İstİxarə nədİr?
Cavab: Əvvəla, istixarənin lüğət mənası Allahdan xeyir istəməkdir. Bütün varlıq aləmi hakimiyyəti altında olan, bütün mövcudların taleyini müəyyənləşdirən Allah Öz bəndəsini yaxşılığa yönəldə bilər.
İstixarə odur ki, insan bir işi görmək istədiyi vaxt son dərəcə diqqətlə görəcəyi işi götür-qoy etsin və səmimi qəlbdən Allahdan xeyirli yol istəsin. Yəni insan böyük bir iş görmək istədiyi vaxt həmin işin nəticəsi aydın olmursa, belə vaxtlarda Allahdan yardım diləməlidir. Bu sayaq Allahdan xeyir istənilməsi mötəbər rəvayətlərdə təsdiqlənmiş bir işdir. Belə bir istixarədə nə Qurana, nə də təsbehə ehtiyac var. İnsan daxili bir diqqətlə hər gün bu işi dəfələrlə görə bilər.
Rəvayətdə oxuyuruq: “Allah-təala ondan xeyir istəyən bütün bəndələrinə bu xeyiri yetirir.” İstixarə o demək deyil ki, insan istixarə vasitəsi ilə şübhəli vəziyyətdən qurtarsın. Əksinə, düşünülmüş bir işi gördükdən sonra Allahdan xeyir istənilməsi əsil istixarədir. Allahın yardımına səmimi qəlbdən ümid edən insan bir çox problemləri asanlıqla həll edə bilir.
İkincisi, bu gün xalq arasında başqa bir istixarə məşhurdur. Amma taleyini istixarəyə tapşıran adam aşağıdakı şərtləri nəzərə almalıdır:
1. Ağıl və düşüncənin yardımı: Allah-təala insanlara ağıl və düşüncə kimi bir nemət vermişdir. Ağıl bir çox hallarda xeyir və ziyanı təyin edə bilir. Belə hallarda təsbeh və ya Quranla istixarə etmək düzgün deyil.
2. Məlumatlı adamlarla məsləhət: İslam dini məsləhət-məşvərət məsələsinə böyük əhəmiyyət vermişdir. Məsləhət iman əlamətlərindən sayılır. Qurani-məcid buyurur: “İşlərini öz aralarında məsləhət-məşvərətlə görərlər...” Allah-təala Öz Peyğəmbərinə göstəriş verir ki, mühüm işlərdə yaxın adamları ilə məsləhətləşsin. Əgər insan çətinlik çəkdiyi sahədə mütəxəssislərlə məsləhətləşərsə, istixarəyə ehtiyac qalmaz.
Amma əgər bir məsələni ağıl və məsləhət yolu ilə həll etmək mümkün deyilsə, tərəddüddə olan insan öz narahatçılığını istixarə yolu ilə aradan qaldıra bilər. Quran və təsbehlə istixarənin ən böyük əhəmiyyəti insanın narahatlıqdan çıxmasıdır. Belə bir istixarədə insan Quran və ya təsbeh yolu ilə Allahın ona xeyir yolunu göstərməsini istəyir. Аrtıq bütün qapılar üzünə bağlanmış insan səmimi qəlbdən məsləhətli yolun göstərilməsini Allahdan diləyir. Əgər bu iş ciddi diqqət və ixlasla görülərsə, təsirli olar. Allahın bu yolla insana xeyir yolu göstərməsinin heç bir maneəsi yoxdur.
Təbii ki, istixarə etməyən adam da qarşısındakı iki yoldan birini seçməlidir. Bu sayaq tərəddüdlü hallarda insan səmimi qəlbdən Allaha üz tutaraq istixarə vasitəsi ilə ən xeyirli yolu təyin edə bilər.