Əgər ağıl varsa dinə nə ehtiyac duyulur?
İnsan bütün mümkün faydaları əldə etmək istəyində olan bir varlıqdır. O, ağacın gövdəsindən, budaqlarından, meyvələrindən istifadə edir. Heyvanların əti, südü, dərisi onun diqqətindən yayınmayıb. Hətta canlıların ifrazatı da onun istifadəsindədir. Təbii ki, əli çatan hər şeyi istismar edən insan öz həmnövlərindən də yan ötməyib. Yəni hər bir fərd başqalarının xidmətindən istifadə edərək daha yaxşı yaşamağa çalışır.
Amma bütün insanlar bu fikirdə olduğundan cəmiyyətdə ixtilaflar yaranır. İnsanlar arasında uyğun münasibəti tənzimləmək üçün qanunlara ehtiyac yaranır. Qanunun zəruriliyini qəbul edən bəşəriyyət öz şüurunu işə salıb qanunlar toplusu hazırlasa da, cəmiyyətdəki ixtilaflar daha da artır. Çünki qanunu hazırlayan şüurun dərinliyində şəxsi mənafe istəyi hər şeydən güclüdür. Böyük bir cəmiyyət üçün qanunlar hazırlayan qrup öz məhdud təfəkkürünü aşıb milyonların mənafeyini dərk edə bilmir. Ona görə də hakimiyyətə gələn digər qrup dərhal qanunları dəyişməyə başlayır. İnsanın yaratdığı qanunların tez-tez dəyişməsi cəmiyyətdəki inkişafla yox, təbəqələrarası ziddiyyətlərlə bağlıdır. Bəli, bəşəri qanunlar hamını qane etmək gücündə deyil.
İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir. İxtilaflar da şüurdan doğur. Əgər qanun şüurdan yan ötüb, yalnız hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi? İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə, cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın daxili hisslərini tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır. Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana ehtiyacı qalmır.
Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə ixtilaf yaranır? Unutmayaq ki, dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək.