Peyğəmbərİn merac səfərİnİn elmİ İzahı varmı?
Cavab: Peyğəmbərin merac hadisəsi haqqında az adamlar eşitməmiş olar. Əksər insanlar bu hadisənin necə baş verməsi ilə maraqlanırlar. Kimi qaneedici cavab tapır, kiminin sualları cavabsız qalır. Bəziləri də bu hadisəni xürafat hesab edirlər. Kimi də susaraq, şübhəli halda bu əhvalatı dinləyir. Bu mövzuda bir neçə sualla müraciət edirik:
1. Bu hadisə haqqında yalnız qeyri-mötəbər rəvayətlərdə xəbər verilir, yoxsa Quran və səhih rəvayətlər də belə bir hadisənin baş verməsini təsdiqləyir?
2. Əgər etibarlı mənbələr bu hadisənin baş verməsini təsdiqləyirsə, İslam Peyğəmbəri cismən meraca getmişdir, yoxsa bu hadisə yuxuda baş vermişdir?
3. Həmin dövrdə fəzaya qalxmaq üçün heç bir vasitə olmamışdırsa, həzrət Peyğəmbər merac səfərini necə həyata keçirmişdir? Əgər qəbul etsək ki, belə bir səfər doğrudan da, baş tutmuşdur, onda irad edilə bilər ki, belə bir səfər üçün çox böyük bir zaman fasiləsi lazım idi. Fəzaya doğru belə bir səfər üçün insan ömrü bəs edərmi?
4. Belə bir səfər hansı zərurətdən doğmuşdur?
Cavab: 1. “İsra” surəsinin ilk ayəsində belə oxuyuruq: “Bəzi ayətlərimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da eşidən və biləndir.” Bu ayədə merac hadisəsinin müqəddiməsinə, yəni Məkkədən Beytül-müqəddəsə hərəkətə işarə olunur. Ayədən məlum olur ki, uyğun səfər Məscidül-həramdan (Məkkədən) başlamışdır. Cəmi bir gecə çəkmiş bu səfərin məqsədi Allah əzəmətinin müşahidəsi olmuşdur. Ayədən belə görünür ki, cərəyan yuxuda yox, aşkarda baş vermişdir.
Ayənin ərəbi mətninin “sübhan” kəlməsi ilə başlaması mövzunun əhəmiyyətini göstərir. Çünki yuxu bir o qədər də əhəmiyyətli məsələ deyil ki, onun zikri uyğun təbirlə başlana.
2. “Nəcm” surəsinin 13-18-ci ayələrində buyurulur: “And olsun ki, (Peyğəmbər (s) Cəbrəili) başqa bir dəfə də görmüşdü, Sidrətül-Müntəhanın yanında. Məva cənnəti də onun yanındadır; o zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə yayındı, nə də uzağa getdi; And olsun ki, öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü.” Ayələrdə merac kəlməsi işlədilməsə də, əhvalatların merac səfəri zamanı baş verdiyi şübhə doğurmur. Əbədi behiştdə baş verən görüşlərin məhz merac səfərində gerçəkləşdiyini bütün şiə və sünni təfsirçiləri təsdiqləyirlər.
Uyğun ayələrdən görünür ki, hadisə oyaq vaxtı baş vermişdir. “Göz nə yayındı, nə də uzağa getdi” ayəsi deyilənləri bir daha təsdiqləyir. “Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü.” ayəsi də merac səfərinin aşkar şəkildə baş verməsinə növbəti dəlildir. Bir sözlə, Qurani-kərimdə merac mövzusu yetərincə işıqlandırılmışdır.
Bəs hədislərdə bu barədə nə deyilir? İslam alimləri tərəfindən tərtib olunmuş müxtəlif təfsir və hədis kitablarında merac hadisəsinin bütün müsəlmanların əqidəsi olduğu bəyan olunur. Əlbəttə ki, ayrı-ayrı qruplar arasında müəyyən baxış fərqləri də vardır.
Amma əksər İslam alimləri merac hadisəsində nəql olunmuş hədislərin mütəvatir, yetərli sayda, məşhur olduğunu təsdiqləyirlər. Bəzi alimlərin fikirləri ilə tanış olaq:
1. Böyük şiə alimi şeyx Tusi öz təfsirində uyğun ayə haqqında deyir: “Şiə alimləri inanırlar ki, Allah-təala öz Peyğəmbərini Məkkədən Beytül-müqəddəsə apardığı vaxt onu səmaya qaldırdı, öz əzəmət nişanələrini ona göstərdi. Bu hadisə yuxuda yox, ayıq vaxtı baş verdi.” Təfsirin “Nəcm” surəsinin uyğun altı ayəsi haqqındakı qeydlərində merac səfərinin ikinci hissəsi, yəni səmaya səfər haqqında məlumat verilir.
2. Böyük təfsirçi mərhum Təbərsi “Məcməul-bəyan” təfsirində “Nəcm” surəsinin uyğun ayələri haqqında belə buyurur: “Etibarlı mənbələrimizdə bildirilən budur ki, Allah Öz Peyğəmbərini cismi ilə, oyaq vaxtı səmaya qaldırdı. Əksər təfsirçilər bu əqidədədirlər.”
3. Mühəddis Əllamə Məclisi “Biharul-ənvar” kitabının altıncı cildində yazır: “İslam Peyğəmbərinin Məscidül-həramdan Beytül-müqəddəsə və oradan da səmaya səfərini Quran ayələri və şiə və sünnilərin mütəvatir hədisləri təsdiqləyir. Yalnız məsum imamların buyuruqlarından xəbərsiz olanlar bu səfərin ruhani bir səfər olması haqqında danışırlar...” Sonra əlavə olunur: “Əgər bu hadisə haqqında məlumatları toplamaq istəsək, böyük bir kitab alınar.”
Sonra alim uyğun mövzu ilə bağlı yüzdən çox hədis nəql edir. Bu hədislərin böyük hissəsi mötəbər şiə kitabı “Kafi”dən nəql edilmişdir.
Sünni hədis alimləri və təfsirçiləri də merac hadisəsini məşhur bir hadisə kimi tanıyır, “İsra” və “Nəcm” surələrinin təfsirində merac hadisəsini təsdiqləyirlər.
“Məcməul-bəyan” kitabında deyilir: “Merac mövzusu ilə bağlı hədislər dörd qrupdur:
1. Mütəvatir hökmündə olan rəvayətlər;
2. Əqli və nəqli baxımdan şübhə doğurmayan hədislər;
3. Bir qədər əsassız olan rəvayətlər;
4. Merac səfərini məntiqsiz şəkildə bəyan edən rəvayətlər.
Həqiqi İslam alimləri merac səfərinin şişirdilmiş şəkildə təqdim olmasına tərəfdar deyillər. Heç bir tarixi məlumat məsuliyyətsiz insanlardan amanda olmadığı kimi, merac hadisəsi haqqında da məntiqsiz sözlər danışılmışdır. Ağıl və məntiqə, tarixi məlumatlara əsaslanaraq, uydurma hədislərin aradan götürülməsi zəruridir.
Bəs merac səfəri elmi cəhətdən necə izah olunur?
Bu mövzunu aydınlaşdırmaq üçün bir neçə sualı cavablandırmağa çalışaq:
1. Ümumiyyətlə, merac, yəni səmaya səfər elmi baxımdan mümkündürmü?
2. Əgər belə bir iş olmuşdursa, hansı vasitələrlə olmuşdur?
Birinci sual elmi baxımdan yetərincə cavablandırıla bilər. Çünki artıq fəza təcrübi şəkildə öyrənilir və neçə illərdir ki, atmosferə səfərlər həyata keçirilir. İnsanın fəzaya qalxması bir zaman şübhəli görünə bilərdi. Hətta bəzi keçmiş alimlər fəzaya səfəri atmosfer üçün təhlükəli sayırdılar. Bu gün isə fəza səfərləri kimsədə təəccüb doğurmur.
Artıq sərnişinli və sərnişinsiz peyklər atmosferi dələrək kosmosa çıxır. Veneraya qədər gedən peyklər vardır. Kosmosun bugünki fəthi varlıq aləmi ilə müqayisədə kiçik bir iş görünsə də, artıq belə bir səfərlər mümkünsüz sayılmır. Bir işin mümkün sayılması üçün ən yaxşı dəlil onun baş verməsidir.
İkinci sualın cavabında etiraf etməliyik ki, kosmos səfərlərinin hansısa texniki vasitəyə ehtiyacı var. Kosmosa çıxmaq üçün atmosfer qatını dəlmək lazım gəlir. Bu isə hansısa texniki vasitələrlə həyata keçirilir. Kosmosa çıxan şəxs əvvəlla cazibə qüvvəsini dəf etməlidir. Cazibə qüvvəsindən çıxmaq üçün isə ən azı saatda 40 min kilometr sürətə malik olan minik lazımdır. İkinci maneə yer kürəsini əhatə etmiş atmosfer qatıdır. Atmosferin yalnız yerə yaxın olan hissəsində nəfəs almaq mümkündür. Pərakəndə oksigen qatını keçdikdən sonra oksigen azlığı insanı boğmağa başlayır. Təcrübədə sübut olunmuşdur ki, yerdən 15 km. yüksəkliyə qalxmış insan bir neçə saniyə ərzində huşunu itirir. Buna görə də hava nəqliyyat vasitələrində sərnişinlər üçün ehtiyat oksigen götürülür.
Digər bir maneə atmosferdəki yandırıcı istilikdir. Yuxarı qatlarda cismin günəş düşməyən hissəsi soyuqdan donur, günəş şüaları düşən hissəsinin hərarəti isə olduqca yüksəyə qalxır.
Başqa təhlükəli bir maneə günəşin ultrabənövşəyi şüalarıdır. Bu şüalar insan orqanizminə öldürücü təsir göstərir.
Fəzada xaotik hərəkətdə olan meteor və meteoritlər də hərəkətə böyük maneçilik törədir. Belə səma cismi ilə toqquşma böyük fəlakətlə nəticələnir. Belə maneələrdən qorunmaq üçün xüsusi avadanlıqlara ehtiyac duyulur.
Digər bir maneə isə çəkisizlikdir. İnsan yerdən uzaqlaşdıqca onun çəkisi azalır. Çünki çəkini yaradan yerin cazibə qüvvəsidir. Sadəcə, yerin cazibə dairəsindən çıxdıqdan sonra insan çəkisizlik şəraitinə düşür. Fəzada olan müsafir öz ağırlığını hiss etmir. Sürət özü də çəkini azaldan amillərdəndir. Çəkisizlik kosmonavtlar üçün adi bir hal olsa da, adi insanlar bu vəziyyətə tab gətirə bilmirlər. Ona görə də fəza səfərinə çıxmazdan qabaq ciddi şəkildə hazırlaşmaq lazım gəlir.
Fəza səfərinə çıxmış insanın qarşılaşacağı maneələri sadaladıq. Amma bu maneələr səfəri mümkünsüz etmir. Hansısa vasitələrlə həmin maneələri aradan qaldırmaq olar. Əsrimizdə həmin maneələri ötüb keçə bilən cihazlar mövcuddur. Əlbəttə ki, daha mükəmməl cihazlar hazırlana bilər.
İndi isə merac səfərinə qayıdaq. Bilməliyik ki, həzrət Peyğəmbər (s) bu fəza səfərini adi bəşəri bir qüvvə ilə başa vurmamışdır. Həzrət, heç şübhəsiz qeybi qüvvələrin yardımı ilə uyğun məsafəni qət edə bilmişdir. Əlbəttə ki, Allahın sonsuz qüdrətinə inanan allahpərəst bir şəxs deyilənlərə təəccüb etməz. Allah sonsuz qüdrət sahibidir və Öz Peyğəmbərini səmaya qaldırıb əzəmətini ona göstərməyə qadirdir. Merac səfərinin bir gecədə baş verməsi zaman baxımından məntiqidirmi? Alimlər hesablamışlar ki, günəş sistemindən kənarda yerləşmiş ən yaxın ulduz olan proksima ulduzuna çatmaq üçün ən azı dörd il vaxt lazımdır. Bu baxımdan merac səfəri necə izah olunur? Məsələnin iki həll yolu var:
1. Mümkündür ki, merac səfəri günəş sistemi daxilində baş vermişdir. Həzrət Peyğəmbərin günəş sistemini tərk etməsi haqqında dəlilimiz yoxdur. Əgər bu ehtimalı qəbul etmiş olsaq, zaman baxımından şübhəli nöqtə qalmır. Əvvəldən günəş sisteminin ən uzaq planetinədək olan məsafə min dörd yüz milyon kilometrdir. İşıq sürətinə malik bir minik üçün bu məsafəni qısa bir zamanda qət etmək çətin deyil.
Maraqlıdır ki, şiə və sünni hədislərində həzrət Peyğəmbərin merac səfərini Büraq adlı bir miniklə həyata keçirdiyi bildirilir. Hədis alimləri bildirirlər ki, həmin minik çox sürətli olduğu üçün Büraq adlandırılmışdır. “Büraq” kəlməsinin lüğət mənası “işıqlı” deməkdir. Hədislərdə bu qeyri-adi minik haqqında maraqlı məlumatlar verilmişdir. Bildirilir ki, bu miniyin hər qədəmi onun baxışı qədər olmuşdur. Dünyanın görünməsi işıq vasitəsi ilə baş verdiyindən görmə sürəti işıq sürətinə bərabərdir. Hədisdən məlum olur ki, bu miniyin işıq sürətinə bərabər sürəti olmuşdur. Amma işıq sürəti də ən böyük sürət deyil. Bəzi alimlər iddia edirlər ki, hər hansı amil bir şeyin sürətini işıq sürətindən yuxarı qaldıra bilməz. Amma bu baxış özünü doğrultmur. İşıq sürətindən üstün sürətin də olması mümkündür. Məsələn, cazibə qüvvəsinin hər hansı sahəni əhatə etməsi üçün zamana ehtiyac yoxdur. Alimlərin fikrincə, bu sahə bir anda yaranır. Bu barədə yazırlar: “Elə bir sürət mövcuddur ki, bir anda dünyanın bir başından o biri başına təsir göstərir. Bu tipli sürət cazibə qüvvəsi dalğalarınin sürətidir.” Aydın olur ki, sürətin məhdudluğu nəzəriyyəsi sübuta yetirilməmiş bir nəzəriyyədir. Gələcəkdə sübut oluna bilər ki, hətta torpaqdan yaranmış bir cisim xüsusi bir şəraitdə işıq sürətindən də yuxarı sürətlə hərəkət edə bilər. Əgər bu baxış sübuta yetrilərsə, Peyğəmbərin meracı günəş sistemindən kənarda da mümkün sayıla bilər. Sürət məhdudiyyəti nəzəriyyəsi özünü doğrultmasa, Peyğəmbərin merac səfəri hansı fəzada baş verməsindən asılı olmayaraq, bir gecədə mümkün sayılar.
Bəs merac səfərinin məqsədi nə idi? Təəssüf ki, Peyğəmbərin merac səfəri haqqında həqiqətə uyğun gəlməyən xürafi əhvalatlar uydurulmuşdur. Bu xürafi məlumatlar səbəbindən merac səfərini sonadək mütaliə etməkdən çəkinmişlər. Amma merac səfərinin əsil məqsədini Qurandan öyrənmək lazımdır. Bütün islami həqiqətlər yalnız Qurani-məcid vasitəsi ilə yetərincə dəyərləndirilə bilər. Meracla bağlı Quran ayələrindən ikisində uyğun səfərin məqsədi belə açıqlanır: “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya aparan Allah pak və müqəddəsdir. Ayədə açıq-aşkar bildirilir ki, bu səfərin məqsədi Allahın əzəmətinin həzrət Peyğəmbərə göstərilməsidir. Növbəti ayədə isə belə buyurulur: “And olsun ki, öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü.” Ayələrdən məlum olur ki, merac səfərinin məqsədi bəzi uydurma məlumatlarda bildirildiyi kimi Allahın camalının müşahidəsi olmamışdır.
Biz müsəlmanların əqidəsinə görə Allahın xüsusi məhəlli yoxdur. Quranda buyurulur: “Haraya üz tutsanız Allah oradadır.” Başqa bir ayədə isə belə buyurulur: “Onun kürsüsü göylərlə yer vüsətindədir.”
Bəli, merac səfərinin məqsədi ilahi ayətlərin müşahidəsi olmuşdur. Bu səfər həzrət Peyğəmbərin (s) qəlbini daha da nurlandırmış, düşüncəsini daha da dərinləşdirmişdir. Həzrət Peyğəmbər merac səfərindən sonra xalqa rəhbərlik və insanların hidayəti üçün daha ciddi hazırlığa malik oldu.
Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni