ŞEYTANIN İNSANA HƏMLƏ ETDİYİ 4 TƏRƏF NƏ MƏNA DAŞIYIR?


“Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir”. (“Bəqərə” 168).
Şeytan insanın yolunda olan bir maneədən çox, onu kamala çatdıra biləcək bir qüvvədir. Belə ki, əgər şeytan olmasaydı, İlahi imtahan da olmazdı. Yaxşı ilə pisi bir-birindən ayırmaq da olmazdı.
Ayətullah Cavad Amuli buyurur: “Şeytan yalançı müəllim və ya əl itidir ki, ixtiyar və qüdrəti Həzrət Haqqın əlindədir. Onun düşmənçiliyi Həzrət Adəmin (ə) xilqəti ilə eyni zamanda başlamışdır. Hələ də davam edir. Bu çirkin düşmən bizim ətrafımızda fırlanır və bizi güdür. Zəif yerimizi tapan kimi ondan istifadə edir və sonra dalbadal öz zərbələrini endirir”.
Maraqlısı budur ki, bizlərin bir çoxu şeytandan qafilik və onun hiyləsindən xəbərimiz yoxdur. O, fikir yolu ilə bizim qəlbimizə nüfuz edər və sonra da bütün bədən üzvlərimizi öz xidmətinə gətirər. Rəhbərliyi ələ alar.
Şeytan bəzən bizim təfəkkürümüzə, hisslərimizə hakim olur. O, əl və ayaqlarımızı tutub günaha tərəf aparmır. Bəlkə bizim fikirlərimizə öz alçaq vəsvəsələrini təlqin edir və günaha gözəl libas geyindirir.
“O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”. (“Bəqərə” 169).

Şeytan batili elə bəzəyir ki, bizim üçün haqq kimi görünür. Həmçinin də əksinə. Haqqı elə gözümüzdən salır ki, onu batil kimi görməyə başlayırıq.
“Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam»”. (“Əraf” 16).
“Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam». «Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla»”. (“Hicr” 39-40).

Quran buyurur ki, şeytan dörd tərəfdən insana hücum edər və onu vəsvəsə etməyə başlayar. «Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükür edən görməyəcəksən». (“Əraf” 17).

Qarşıdan gələr, yəni sənin sorağına gələn gələcək hadisələrdir. İstər insanın xoşuna gələn hadisələr olsun, istərsə də xoşlamadığı. Hər ikisi insan üçün tələ ola bilər. O qədər olub ki, arzular insanı günaha düçar etmişdir. Arxadan gələr, yəni övladları və nəsli nəzərdə tutulur. İnsan belə zənn edir ki, bu dünyada qalıcı olması övladlarından asılıdır. Öz sevinci də onların sevincindən asılıdır. Ona görə də onlara xatir haram mal toplamağa başlayır və özünü cəhənnəmlik edir.
Sağ tərəfdən gələr, yəni insanın yaxşı tərəfləri nəzərdə tutulur. Məsələn insan dindardır, şeytan ona görə də din yolundan onu vəsvəsə edər. Onu elə işlərə məcbur edər ki, Allah heç onları buyurmamışdır.
Sol tərəfdən gələr, yəni dinsizlik nəzərdə tutulur. Şeytan ola bilsin ki, qəzəb və şəhvət yollarından daxil olsun. Bu yolla onu süqut etdirsin.

Beləliklə, şeytanın hiylə və məkrinə hər an hazır olmalıyıq. Çünki onun hədəfi biz insanları yolundan azdırmaq və insanlıqdan çıxartmaqdır.
(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter