Hansı mələk İmam Əli (ə) İlə Həzrət Fatİmənİn (s.ə) nİkahını oxudu?


Zilhiccə ayının 1-i - Həzrət Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) evlilik günüdür. Belə bir evlıilik tarix boyu heç görünməmişdir. Möminlər rəhbəri dünyanın ən üstün və ən iffətli xanımı ilə ailə qururdu. Allah öz ən üstün Rəsulunu (s) bu nikaha şahid tutmuşdu. (Farsnyus)
Bu evlilyin bərəkəti Günəşin şüalarından da çoxdur. Bu evliliyin adı və sanı tarixdə həmişə qalmış və qalacaqdır. İmam Rzanın (ə) dilindən bu evlilik macərasına bir nəzər salaq.
İmam (ə) buyurur: “Atam öz atası Cəfər ibni Muhəmməddən (ə) və o, da öz atasından nəql edir ki, buyurub: “İmam Əli (ə) buyurub: “Evlənməyi qərara almışdım, ancaq bu mövzunu Həzrət Rəsula (s) deməyə cürət etmirdim. Bu mövzu bir müddət gecə və gündüz zehnimdə idi. O zamana qədər ki, bir gün Peyğəmbərin (s) yanına gəldim və Həzrət (s) mənə buyurdu: “Ey Əli!”. Dedim: “Buyurun, ey Allahın Rəsulu!”. Buyurdu: “Evlənmək üçün meylin vardırmı?”. Dedim: “Allahın Rəsulu daha yaxşı bilir”. Güman edirdim ki, Həzrət Qureyşin qadınlarından birini mənimlə evləndirəcəkdir. Mən Həzrət Fatimə (s.ə) ilə evlilik fürsətini əldən verdiyim üçün nigaran idim və bilmədim ki, nə oldu Həzrət (s) məni çağırdı. O zaman ki, mənə nəzər saldı, siması nur saçırdı və təbəssüm etdi. Belə ki, ağ dişlərini gördüm. Həzrət (s) mənə buyurdu: “Ey Əli! Müjdə olsun! Mənim fikrimi məşğul edən sənin evlilik məsələni Allah öhdəsinə götürmüşdür”. Soruşdum: “Məsələ nədir, ya Rəsulallah?”. Həzrət (s) buyurdu: “Cəbrayil (ə) behişt qərənfili və sünbülçiçəyi ilə yanıma gəldi. Onu mənə verdi və mən o ikisini aldım və iylədim. Dedim: “Ey Cəbrayil! Bu sünbülçiçəyi ilə qərənfili niyə gətirmisən?”.
O, dedi: “Allah Təala behişt sakini olan mələklərə və başqa sakinlərə buyurub ki, bütün behiştin ağaclarını, çaylarını, meyvə və qəsrlərini çiçəklə bəzəsinlər. Behişt küləyinə də əmr etmişdir ki, müxtəlif iylərlə ətir yaysın. Hurileynə əmr etmişdir ki, “Taha”, “Şuəra”, “Nəml” surələrini və Ta, Sin, Mim ilə başlayan surələri oxusunlar. Carcılardan birinə əmr edir ki, belə bir nida versinlər: “Ey, Mənim mələklərim və ey, Mənim behişt sakinlərim! Şahid olun ki, Muhəmmədin (s) qızı Fatimə (s.ə) ilə Əli ibni Əbitalibin (ə) nikahını bağlamışam. Bu işə razı və xoşhalam. Bu ikisi bir-birindəndir”.
Sonra Allah bəlağətinə görə heç bir mələyin ona çata bilmədiyi Rahil adlı mələyə əmr edir ki, xütbə desin. O, xütbə oxudu və səma və yer əhli belə bir xütbə deməmişdi. Sonra bir carçıya əmr edir ki, bu nidanı versin: “Ey Mənim mələklərim və ey Mənim behişt sakinlərim! Muhəmmədin (s) həbibi Əli ibni Əbitalibə (ə) və Muhəmmədin (s) qızı Fatiməyə (s.ə) təbrik deyin. Mən onlar üçün xeyir və bərəkət qərar vermişəm”.
Rahil deyir: “Sənin o ikisi üçün qərar verdiyin bərəkət bizim behiştdə müşahidə etdiklərimizdən çoxdur, yoxsa yox?”. Allah buyurur: “Ey Rahil! Mənim o ikisinə bərəkətim o cümlədən odur ki, onları Öz məhəbbətimdə həmrah edirəm. Öz insanları üzərində hüccət qərar verirəm. İzzət və Cəlalıma and olsun ki, o ikisindən elə bir nəsil meydana gələcəkdir ki, yer üzündə Öz xəzinədar və hikmət mədəni qərar verəcəyəm. Peyğəmbərlərdən sonra onları insanlara hüccət qərar verdim”.
Ona görə Əli, müjdə olsun! Mən də Rəhman Allah kimi qızım Fatiməni (s.ə) səninlə evləndirdim. O şeyi ki, Allah onun üçün bəyənir, mən də bəyənirəm. İndi həyat yoldaşının əlindən tut ki, sən məndən buna daha layiqlisən. Cəbrayil (ə) mənə xəbər verdi ki, behişt və onun əhli siz iki nəfərin müştaqıdır. Əgər Allah Təala sizin nəsildən xəlqə hüccət seçməyi istəməsəydi, behiştin və behişt əhlinin siz ikinizlə bağlı istəyini yerinə yetirərdi. Ona görə də sən necə də yaxşı qardaş və necə də yaxşı kürəkənsən. Allahın razılığı sənin üçün kifayətdir. Hər kəsin razılığından daha yaxşıdır.
İmam Əli (ə) buyurur: “Pərvərdigara! Mənə verdiyin nemətə görə şükür etmək tofiqini əta et!”. Həzrət Rəsul (s) da amin deyir””.
/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter