HƏQİQİ YETİM KİMDİR?
Cümə söhbətləri
Bismilləhir-Rahmənir-Rahim!
Əziz Peyğəmbərimizin (s) və onun pak Əhli-beytinin (ə) nurlu və dürdən də, yaqutdan da daha qiymətli incilərinin arasında insanın qəlbinə rahatlıq verən, insanın qəlbini oyadan, insanı özünə qaytaran çoxlu nümunələr var. Onlar sanki bir şəfa vasitəsidir ki, xəstə qəlbləri müalicə edir. O incilər sanki bir itmiş həqiqiətlərdir ki, insanlar onlara rast gələndə Həzrət Yaqubun (ə) intizarında olduğu və çatdığı bir həqiqətə rast gəldiyi andakı hissi keçirirlər.
YOLA ÇIXAN İNSAN
İnsan ümumilikdə çox zəif, aciz, asılı bir varlıqdır. Bir qədər yeməyi gecikəndə, bir qədər susuz qalanda - bütün asılı durumu bariz surətdə üzə çıxır. Vərdiş etdiyi durumdan bir qədər ayrı düşəndə, böyük narahatlıqlar yaşayır. Amma xoş halına ki, insan bu asılı durumunu bilsin, özünün ehtiyaclılığının fərqinə varsın. Bu halda, insan ruhi təkamülünün müqəddiməsini yerinə yetirmiş olur. İnsan öz asılı durumunu, ehtiyaclı durumunu biləndə, onun bu ehtiyacını ödəyən, ona hər an vücud verən, əbədi, əzəli, qüdrət və hikmət sahibi olan Yaradanını dərk etmək üçün ilk addımını atmış olur. İnsan Yaradanı ilə, ona qəyyumluq edən Rəbbi ilə münasibətlərini qurmağa başlayır. İlk olaraq, özünün kim olması barədə düşünür, özünün missiyası, haradan gəlməsi, haraya getməsi, harada olması və nə etməlisi barədə qayğılanmağa başlayır. Öz insani vəzifəsinin nədən ibarət olması haqqında təfəkkür edir. Bu təfəkkürün nəticəsi olaraq, özünə vücudi suallar verir və bu suallara cavablar axtarır. Cavab axtarma prosesində nəyin düz, nəyin yanlış olmasını ayırd edir. Halal-haramına əhəmiyyət verməyə başlayır. İnsanların haqlarını basmaqdan çəkinməyə başlayır, ədaləti gözləyir.
Bu prosesdə ən əlamətdar məqam – insanın öz müvəqqətliyini dərk etməsidir. İnsan bilir ki, bu, beşgünlük dünyadır. Buradan əbədi dünyaya gedəcək. Qiyamət günü olacaq. Həmin gün hamıdan etdikləri əməllərin sorğusu aparılacaq. Zərrədək xeyrin əvəzi verildiyi kimi, zərrədək zülmün də əvəzi veriləcək.
İnsan dərk edəndə ki, əbədiyyət üçün yaranıb – onun bütün rəftarları dəyişər. Həqiqi dəyəri olan mövzuları önə çəkər, ikinci, üçüncü dərəcəli məsələlərə müvafiq yer ayırar. Bu dünyanın müvəqqətliliyini dərk edən insan, cılız xislətlərə yer verməz. Əbədiyyətə qovuşacağını bildiyindən, bu dünyanın sırf imtahan səciyyəsi daşımasının fərqinə varar.
İnsan biləndə ki, bu dünyada qalmayacaq, özünü gedəcəyi yerə hazırlamalıdır. Səfərə çıxan insan özü ilə səfər azuqəsi götürər. Bu səfərdə lazım olacaqları əhəmiyyətliliyinə görə sıralayar, ən lazımlıdan başlayaraq, özü ilə götürəcəklərini öncədən tədarük edər. Beləcə də axirət mənzilində ona gərəkli olacaq nemətlərin yalnız mənəvi səciyyə daşıyacağını nəzərə alan insan, ona verilənləri bu anlama uyğunlaşdırmalı, həyatını kamilləşmə yoluna yönəltməlidir.
