Ziyarət etməyin qaydaları barədə Əhli-beytdən (ə) tövsiyələr hansılardır?


Ziyarət etməyin qaydaları barədə Əhli-beytdən (ə) tövsiyələrə diqqət edək
1. Ziyarət qüslü. Abdullah ibni Sənan İmam Sadiqdən (ə) nəql edir: “Həqiqətən qüsl on dörd cürdür: meyit qüslü, cənabət qüslü, meyitə qüsl verənin qüslü, cümə qüslü, Fitr və Qurban bayramı qüslü, Ərəfə günü qüslü, ehram qüslü, Kəbəyə daxil olma qüslü, Mədinəyə daxil olma qüslü, hərəmə daxil olmaq qüslü, ziyarət qüslü”.
Bu qüsllərin bir çoxu müstəhəb qüsllərdir. Ziyarət etməyin ilk əməllərindən biri - ziyarət qüslüdür. Əgər qüslü batil olarsa, yenidən alsa yaxşı olar. Əbi Bəsr deyir: “Qüslə ehtiyacım var idi və hamama getdim. Yolda bir neçə Əhli-beyt (ə) davamçısı olan dostlarımı gördüm ki, İmam Sadiqi (ə) ziyarət etmək istəyirdilər. Öz-özümə dedim: “Məbada, bu ziyarət feyzini əldən verim və başqaları da bu feyz almaqda məni üstələsinlər”. Qüsl almadan onlarla bir yerdə İmamın (ə) xidmətinə yollandım. O zaman ki, İmam (ə) mənə baxdı, buyurdu: “Ey Əba Bəsir! Məgər bilmirsən ki, qüsllü halda Peyğəmbərlərin (ə) və onların övladlarının evinə daxil olmamalısan?”.
2. Təmiz libas geyinmək. Səfvan deyir ki, mən İmam Sadiqdən (ə) soruşdum ki, o Həzrəti (ə) necə ziyarət edə bilərəm? Buyurdu ki, nə zaman ziyarət etmək istəyirsənsə, qüsl al və yuyulmuş və ya yeni iki paltar geyin.
3. Xoş ətir vurmaq. Yuxarıdakı hədisin davamında buyurur: “Xoş ətirdən istifadə et”.
4. Vüqarla yol getmək. Muhəmməd ibni Məşhədi nəql edir ki, İmam Sadiq (ə) Muhəmməd ibni Müslim Səqəfiyə ziyarətin qaydasını öyrədərkən buyurmuşdur ki, o zaman ki, Əmirəl-möminin (ə) ziyarətinə gedirsən, qüsl al və ziyarət üçün ən gözəl paltarını geyin. Özünə xoş ətir vur, sakit qəlblə və sakit bədənlə yol get. Hərəmə çatanda üzü qibləyə dayan. 30 dəfə “Allahu Əkbər” de və sonra de: “Əssəlamu alə Rəsulullah” və ziyarətin sözlərini axıra qədər de”.
5. Hərəmə gedən yolda zikr demək. Hərəmə tərəf gedən yolda dilinizi paklaşdırın və təkbir, salavat deyin.
6. Daxil olmaq üçün icazə almaq. Ziyarətin başqa əməllərindən biri də Allahdan, Peyğəmbərdən (s), mübarək Bəqi mələklərindən və qəbir sahibindən giriş üçün icazə almaqdır. Çünki Əhli-beyt (ə) davamçıları bilirlər ki, Məsumlar (ə) diridirlər. Şəhidlər kimi.
7. Xüsusi ziyarəti oxumaq. Məfatih kitabında hər bir Məsumun (ə) qəbrini ziyarət etmək üçün xüsusi ziyarətlər vardır və hərəmə daxil olan zaman bu ziyarəti oxumaq yaxşı olardı.
8. İki rükət ziyarət namazı. O zaman ki, Məsumların (ə) hərəminə daxil olursan, qəbrinin baş tərəfində iki rükət namaz qılmaq yaxşı olar. Namazın birinci rükətində “Həmd” surəsindən sonra “Yasin” surəsini və ikinci rükətində isə “Həmddən” sonra “Ər-Rəhman” surəsini oxumaq məsləhətdir. Sonra da özü, ata, anası, bütün bacı-qardaşı və möminlər üçün dua etsin.
9. Dua etmək. Bir çoxları özü, ata və anaları üçün dua edirlər. Allahdan nə istəyirsənsə, dua edirsən. Çünki, Məsumlar (ə) Allaha daha yaxın insanlardır. Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter