Bütün müvəffəqiyyətlərin şərti nədir?
Bəşər bu hay-küylü həyatda mənəvi rahatlığa ehtiyac duyur. Həyat müharibəsində hər kim bu silahı olmadan meydana atılarsa, məğlub olacaqdır. Hər nə qədər həyat yükü ağır olarsa, bu ehtiyaclar get-gedə artar. Yersiz həyəcan və narahatlıqlardan necə nicat tapacağımızı bilməliyik. (Tebyan)
Sərvət, qüdrət, şöhrət insana rahatlıq gətirməz. İnsanın bütün səyləri hədər gedər. Çünki əsl rahatlığın mənbəyi insanın özündə yerləşir. Həmçinin bədbəxliyin də mənbəyi insan daxilində yerləşir. Bu daxili xəzinələrdən həm mənəvi rahatlıq və həm də həqiqi rifah üçün istifadə edə bilərik. Bütün xarici rifahlar və bunun üçün istifadə edilən hər bir vəsait müvəqqəti və keçicidir. İnsanı kamil rahatlığa çatdıra bilməz.
Alimlərdən biri belə deyir: “Gərək özümüzə icazə verməyək ki, pis şeylər fikirləşək. O şey ki, bizi narahat edir, həmin şeyin zehnimizi məşğul etməsinə icazə verməyək. Çünki onlar bizim daxilimizi əsir edir. Həmişə kamala çatmağı fikirləşməliyik, nöqsanlı şeyləri deyil. Özümüzü elə hədəflərə tərəf yönəldək ki, ən ali hədəf olsun. Çünki hər bir müvəffəqiyyət və səadətin sirri - sağlam fikirdir”.
Fikri rahatlığa kömək edən şeylərdən biri də insanlara etimad edib, nikbin olmaqdır. Həyat meydanında olan bir insan üçün nikbinlik - bir növ təzminat və etimaddır. Bədbinliyin əksinə olaraq, insanın kamal və qüdrətini artırar. Heç bir şey nikbinlik kimi insana həyat çətinliklərinin altında ayağa qalxmağa kömək etməz. Hər kimdə bu xüsusiyyət vardırsa, onun köməyi ilə bütün ruhi çətinliklərinə qalib gələr. Simasından həmişə sevinc və şadlıq əskik olmaz. Həyatda başqalarının etimadını qazanmaq çox mühümdür. Bunun üçün də nikbin olmaq lazımdır. Etimad və ya etimadsızlıq cəmiyyətin inkişaf etməsinin və ya geridə qalmasının səbəblərindən biridir. İnsanların bir-birinə olan etimadı cəmiyyəti irəli aparar. Ancaq o cəmiyyətdə ki, sui-zənn olar, hər kəs bir-birinə şəkk və şübhə ilə yanaşarsa, həmin cəmiyyət heç bir zaman irəli getməz.
Alimlər deyirlər: “Nikbinlik - imanın zahiri formasıdır. İman və ümid olmayınca heç bir iş görmək olmaz”. Nikbin insan başqalarına qarşı hüsnü-zənn edər, onların rəftarlarını yaxşı tərəfə yozar.
İslamın nəzərində nikbinlik.
Müsəlmanlar bir-birlərinə qarşı nikbin olmalıdır. Din qardaşının əməlini yaxşı tərəfə yozmalıdır. Heç bir müsəlman əlində fakt olmadan qardaşının rəftarını mühakimə edə bilməz. Həzrət Əli (ə) buyurur: “İman qardaşının rəftarını yaxşı tərəfə yoz. O zamana qədər ki, bir düzgün ehtimala dair cümlə deyilmiş olsun. Ona qədər qardaşın haqqında pis gümanda olma”. Nikbinliyin səmərələrindən biri insanların dostluğunu və səmimiyyətini qazanmaqdır.
Həzrət Əli (ə) başqa yerdə belə buyurur: “Hər kim insanlara qarşı nikbin olar, onların məhəbbət və dostluğunu mükafat alar”.
Alimlərdən biri deyir: “Özünüzü məcbur edin ki, hər kimlə ki, əlaqə saxlayırsınız, onun ancaq yaxşı tərəflərini görəsiniz, əgər bu mövzuya beyninizdə yer ayırsanız, həyatınız çox rahat olar. Bu zaman hər kəs sizinlə dostluq rabitəsi quracaqdır”.
Nikbinlik və başqalarına etimad etmək - çirkin fikirli insanların düşüncəsini dəyişə bilər. Bu cür insanların əxlaqını dəyişməyə qadirdir. İmam Əli (ə) buyurur: “Etimad və hüsnü-zənn insanlara günahın və rəzilliyin ardınca getməkdən nicat verər”.
Alimlərdən biri deyir: “Əgər hoqqabaz adamla rastlaşmısansa, onu xeyrə dəvət etmək istəyirsinizsə, özünü elə apar ki, sanki ona etimad bəsləyirsən. Onunla şərafətli və möhtərəm bir insan kimi rəftar et. Həmin şəxs sizin bu etimadınıza o qədər inanacaqdır ki, həqiqətən buna layiqli olmaq üçün çalışacaqdır”.
Uşağınıza da etimad bəsləyin. Onunla elə rəftar edin ki, sanki heç bir səhv iş görmür. Yəni, keçmişdə etdiklərini yaddan çıxardın. İmam Əli (ə) buyurur: “Nikbinlik qəlbi rahat və dini sağlam edər”.
Müsəlmanların bir-birinə olan münasibəti elə olmalıdır ki, sui-zənn və bədbinlik cəmiyyətdə kök salmasın. Belə ki, İmam Əli (ə) tövsiyə edir ki, bir-birinizlə nikbin rəftar edin. Əgər başqaları sizə hüsnü-zənn edirlərsə, rəftarınızla onların bu nikbinliyinə ləkə vurmayın. İmam Əli (ə) buyurur: “Hər kəs qəlbində sənə qarşı nikbin olsa, məbada öz rəftarınla onun hüsnü-zənnini dəyişəsən və nikbinliyini ziyana çevirəsən”.
İmam Sadiq (ə) buyurur: “Bir möminin iman qardaşı üzərindəki haqqı odur ki, onu danışığında təsdiq etsin və inkar etməsin”.
Nikbinliyin yaranmasına səbəb olan amillərdən biri də imandır. Əgər insanlar kamil imana malikdirlərsə, mütləq bir-birinə etimad bəsləyərlər. İmansızlıq insanların arasında olan etimadı azaldar və hüsnü-zənni məhv edər. Yerini sui-zənn və bədgümanlıq tutar. Həqiqi mömin o kəsdir ki, qəlbi imanla, Allaha etimadla doludur. Zəiflik hiss edən zaman özündən ali bir qüdrətə söykənər. Çətinlikləri olan zaman Allahdan yardım istəyər. Bu da onun ruh və əxlaqına dərin təsir qoyar. Deyerler.org