Dilin gətirdiyi bəlalardan necə qorunaq?


Biz bəndəyik, ona görə də Allahın bizə verdiyi nemətləri gərək Onun rizası olan yollarda istifadə edək. Dil - Allahın insana verdiyi ən böyük nemətlərdəndir. Söhbət etmək və danışmaq qüdrətini Allah insan zehnində yerləşdirmişdir. Allah Təala bizə danışmağı təlim vermişdir. Ancaq bu nemətdən Allahın razılığı olan yerlərdə istifadə etməliyik. Ona görə Məsumlar (ə) belə dua edərdilər ki: “Allahım! Danışmaq qüdrətini vermisən, bu neməti Sənin rizan olan yerdə istifadə etmək tofiqini də bizə ver. Çünki Sən onun qarşısını ala bilərsən”. (Tebyan)

İmam Əli (ə) buyurur: “Möminlər o kəslərdir ki, söhbətləri Haqqın rizasının əleyhinə deyildir”.
İslamın əvvəllərində Peyğəmbər (s) o qədər dili hifz etməyi tövsiyə edirdi ki, səhabələri dillərinin altına kiçik daş qoyurdular. Söhbət edən zaman çətinlik çəkirdilər. Ona görə də söhbət etməmişdən qabaq fikirləşirdilər.
Allah Təala buyurur: “İzzətimə and olsun ki, sənə elə əzab verəcəyəm ki, heç bir mövcudatıma o cür əzab verməmişəm. Çünki sənin vasitənlə nə qədər haqsız qanlar töpkülmüşdür. Dilin iki zindanbanı vardır. (həbsxana gözətçisi). Birincisi dişlər və ikincisi isə dodaqlardır. Dilin sonsuz xeyir işlər görməyə imkanı olduğu kimi günah işlətəməyə də imkanı vardır”.
İmam Baqir (ə) buyurur: “Sənin dilin - hər bir xeyrin və hər bir şərin açarıdır. Ancaq onu həbs et, o yerdə ki, işinə yarayır və sənə nicat verə bilər, o zaman onu aç. Əks halda onu zindanda saxla”.
Dil yersiz bircə sözlə, böhtanla və ya bir yalan ilə 50 illik abır-həyanı apara bilər. Dil İlahi sözlərlə iki nəfəri islah edə bilər və müsəlmanın abrını hifz edə bilər. Möminin malını təhlükədən qurtara bilər. Bəli, budur böyük itaət. İnsanın bütün üzvləri şeytan üçün bir vasitədir, ancaq din alimləri dil haqqında belə deyirlər: “Dil, şeytanın insanı yolundan azdırması üçün böyük bir vasitədir”. Allaha iman bəsləmək, Qiyamətə inanmaq - dili həsənələrlə bəzəyər, günahdan pak qalmasına səbəb olar.
Mömin təqvası, Allaha imanı, Qiyamət gününə etiqadı ilə dilini çirkinliklərdən qoruyar. Çalışar ki, bu həssas üzvü daima Allah yolunda olsun. Allahın bəyəndiyi sözlərdən qeyrisini deməsin.
Süfyan ibni Abdullah nəql edir ki, Həzrət Peyğəmbərə (s) dedim: “Ey Allahın Rəsulu! Hansı şeydən daha çox qorxursan?”. Buyurdu: “Bundan”. Və mübarək dilini əli ilə tutdu”.
Əbu Səyid Xudri hədis nəql edir: “Adəm övladı səhər yuxudan duran zaman bütün üzvləri dilə baxıb deyərlər: Allaha and veririk ki, düz olasan. Əgər sən düz olsan, biz də düz olarıq, əgər sən əyri olsan, biz də əyri olarıq”. Bu hədisdən görmək olur ki, insanın nitqi onun bütün üzvlərinə təsir qoyur.
Həsan ibni Əbisənan bir tikilinin önündən keçən zaman özünə sual verir ki, bu təzə tikilini nə vaxt inşa ediblər? Sonra öz-özünə deyir ki, sənin nəyinə lazımdır ki, nə vaxt tikiblər. Niyə mənasız sual verirsən? Buna görə o, bir il cəza olaraq, oruc tutur.
Böyük alim olan Ayətullah Birucerdi bir gün fiqhi məsələ haqqında bəhs edən zaman şagirdlərindən birinə əsəbləşir. Ona kobud söz deyir. Dərsdən sonra onu çağırır və ondan üzr istəyir. Özü ilə Allah arasında peyman bağlayır ki, nəfsi cəzalandırmaq üçün bir il oruc tutacaqdır ki, bir də belə səhv etməsin.
Dili hifz etmək saleh əmələ səbəb olar. Beləliklə, yersiz danışmaz və heç kimin qeybətini etməz. Nəql edirlər ki, bir arifə deyirlər: “Filankəs sənin qeybətini etmişdir”. Alim ona bir boşqab xurma göndərir və deyir: “Eşitmişəm ki, yaxşı əməllərini mənə hədiyyə göndərmisən və mən də bunun əvəzini çıxmaq istədim”.
Əxlaq kitablarında dilin 20-yə qədər ziyanı haqqında danışılmışdır.
1. Dinləyən üçün faydası olmayan söz danışmaq.
2. Başqalarına əziyyət verəcək qədər çox danışmaq.
3. Batil söz danışmaq.
4. Mübahisə etmək.
5. Qarışıq danışmaq və dinləyən bir şey başa düşməsin.
6. Söyüş söymək və əxlaqsız sözlər danıışmaq.
7. İnsanları yersiz yerə lənətləmək.
8. Ğina.
9. yersiz zarafat.
10. İnsanları ələ salmaq və istehza etmək.
11. İnsanlar arasında düşmənçilik yaradacaq tərzdə danışmaq.
12. İnsanların sirrini açıqlamaq.
13. Yalan vəd vermək.
14. Yalan danışmaq.
15. Qeybət etmək.
16. Söz gəzdirmək.
17. İkimənalı danışmaq.
18. Yersiz tərif etmək və mədh etmək.
19. Yersiz sual vermək.
20. Böhtan atmaq.
Həzrət Peyğəmbər (s) buyurur: “Bəndənin imanı o zamanadək düzəlməz ki, qəlbi düzəlsin və qəlbi də o zamanadək düzəlməz ki, dili düzəlsin”.
İmam Səccad (ə) buyurur: “Dilin haqqı odur ki, onu çirkin danışmaqdan qoruyasan və yaxşılıqlara adət verəsən, yersiz çox söz danışmağı kənara qoyasan, insanlara yaxşılıq edib, onlar haqqında yaxşı danışasan”.
İmam Əli (ə) buyurur: “Dilin səni uzun və həlakətli zindana salmamışdan qabaq onu həbs et”.
Dilimizi günahdan saxlamaq üçün Allahı daha çox zikr edək və istiğfar edək. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter