Nə edək kİ, övladımız əməlİsaleh olsun?
Uşaqlarımızın ilk tərbiyə aldığı məktəb - ailə məktəbidir. Bizim ilk müəllimimiz isə ata və anamızdır. Bu məktəbdə valideynlərin agahlığı və ya nadanlığı nəticəsində istedadlar üzə çıxar və yaxud da, əksinə - bəzi qabiliyyətlər viran olar. Valideyn o zaman yaxşı müəllim sayılar ki, övladına şərafət və fəzilət dərsi verər. Onları dini təlimlər əsasında böyüdər və yetişdirər. Valideyn gərək bu həqiqəti dərk etsin ki, ata və ana olmaq – övladı dünyaya gətirməklə bitmir. Çünki bu işi heyvanlar da görə bilir. Valideyn o zaman ata və ana olmağa layiq olar ki, öz övladını düzgün tərbiyə edər.
İmam Əli (ə) övladın haqqı barəsində buyurur: “Övladın atası üzərində haqqı vardır. Atanın da övladı üzərində haqqı vardır. Atanın övladı üzərindəki haqqı odur ki, övladı Sübhan Allaha itaətsizlikdən başqa hər bir işdə onun əmrini yerinə yetirsin. Övladın atası üzərindəki haqqı budur ki, ona yaxşı ad qoysun, yaxşı ədəb öyrətsin və Quran təlimi versin”.
Valideyn və ailə ocağı - övladlar üçün ictimai fəsad qarşısındakı səngərdir. Bu səngər onların fəsaddan uzaq olaraq, istedadlarının çiçəklənməsinə səbəb olar. Ancaq əgər bu səngər zəif olarsa, övladları təhlükəyə məruz qalarlar.Cəmiyyətdə çox sayda müvəffəqiyyət qazanan insanlarla rastlaşırıq. Onları araşdıran zaman aydın olur ki, ailəsi ona yaxşı tərbiyə vermişdir.
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Gördüm ki, illərimi geridə qoymuşam. Bu vəsiyyətlə səni qabaqlayıram. Orada bir neçə xüsusiyyət sayıram. Ölüm gəlməmişdən qabaq və məni tapmamışdan qabaq o şey ki, düşüncələrimdə var, sənə deyilməmiş qalmasın. Nəsihətdən əvvəl bəzi nəfsani istəklər sənə qalib gələr. Ya dünyanın aldadıcıları səni aldadar. Ona görə də qaçan və itaətsizlik edən dəvə kimi olarsan”.
Ailənin ən həssas vəzifələrindən biri - düzgün tərbiyədir. Çünki övladlar - valideynlərə verilmiş İlahi əmanət və ən böyük nemətlərdir. Ailəyə sevinc və şənlik gətirər. Valideynin Allaha bu nemətə görə edə biləcəyi ən böyük şükrü - onu düzgün tərbiyə etməsidir. Əks halda Allah bu vəzifəni Öz üzərinə götürərdi. Valideynin övladına etdiyi ən böyük xidmət - mal yardımı deyil, bəlkə onu tərbiyə etmək və İlahi qabiliyyətlərini üzə çıxartmaqdır.
İmam (ə) buyurur: “Ataların övladına irs qoyub getdiyi ən yaxşı şey - ədəbdir”. Övladlar valideynin bir parçasıdır. Ona görə də heç bir valideyn həyatının ən böyük səmərəsi olan övladına qarşı laqeyd ola bilməz.
İmam (ə) buyurur: “Səni görürəm ki, mənim parçamsan. Əgər sənə zərər dəysə, mənə dəymiş olar. Əgər ölümün tez gəlsə, həyat köklərimi kəsmiş olar”.
Həzrət (ə) başqa yerdə buyurur: “Övladın sənin üzərindəki haqqı budur ki, bilməlisən o, səndən əmələ gəlmişdir. Həyatın yaxşılıq və pisliklərində sənə bağlıdır. Bil ki, ona rəhbərlik etməkdə, düzgün tərbiyə və ədəb verməkdə məsuliyyətlisən. Onu Böyük Allaha hidayət et, Haqqın əmrlərinə itaət etməkdə ona yardım et”.
O kəslər ki, vəzifəsini yerinə yetirməkdə səhlənkarlıq edər, övladının inkişaf etməsinə yardım etməz - günah etmiş olar və Allah qarşısında cavab verməli olarlar.
Quran buyurur: “O gün insan qaçar öz qardaşından; Anasından və atasından; Zövcəsindən və oğullarından”. (“Əbəsə” 34-36).
Qiyamət günü pərdələr kənara çəkilən zaman gizlilər aşkar olacaqdır. Bir müsəlman ilk növbədə gələcək həyat yoldaşını seçən zaman diqqətli olmalıdır. Çünki gələcəkdə ana olan zaman övladına düzgün tərbiyə verə bilsin. Ana da hamiləlik dövründən başlayaraq, övladını tərbiyə etməyə çalışmalıdır. Bu yolda İlahi təlimləri yerinə yetirməlidir. Övladına qarşı diqqətcil olmalı və ona sevgi ilə yanaşmalıdır. Onlara öz həyat təcrübələrini və İlahi əhkamları aşılamalıdır. Tənbəllik və süstlükdən uzaq olmağı öyrətməlidir. Ailədə olan hər bir kəs üzərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirsə, cəmiyyətə təhvil verdiyi ailə məhsulu da daha ədəbli, imanlı və saleh olar.
\"Dəyərlər\"