İnsan öz etİqadını hansı yollarla gücləndİrə bİlər?


Müsəlman fərd əqidə əsasları və dini prinsiplərə inamını o qədər gücləndirməlidir ki, uyğun sahədə müxaliflər tərəfindən hücuma məruz qaldıqda müqavimət göstərib, qəti dəlillərlə əqidəsini müdafiə edə bilsin.
Söhbətin bu əsnasında dini inancları möhkəmləndirmək yollarından bəzilərini nəzərdən keçirsək münasib olar:

* Birinci yol varlıq aləmi və onda baş verən hadisələr haqqında dərindən düşünməkdir. İnsan öncə özünü tanımağa cəhd etməlidir. O öz zatında mövcud olan qüvvələri yetərincə tanımalı, öz mürəkkəb zahiri quruluşunu, yəni cismini nəzərdən keçirməli, ruhundakı tutumları, vicdan və fitrətini dəyərləndirməlidir. Bu halda insan rahatlıqla varlıq aləminin yaradıcısına inanır. Həzrət Peyğəmbər (s) uyğun mövzu ilə bağlı buyurur: \"Özünü tanıyan hər kəs, şübhəsiz, Rəbbini tanıyacaq.\" [\"Biharul-ənvar\", c.2, səh.32, hədis 22]

Qurani-məcid müxtəlif məqamlarda insanların varlıq nizamına diqqətinə xüsusi əhəmiyyət verir. Bir məqamda buyurulur: \"Məgər dəvənin quruluşuna baxmırlar ki, necə yaradılıb? Səmalar necə yüksəldilib, dağlar necə qərar verilib, yer necə açılıb və hamarlanıb?\" [\"Ğaşiyə\", ayə 17-20] Başqa bir məqamda buyurulur: \"Həqiqətən, yerin və göyün yaranışında möminlər üçün, sizin yaranışınızda və Allahın yer üzünə yaydığı canlıların yaranışında inananlar üçün, gecə-gündüzün gediş-gəlişində, onlar arasındakı fərqdə, Allahın səmadan nazil etdiyi və ölü torpağı diriltdiyi ruzidə (yağışda), küləklərin əsməsində düşüncə sahibləri üçün nişanələr var.\" [\"Casiyə\", ayə 3-5]

* İkinci yol varlıq aləmi və ondakı mövcudlar haqqında yazılmış müxtəlif kitabların mütaliəsidir. İnsan botanika, astronomiya, zoologiya kimi müxtəlif sahələrlə bağlı elmi kitabları mütaliə etməklə ətrafı ilə tanışlıq üçün faydalı məlumatlar əldə edə bilər. Uyğun mövcudlar və məxluqlar, hər bir varlığa hakim olan qanunlar barədə düşünməklə bütün bunları ərsəyə gətirmiş qeybi qüvvəyə inanmaq mümkündür.
Bu baxımdan etiqad əsasları mövzusunda yazılmış kitabların da mütaliəsi faydalıdır. Uyğun kitablarda əqidə əsaslarının sübutu üçün dəlillər göstərilir. Kəlam və fəlsəfə kitabları nümunə göstərilə bilər. Hər bir insan öz düşüncəsi tutumunda bu kitablardan faydalanıb üsulidin sahəsində öz inanclarını möhkəmləndirə bilər.

* Üçüncü yol etiqad əsasları sahəsində nəzər sahibi olan alimlər və mütəfəkkirlərlə üzbəüz söhbətdir. İnsan bu yolla öz etiqadındakı zəif nöqtələri müəyyənləşdirib onların islahı istiqamətində addım ata bilər.

* Dördüncü yol uyğun ehtiyacların aradan qaldırılması üçün Allahdan yardım və hidayət diləməkdir. İnsan Allahla daha artıq rabitədə olduqca ona daha da yaxınlaşır, onu daha yaxşı tanıyır və şübhələri aradan qalxır.

Məşuq aşiqinə salmasa nəzər,
Aşiqin səyləri gedəsi hədər.

İnsanın etiqadlarının güclənməsində və əbədi səadətində Allah zikrinin böyük təsiri var.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter