Quranda hansı qadınların adı çəkİlmİşdİr?


Quranın bir neçə ayəsində Allah Təala qadınlar haqqında danışır: Kövsər (Həzrət Zəhra (s.ə)), Həzrət Məryəm (ə), Fironun həyat yoldaşı, Səba mələkəsi, İbrahimin (ə) həyat yoldaşı, Misir əzizinin həyat yoldaşı, Lutun (ə) həyat yoldaşı, Nuhun (ə) həyat yoldaşı...
Hətta Quranda qadınlardan birinin adına surə də vardır - “Məryəm” surəsi. Allah “Təhrim” surəsinin son ayələrində dörd qadının adını çəkir. Onlardan ikisi kafir və ikisi də mömindir. Kafir kimi Lut (ə) və Nuh (ə) peyğəmbərlərin həyat yoldaşlarının adını çəkir. Mömin kimi isə Həzrət Məryəm (ə) və Fironun həyat yoldaşı Asyanın adını çəkir.
Allah Təala buyurur: “Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»”. ( “Təhrim” 10).
Bəli, bu qadınlar xəyanət etdilər. Xəyanət dedikdə yəni Allahla müxalifətlik nəzərdə tutulur. Əmanətin əksidir. Bu iki qadın İlahi peyğəmbər olan həyat yoldaşlarına xəyanət edirlər. Haqq yolunu azırlar. “(Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa (heç kəs) iman gətirməmişdi”. (“Hud” 40).
“(Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə, onların (əzablarının) vədə vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!” (“Hud” 81).
Bu iki qadının aqibəti çox dəhşətli olur. Onlara da başqaları kimi atəşə daxil olmaqları əmr edilir. Çünki Allaha və peyğəmbərinə xəyanətin nəticəsi budur. Hətta əgər peyğəmbərin ən yaxın adamı olsa belə.
Başqa bir tərəfdən Allah Təala buyurur: “Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!» Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun (səmavi) kitablarını (və Lövhi -Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi”. (“Təhrim” 11 və 12).
Baxmayaraq ki, Firon özünü Tanrı adlandırırdı, həyat yoldaşı həqiqi Allahı öz məbudu kimi seçmişdi. Allah da ona nicat verir və behiştinə daxil edir. Firon kimi bir həyat yoldaşı onun imanına bir zərər vura bilmir. Fironun həyat yoldaşı Asya binti Məzahim Musanın (ə) möcüzəsini müşahidə edəndən sonra qəlbinin dərinliyindən ona iman gətirir. Ancaq imanını gizli saxlayır. Firon onun imanından xəbərdar olandan sonra, onu bu dini tərk etməyə vadar edir. Ancaq Asya ərinə təslim olmur. Baxmayaraq ki, dünyanın bütün nemətləri qarşında hazır idi, onlara göz yumdu. Allaha yaxınlaşmağa çalışır. Allah da onun bu duasını yerinə yetirir: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!».
Nəhayət Asya Fironun əmri ilə dəhşətli şəkildə şəhid edilir. Hədislərdə oxuyuruq ki, ona əzab vermək üçün hazırlaşanda o, Allaha dua edir ki, cənnətdə onun üçün ev tiksin. Bu zaman şəhadətindən əvvəl behiştdəki evini görür. Bu zaman canı bədənindən ayrılır. Sonra böyük bir qayanı cəsədinin üzərinə atırlar. Möminlərin səadəti Allaha və Rəsuluna bəslədikləri xalis imana və itaətə görədir. Kafirlərlə olan qohumluq əlaqəsi onların axirətlərinə təsir etmir. Allah yanında tək meyar - təqvadır.
Allahın bu ayədə adını çəkdiyi dördüncü banu - Həzrət Məryəmdir (ə). Əllamə Təbatəbai “Əl-Mizan” kitabında yazır: “Məryəm (ə) haqqında görürük ki, (Quran) mübarək adı ilə izah edir. Ancaq Fironun həyat yoldaşı haqqında bu işi görmür. Qurani-Kərimdə Məryəmdən (ə) başqa heç bir qadının adı ilə surə yoxdur. Allah onun haqqında gözəl sözlər deyir və xüsusiyyətlərini sayır: paklıq, iffət, İlahi kəlamları təsdiq edən, Allaha itaət. Onu bu xüsusiyyətlərinə görə möminlər üçün misal çəkir”.
Həzrət Peyğəmbər (s) ən üstün qadınlar haqqında belə buyurur: “Behişt əhlinin ən üstün qadını Xuveyləndin qızı Xədicə (s.ə), Muhəmmədin (s) qızı Fatimə (s.ə), İmranın qızı Məryəm (ə), Məzahimin qızı Asyadır (ə)”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter