İnsafın 3 tərkib hissəsi hansilardir?


Insaf bir kəlmədir ki, ədalət və ehsan mənasını verir. İnsaf – havayi-həvəsin deyil, dinin ardınca getməkdir. İnsanfın yolu - Allah Kitabının yoludur. İnsafın yolu - Peyğəmbər (s) sünnətinin yoludur. İnsaf mövzusunda bizim üçün örnək olan kəslər - Peyğəmbər (s) və Məsum İmamlardır (ə).
“Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. (“Nəhl” 90).

İmam Əli (ə) bu ayədə adı çəkilən ədaləti insaf adlandırmışdır.
Bunu qeyd etmək lazımdır ki, həyatın hər bir sahəsində insafa riayət etmək çox çətin bir işdir. İmam Sadiq (ə) buyurur: “Sizi Allahın xəlqinə vacib etdiyi ən ağır vəzifəyə agah edimmi?”. Sonra üç mövzunu bəyan edir ki, onlardan biri də insanlara qarşı insaflı olmaqdır.

İmam Sadiqin (ə) səhabələrindən biri olan Əbdul Əla deyir: “İmamın (ə) xidmətinə getdim və din qardaşlarının hüququ haqqında olan sual məktubunu Həzrətə (ə) təqdim etdim. İmam (ə) orada yazılmış bütün suallara cavab verdi, din qardaşlarının hüququ sualından başqa. Mədinədən çıxmaq istəyən zaman xudafizləşmək üçün İmamın (ə) xidmətinə getdim, ona dedim: “Mənim sualıma cavab verməmisiniz?”. Həzrət (ə) buyurdu: “Qorxuram ki, həqiqəti deyim, ancaq siz əməl etməyəsiniz. Dindən xaric olasınız”. Bu zaman buyurdu: “Allah bəndələrinin ən ağır vəzilfəri üç şeydir:
1. Özünlə insanlar arasında insafa riayət etmək. Din qardaşınla elə rəftar et ki, səninlə də bu cür rəftar etməsini istəyərdin.
2. Malını din qardaşlarından əsirgəmə və onlara qarşı xeyirxah ol.
3. Hər bir halda Allahı yada sal. Allahı yada salmaqda məqsəd o deyildir ki, davamlı olaarq “Sübhənallah”, “Əlhəmdulillah” desin. Bəlkə məqsəd budur ki, əgər haram malla qarşılaşsa, Allahı yada salsın və həmin işi görməsin”.

İnsaf - məkarim əxlaqdan olub, üç hissəyə bölünür: Allahla insaf, insanlarla insaf, özünlə insaf.

1. Allahla insaf.
İmam Əli (ə) Malik Əştərə tövsiyə edir ki, Allah Təala ilə insafla rəftar qursun. “Allahla insaflı ol”. Əllamə Məclisi bu cümlənin şərhində buyurur: “Məqsəd budur ki, Allahın qoyduğu vəzifəni yerinə yetirəsən”.
İbni Əbi Hədid yazır: “Məqsəd budur ki, o şeyi ki, din və ağıl vacib etmişdir, yerinə yetirəsən”.
Beləliklə deyə bilərik ki, Allahla insaflı olmaq o deməkdir ki, İlahi vəzifələri yerinə yetirək. İnsanın Allah qarşısında vəzifəsi çoxdur, ancaq onlardan üçünə işarə edək:

a). Həya. İnsanın Allah qarşısındakı vəzifələrindən biri - Onun hüzurunu qorumaqdır. İnsan fitri olaraq hər bir nazirdən (müşahidə edəndən) həya edər. Onu görənin hüzurunda çirkin iş görməyə cürət etməz. Ona görə də insanlar çirkin işi həmişə xəlvət yerlərdə görürlər. İnsanlar sevərlər ki, onlar olan yerdə onlara hörmət edilsin. Onlar olan yerdə nalayiq işlər görməsinlər. Çünki əks halda ona qarşı insafsızlıq edilmiş olar. Həmçinin o kəs ki, günah edər, Allaha qarşı insanfsızlıq etmiş olar. Çünki ya Onu hazır hiss etmirlər, ya da hüzuruna əhəmiyyət vermirlər. Hər bir halda haqqını zay etmiş olarlar. Ona görə də Allaha qarşı insanflı olmağın yollarından biri - Müqəddəs Zatından həya etmək və günahı tərk etməkdir.

b). Riza. Allah Təala Öz bəndələri üçün ancaq xeyir və yaxşılıq istəyər. O zaman ki, insan başqasına məsləhət verər, etiraz və narazılığına əhəmiyyət verməz. Ona görə də xeyirxahdır. Məsləhət verən istəyər ki, onun sözlərini qəbul edib, ona təşəkkür edəsən. Deməli, Allaha qarşı insaflı olmağın yollarından biri də Allahın insan üçün təqdir etdiyi hər bir şeyə razı olmaqdır.

c). Şükür. İnsan istəyir ki, bir nəfərə ehsan edən zaman ona təşəkkür etsinlər. Çünki əks halda ona qarşı insafsızlıq olar. Allah insanlara o qədər nemət vermişdir ki, saymaqla bitməz. Allahın nemətlərinin çoxunu onu əldən verən zaman tanıyırıq. Deməli, Allaha qarşı insanflı olmağın yollarından biri də - Ona verdiyi nemətlərinə görə şükür etməkdir.

2. İnsanla insaf.
İmam Əli (ə) Malik Əştərə yazır: “Öz tərəfindən, yaxın qohumların tərəfindən və sevdiyin insanlar tərəfindən camaatla insafla rəftar et. Əgər insaf etməsən, zülmə düçar olarsan”.
İnsanlarla insaflı olmaq odur ki, insan özü və başqaları arasında hökm çıxartmaq istəyən zaman onların haqqını etiraf etsin və başqalarının haqqını öz xeyirinə zay etməsin. İmam Əli (ə) İmam Həsənə (ə) vəsiyyət verən zaman buyurur: “Oğlum, özünü başqaları ilə rəftarda meyar qərar ver və hər nəyi ki, özün üçün sevirsən, başqaları üçün də sev. O şeyi ki, özün üçün bəyənmirsən, başqaları üçün də bəyənmə. Necə ki, başqalarının sizə zülm etməsini sevmirsən, sən də heç kimə zülm etmə. Başqalarına yaxşılıq et, necə ki, başqalarının sənə yaxşılıq etməsini istəyirən. Onlardan hər nəyi çirkin bilirsənsə, özündə də çirkin bil. Bilmədiyin şeyi demə, baxmayaraq ki, bildiklərin az olsa belə. O şeyi ki, sənə deyilməsini sevmirsən, başqalarına demə”. Yəni, özünüzü davamlı olaraq başqalarının yerində fərz edin.

3. İnsanın özü ilə insaflı olması.
İnsanın özü ilə insaflı olması iki tərəflidir: biri tərəfdə insanın əql qüvvəsi və o biri tərəfdə isə nəfsi durur. Ağıl çalışar ki, qəzəb və şəhvət qüvvəsini əmri altına salsın. Qəzəb və şəhvət çalışar ki, ağıl onu razı salmaq yolunda xidmət etsin. Həqiqətdə isə ağıl qəzəb və şəhvətə rəhbərlik etməli və idarəni əlinə almalıdır. Ona görə də qəzəb və şəhvət aqil qüvvəsini inkar edərək ona zülm edə bilər. Ya da onu etiraf edərək ona qarşı insaflı ola bilər. Beləliklə özünlə insaflı olmaq odur ki, gərək nəfsindən insafı alasan.
İmam Əli (ə) Malik Əşrətə yazır: “Özünü əziz tut ki, ağlabatmaz iş görməyəsən. Çünki özünü əziz tutmaq odur ki, nəfsi sevdiyini sən sevməyəsən. İnsafı ondan əsirgəyəsən”.
Ona görə də özünlə insaflı olmaq odur ki, insan nalayiq işlərdən uzaq olsun və ağlı və dini vəzifəsini düzgün yerinə yetirsin. Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter