Mömin üçün 3 mühüm xüsusiyyətlər hansılardır?
Quranda və hədislərimizdə iman əhlinin xüsusiyyətləri haqda çoxlu sayda ayə və hədislərimiz vardır. Bütün bu hədislərimizdə iman əhli üçün nəzərdə tutulan ən üstün xüsusiyyət - imandır. İmam Əli (ə) iman əhli üçün üç xüsusiyyət bəyan etmişdir.
1. Vaxtın qədrini biləndir.
Mömin insanın ən mühüm xüsusiyyətlərindən biri - Allahın ona verdiyi bu qısa fürsətdən ən yaxşı şəkildə bəhrələnməkdir. Vaxt - mömin üçün bir dəyərli gövhərdir. Mömin o kəsdir ki, anbaan həyatın nemətlərini İlahi dəyərlərə çevirər. Hətta möminin yuxusu belə həyat zamanının bir hissəsi kimi Haqqın bəndəliyinə sərf edilir.
- Yuxudan əvvəlki vaxt Haqqın ibadətindən və xəlqə xidmətdən yorğun olaraq, yatar.
- Yuxudan sonrakı zamanda təzə güclə Haqqa ibadət və xəlqə xidmətlə məşğul olar.
Mömin yuxusundan əvvəl Haqqa ibadət və xəlqə xidmət üçün yorular. Ona görə yatar ki, Allah bunu o bəndədən istəmişdir. Yuxu öz-özlüyündə mübah olsa da, mömin insan üçün ibadət sayılar. Allah Quranda İslam Peyğəmbərinə (s) buyurur: “Ey libasına bürünmüş. Gecə – az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt; Yaxud yarıya artır (onun üçdə ikisini), Quranı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!”. (“Muzəmmil” 1-4).
Mömin Allahın əmri ilə istirahət edər, əldən verdiyi gücünü yuxu ilə bu cür bərpa edər. Həyat sevincini bu yolla əldə edər. Yuxudan ayılandan sonra da vaxtını ibadətə, xəlqə xidmətə və halal ruzi qazanmağa sərf edər.
2. Səbir edəndir.
Möminin başqa bir xüsusiyyəti səbirli olmasıdır. İmam Əli (ə) demir ki, mömin səbirli bir insandır, buyurur ki, səbir onun həyatının bir hissəsidir. Bu xüsusiyyət onun vücudundadır. Mömin bu cür olmalıdır. Həyatın acı və şirin hadisələrində səbir göstərər. Bu, o deməkdir ki, mömin həyatın eniş-yoxuşlarında özünü Haqqın hərəmində hiss edər. Əgər həyatın şirinlikləri onu əhatə edərsə, məst olmaz. Əgər acı hadisələri ilə üzləşərsə, alçalmaz. O, hər bir halda Allahın bəndəsi olaraq qalır. Mömin zəif bir insan deyildir ki, şirin bir hadisə onun ağlını əlindən alsın. O, bu qədər kiçik deyildir ki, ağır hadisələr ona mənfi təsir qoysun. Mömin o kəsdir ki, Həzrət Əyyub (ə) kimi, Həzrət İbrahim (ə) kimi, İmam Hüseyn (ə) kimi hadisələrə baxar. O, Allahın hərəmində qalar və bayıra çıxmaz, çünki bu hərəmdən bayırda ancaq şeytanın hərəmidir.
3. Şükür edəndir.
Möminin üçüncü bariz xüsusiyyəti - Allahın sonsuz nemətlərinə şükür etməkdir. Mömin şakir insandır. Ona təqdim edilən hər bir nemətə şükür edər. O zaman ki, ona nemət çatar, göz yaşları ilə deyər: “Əlhəmdulilləhi Rabbil-aləmin”.
Bəs şükür etmək ancaq bu cümlə ilə bitərmi? Xeyr, Quranın buyurduğu kimi, şükür əməldə olmalıdır. «Ey Davud ailəsi, (bu nemətlərə) şükür edin və Mənim bəndələrimdən şükür edən azdır». (“Səba” 13). Bu ayənin mənası odur ki, “Ey Ali-Davud! Sizə verdiyimiz bütün nemətləri saleh əməllərə çevirin. Bu yolda Peyğəmbərlərin (ə) və İmamların (ə) nəsihətlərinə qulaq asın. Mənim nemətlərimi yaxşı işlərə: ibadətə, sədəqəyə, infaqa və yaxşı rəftara çevirin. Bu zaman həqiqi şükür edənlərdən olarsınız”.
“Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!”. (“İbrahim” 28).
Allah bizləri də iman əhlindən qərar versin və biz də bu üç xüsusiyyətə sahib olanlardan olaq. İnşəallah! (Erfan) /Deyerler.org/