QİYAMƏT GÜNÜ AZYAŞLI UŞAQLAR VƏ DƏLİLƏR HESABA ÇƏKİLƏCƏKMİ?
İlk növbədə bunu bilmək lazımdır ki, dini vacibatları yerinə yetirmək üçün insan ağla və həddi-büluğa malik olmalıdır. O zaman ki, insanın üzərində vacibatları olmaz - o, hesaba çəkilməz və savab və cəza almaz.
Rəhmətlik İmam (r) bu cür insanlar haqqında buyurur: \"Onlar dərk səviyyəsinə görə heyvan kimidirlər. Ona görə də saədət və bədbəxtli onlar üçün məna kəsb etmir. Bəlkə ancaq heyvani hissləri feliyyətə keçər, baxmayaraq ki, heyvanlardan üstündürlər. Onlar \"İsra” surəsinin 15-ci ayəsinə görə cəhənnəmlik olmazlar. Həqiqətdə demək olar ki, heyvanların bərzəx aləmindəki səadətinə çatarlar, ağıllıların səadətinə deyil”.
Hər bir insan öz istedadlarına görə başqalarından fərqlənir. Əgər bütün insanların eyni istedada malik olmaqları qərara alınsaydı, gözəlliklər və çirkinliklər nümayiş olmazdı.
İnsanların istedadlarına görə bir-birindən fərqlənməsinin üç amili vardır:
1. Genetik amil.
2. Mühit amili.
3. İnsanın səy və çalışması.
Bu, həmin İlahi hikmətdir.
İnsan əgər öz istedadından az bəhrələnərsə, dünya və axirətdə ondan az şeylər gözlənilər. Bu, İlahi ədalətə uyğundur.
Hədislərdə oxuyuruq ki, Allah Təala cahilin 70 günahını bağışladığı halda alimin bir günahını bağışlamaz. O kəs ki, xəstə və gücsüzdür, Allah ondan oruc və həcci gözləməz.
Hədislərin birində oxuyuruq: \"Allah Təala ağla buyurur: Həqiqətən Mənim əmr və nəhyim səninlədir, cəzam və savabım da sənin hesabınadır”.
Qiyamət günü azyaşlı uşaqların və dəlilərin hesaba çəkilməsi haqqında çox sayda hədis vardır. Onların əksəriyyətinin məzmunu belədir ki, Qiyamət günü möminlərin uşaqları Pərvərdigarın lütf və inayəti ilə onlara qoşular və behiştə yollanarlar. \"(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə - azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır)”. (\"Tur” 21).
Bu ayədən göründüyü kimi, möminlərin uşaqları da onlarla bir yerdə behiştə daxil olacaqlar.
Bərzəx aləmində imanlı insanların uşaqlarını Allah himayə edəcək. Bəzi hədislərə görə onlara bəzi peyğəmbərlər (ə) baxarlar. Ancaq kafirlərin uşaqları haqqında fərqli fikirlər vardır. Ancaq aydın olan bu məsələdir ki, onlar əzab çəkməyəcəklər. Belə ki, bu ayə buyurur: \"Heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür”. (\"Ənam” 164).
Ata və ya analarının günah yükü onların üzərində deyildir. Bəzi hədislərə görə kafirlərin uşaqları Qiyamət günü imtahana çəkiləcəklər. Əgər bu imtahandan başıuca çıxsalar, xoşbəxt olar. Ancaq əgər Allaha itaətsizlik edərsə, cəhənnəm əhlindən olar.
Dəlilər də azyaşlı uşaqların hökmündə gedir. Onlar da azyaşlı uşaqlar kimi Qiyamət günü əzab görməyəcəklər. Bəzi alimlərin nəzərinə görə, onlar behiştə gedəcəklər.
Mühüm budur ki, Allah Təala Qiyamət günü hər kəsin ləyaqəti olan şeyi ona verər. O, da verilən bu imkanlara razı olar. Allah o günü heç kimə zülm etməz.
(Tebyan/ Deyerler.org)