RİYANI MÜALİCƏ ETMƏK ÜÇÜN NƏ TÖVSİYƏ OLUNUR?


Bir çoxlarımızın düçar olduğumuz əxlaq rəzilliklərindən biri - riyadır. Əks mənası - ixlasdır. Riya insanın yaxşı əməllərini məhv edər. Behiştə daxil olmaq üçün əməl xalis olmalıdır. Ona görə də o əməl ki, riya ilə bir yerdə olar, Allah tərəfindən qəbul olunmaz. (Tebyan)
Riyanın mənası budur ki, yaxşı və bəyənilmiş işləri insanların etibarını qazanmaq üçün nümayiş etdirəsən. Riyakarlıq həm zahirdə və həm də batində olar. Belə ki, əməlin zahiri İlahi və batini isə şeytani olar. Əlbəttə bu məsələdə ifrat və təfrit etmək olmaz. Cismi xəstəliklərdə əlamətləri müəyyən edib aradan qaldırmağa çalışdığımız kimi, bu əxlaq xəstəliyinin də nişanələrini tapmalıyıq. Bu nişanələr əgər bizdə olarsa, deməli əməlimiz riya ilə olur. Ancaq əgər bu nişanələr yoxdursa, deməli əməlimiz xalisdir. Bunun üçün hədisə müraciət edək:
Həzrət Peyğəmbər (s) buyurur: “Riyakarlığın əlaməti dörd şeydir: o zaman ki, yanında kimsə olar, çalışar İlahi əməlləri yerinə yetirsin, o zaman ki, tək qalar - bu əməlləri etməkdə tənbəllik edər. Bütün işlərini insanların mədh və tərifləməsini istəyər. Çalışar ki, zahirdə insanların nəzərində yaxşı cilvələnsin”.
Xülasə, insanların gözündə yaxşı görünmək üçün etdiyi hər bir əmələ riya nüfuz edər.

Bəs riya ilə necə mübarizə aparaq?
Riya ilə həm elmi və həm də əməli mübarizə aparmaq olar. Elmi mərhələdə gərək riyanın kökü tapılsın. Riyanın gətirə biləcəyi pis aqibətləri öyrənək və əməl mərhələsində onları tərk etməyə çalışaq.
Əgər bir insanda tövhid möhkəm olmazsa, insan zilləti, izzəti, ruzini Allaha tapşırmazsa, bu zaman insanların sorağına gedə bilər. Riya ilə dolu olan əməli ilə onların diqqətini cəlb etməyə çalışar. Ona görə də ilk əvvəl edə bilcəyimiz iş tövhid bağlarını möhkəmləndirməkdir. Əgər Quran təlimlərinə diqqət etsək görərik ki, hər şey Allahın əlindədir. Bu zaman özümüzü insanlara nümayiş etdirməz və riyadan əl çəkərik. Quran buyurur: “Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər”. (“Ali-İmran” 160).
Riyadan xilas olmağın yolarından biri də həmin yaxşı əməli gizli şəkildə yerinə yetirməkdir. O zaman ki, hansısa bir əməlin riyaya səbəb olacağını təxmin edirik, onda həmin əməli gizli şəkildə görməyə çalışaq. Get-gedə riyadan uzaqlaşar və gördüyümüz hər bir yaxşı işi ancaq Allah üçün etmiş olarıq.
Ola bilsin ki, riyanın bütün dörd nişanəsi də bizdə olmasın. Ancaq bəzən bir və ya iki nişanəsinə rast gələrik. Bu zaman təxirə salmadan özümüzü və nəfsimizi islah edib, tərbiyə etməyə çalışaq. Zahirdə etdiyimiz əməlin insanların deyil, Allahın razılığını qazanmasına səy edək. İnsanların yanında etdiyimiz bu xeyirli əməlləri insanlar olmayanda da edək.
İnsan bəzən camaat namazında da riyaya düçar olur. Ona görə də hər bir işdə olduğu kimi, namazda da niyyətimiz İlahi rizanı qazanmaq və Ona yaxınlaşmaq üçün olmalıdır. İnsanların nəzərini cəlb etmək və buna görə sevinmək - bu əməlin xalisliyini aradan aparar. Bu yol şeytanın yoludur və ona görə də diqqət etmək lazımdır.
/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter