Özünü qorumalı olan İnsanın canından keçməsİ nəyə əsaslanır?
Cavab: Uyğun suala iki yolla cavab vermək olar:
1. İsar və fədakarlıq odur ki, insan bir işi əvəzsiz görsün. Əlbəttə ki, söhbət maddi mənafedən gedir.
Məsələn, yoxsulların acınacaqlı halını müşahidə edib, əziyyət çəkən bir şəxs təsəvvür edin. O, yoxsullara kömək etməklə şadlanır. Əgər onun özünü göstərmək, şöhrət qazanmaq məqsədi yoxdursa, etdiyi əməllər isar adlanır. Gördüyü işlər onun vicdanını rahatlaşdırsa da, ona heç bir qazanc vermədiyindən fədakarlıq sayılmalıdır.
Başqa sözlə, hansı əməlin fədakarlıq və isar olduğunu müəyyənləşdirmək üçün bu işə sövq edən amillər nəzərə alınmalıdır. O əməllər isar və fədakarlıq sayılır ki, həmin işlər zamanı hesab-kitab aparılmasın, işi görən şəxs heç bir maddi mənafe güdməsin, kimsə onu bu işə sövq etməsin, iş görən şəxs kimsədən “əhsən” gözləməsin.
Amma hansısa şəkildə maddi mənafe, ad-san güdülürsə, fədakarlıq, isar saymaq olmaz. Bu, sadəcə, bir alış-verişdir.
2. Bəzən iş elə bir həddə çatır ki, insan məşuqundan savay hər şeyi unudur. Belə məqamlarda hətta özünü də unudan insan, təbii ki, mənafeləri də yaddan çıxarır. Aşiq insan yalnız məhbubunun mənafelərini düşünür. Alış-veriş, ticarət, bank hesabı, bir sözlə, hər şey yaddan çıxır. İnsanda eşq elə bir həddə çata bilər ki, o, məhbuba xidməti dünyanın ən böyük ləzzəti sayar. Axı özünü unutmuş adam hansı mənafe barədə düşünə bilər?! Belə aşiq üçün son mərhələ fəna mərhələsidir. Fəna mərhələsində artıq insan öz varlığını unudur.
Bir çox övliyalarımız Allahın hüzurunda belə bir hal tapmışlar. Onlar Allaha eşq səbəbindən ona sitayiş etmiş, Onun yolunda isar və fədakarlıq göstərmişlər.
Əmirəlmöminin Əli (ə) buyurur: “Pərvərdigara! Mən sənə nə cəhənnəm qorxusundan, nə behişt tamahından ibadət edirəm. Sənə pərəstişimin səbəbi budur ki, səni ibadətimə layiq bilirəm.” Bəli, öz məşuqu qarşısında Əli (ə) fəna olurdu. Və özünü elə bir həddə unudurdu ki, hətta ayağında qalmış oxun çıxarılmasını da hiss etmirdi. Belə bir insan Allaha ibadət edərkən heç bir fayda gözləyə bilməz. Çünki o yalnız Allahı görür, yalnız Allah üçün çalışır.