Quranda adı çəkİlən Zulqərneyn kİmdİr?


Quran ayələri Zülqərneynin peyğəmbər olmasına birbaşa işarə etmir. Baxmayaraq ki, bəzi ayələri bu mənanı verir, ancaq çox sayda hədisdə oxuyuruq ki, o, peyğəmbər olmamışdır.
Bəs niyə ona Zulqərneyn deyirdilər?
Bəziləri belə fikirləşir ki, o, iki əsrdə yaşamışdır. Bəziləri deyir ki, başında bir çıxıntı olduğu üçün onu belə adlandırırdılar. Bəziləri isə deyir ki, tacının iki şaxəsi var idi və ona görə də onu belə adlandırırdılar.
Quranda görmək olur ki, bu insan görkəmli şəxslərdən olmuşdur. Allah qələbə çalmaq üçün ixtiyarına hər şey vermişdi. O, ordusunun köməyi ilə əvvəl qərbə, sonra şərqə və sonra da dağlar arasına hücum etmişdir.
O, mömin və mehriban bir insan idi. O, ədalət yolundan çıxmazdı. Ona görə də Allahın xüsusi mərhəmətinə layiq görülmüşdü. O, yaxşı əməl sahiblərinin dostu və pis əməl sahiblərinin düşməni idi. Dünya sərvətinə əlaqəsi yox idi. Bu insanın Allaha və Qiyamətə imanı var idi. O, dünyanın ən mühüm və ən böyük kürpüsünün qurucusu olmuşdur.
Kərpic və daş yerinə burada dəmir və misdən istifadə etmişdir. Bu körpünü tikməkdə məqsədi məzlum insanlara Yəcuc və Məcuc qövmünün zülmündən nicat vermək olmuşdur.
Onun adı Quranda çəkilməmişdən qabaq adı insanların arasında məşhur idi. Ona görə də qureyş və ya yəhudilər Peyğəmbərdən(s) onun haqqında soruşurdular.
Yunanlı tarixçi Herodot yazır: “Zulqərneyn əmr edir ki, ancaq döyüşçülərə qılınc çəksinlər. O düşmən əsgər ki, öz nizəsini əyər, onu öldürməsinlər. Ordu onun bu əmrinə itaət edir və insan toplusu müharibənin müsibətini hiss etmir”.
Zinufən adlı başqa bir tarixçi isə yazır: “Zulqərneyn aqil və mehriban bir padşah idi. Alimlərin fəziləti onda cəm olmuşdu. Şüarı insanlığına xidmət idi və ədalətli bir şəxs idi. Təkəbbürün yerini təvazökarlıq almışdı”.
Quranda onun etdiyi üç səfər haqqında bəyan edilmişdir. Onun ilk hücumu Kiçik Asiyanın şimalında yerləşən Lidiya ölkəsi idi. Bu ölkə Zulqərneynin Qərbdəki mərkəzinə çevrilir. Quran buyurur: “Zulqərneyn qərbə səfəri zamanı hiss etdi ki, günəş gilə bulaşmış bulaqda aşağı enir”. Bu Zulqərneynin Xəlicdə müşahidə etdiyi həmin mənzərədir.
Onun ikinci yürüşü şərqə olmuşdur. Belə ki, Herodot yazır: “Onun bu hücumu Lidiyanı fəth edəndən sonra olmuşdu. Xüsusilə bəzi səhrada yaşayan vəhşi qəbilələr onu bu hücuma vadar etmişdi”.
Quran buyurur: “Nəhayət, günəşin çıxdığı yerə (yer üzünün şərqinin ən son yaşayış məntəqəsinə) çatanda, gördü ki, günəş, müqabilində onlar üçün heç bir örtük (paltar hazırlamaq, ağac əkmək, kölgəlik qurmaq və ya onların vasitələrini düzəltmək istedadı) vermədiyimiz bir qövmün üzərinə doğur”. (“Kəhf” 90).
Zulqərneynin üçüncü hücumu şimal tərəfdə olan Qafqaz dağları tərəfinə olmuşdur. O, iki dağ arasındakı dar boğaza çatır. Vəhşi qəbilənin hücumundan amanda olmaq üçün oradakı insanların təklifi ilə iki dağ arasına körpü çəkir. Bu dar boğaz indiyə qədər də mövcuddur və onu Dariyal boğazı adlandırırlar. O, burada dəmirdən körpü inşa edir. Quranın adını çəkdiyi körpü həmin bu körpüdür”
Bəziləri bu körpünün Çin körpüsü olduğunu söyləyir. Ancaq bu körpü dəmirdən və misdən olmadığına görə bu ehtimal düşür. Qafqaz alimlərinin verdiyi məlumata görə Xəzər dənizi ilə Qara dənizin arasında bir sıra dağlar mövcuddur. Bu dağlar şimalı cənubdan ayırır.
Bu dağlar arasında olan dar boğaz isə həmin Dariyal boğazıdır. Hal-hazırda da orada iki dağ arasından çəkilmiş qədim dəmir körpü vardır. Zulqərneynin o biri adı Kuruş idi. Maraqlısı budur ki, burada onun adını daşıyan bir çay da vardır. Sadəcə olaraq, yunan dilində “Saires” adlandığı üçün çayın adı belədir. Ancaq mənası Kuruş mənasını verir.
Tarixə nəzər salanda görmək olur ki, Zulqərneyn tanınmış şəxsiyyətlərdən olmuşdur. Tarixçilərin əsas bəhs mövzusu padşahlar və hakimlər olduğu üçün deyə bilərik ki, o, da padşah olmuşdur. Quran tarix kitabı olmadığı üçün tarixin verdiyi bütün xırdalıqları bəyan etməmişdir.
(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter