr edir ki, uşaqlara məhəbbət bəsləsinlər. Necə ki, Peyğəmbər (s) buyurmuşdu: “Uşaqlara məhəbbət bəsləyin və onlara rəhm edin. O zaman ki, onlara vədə verirsiniz, vəfa edin”.
Beləliklə deyə bilərik ki, İslam dini uşaq tərbiyəsinin əsasında məhəbbət və sevginin durmasını tövsiyə edir və onların məsum bir əmanət olduğunu bizə daima xatırladır. Biz də gərək bu əmanətə xəyanət etməyək. (Əhli-beyt (ə) saytına istinadən) Deyerler.org