MÜBARƏK NÜMUNƏLƏR
Bu baxımdan insana ən yaxşı yolgöstərən – həyatını əbədiyyət səfəri anlamı ilə yaşamış şəxslərin nümunəsidir. Əziz İslam Peyğəmbəri (s) və onun pak Əhli-beyti (ə), onların həqiqi ardıcılları olan ariflər, alimlər, övliyalar – insanın real qəbul edə biləcəyi nümunələrdir. Onlar bütün həyatlarını mənalı və ibrətli yaşamış, əsas hədəfi hər zaman nəzərdə tutmuş, bir anlarını belə bihudə və mənasız nəsnələrə sərf etməyə rəva bilməmişdirlər. İnsanlarla ünsiyyətlərini, şəxsi keyfiyyətlərini, rəftar və davranışlarını, əxlaq və ədəblərini yüksək amallara xidmətə uyğunlaşdırmışlar.
Amma İmamlarımız (ə) və onların həqiqi ardıcılları tərki-dünyalıq etməyiblər və bu yolla getməyi tövsiyə etməyiblər. Onlar toplumda yaşamış, insanların, toplumların qeydinə qalmış, ədalətsizliyi, zülmü ifşa etmişlər. Onlar hər zaman insanları düşünməyə, elmlənməyə, təfəkkür etməyə dəvət etmişlər. Şücaət, mərdlik, prinsipiallıq, şəfqət, mehribanlıq, qayğıkeşlik, ədalət, vüqar, izzətlilik, təvazökarlıq, fədakarlıq, məhəbbət, vicdanlılıq, məlahət, comərdlik – bu insanlarda bütün müsbətliklər bir gözəl harmonik halda bərqərar idi. Həyatın hər bir səhnəsində kamil idilər onlar və kamilliyi yaşadan idilər. Onların ardıcılları da dünyanı bir an da olsun, nümunəsiz qoymayıblar. Bu günlərdə vəfatının ikinci ildönümü tamam olan rəhmətlik Ağa Behcət belə təbərrük misallardandır...
Əgər toplumun insanlarının çoxu bu nümunələrlə yaşasa, fərdi, ictimai həyatını bu amallara uyğunlaşdırsa – nə gözəl yaşam olar hamı üçün! Cəmiyyət öz missiyasını yerinə yetirmiş olar – insan düzəldən bir müəsissə olmaq baxımından. Fərdi mənfiliklər ictimai qınaqların təzyiqi ilə heçə enər, insan özünü düzəldər. Rəzilliklər burulğanında vurnuxan toplumumuz üçün, anti-dəyərlərin dəyərləri üstələdiyi cəmiyyətimiz üçün bu, necə dəd aktual mövzulardır...
Əgər toplum tələbkar olsa, buradakı insanlar məsuliyyətli, vicdanlı, haqq gözləyən, zülm etməyən, zülmə baş əyməyən, ədaləti yaşadan bir fərdlərə çevrilər. İslahedici mahiyyəti olmalıdır toplumun ki, burada hər növ eybəcərlik, mənfilik, zülm, ədalətsizlik ayaq tutub yeriməsin. Bunun əksi olanda, artıq dəyanəti qorumaq, insanlığı saxlamaq hətta fərd səviyyəsində belə şətinləşir.
Bu sırada cəmiyyətin ən müdafiəsiz, ən ehtiyaclı üzvlərinə münasibət xüsusi yer tutur. Toplumun bu kateqoriyaya olan münasibətinə əsasən, onun sağlıq durumu barədə qənaətə gəlmək olar. Bugünkü bəhsimizi, inşəallah, yetimlərə münasibət üzərində quracağıq.
HİKMƏTİ DƏRK ETSƏLƏR...
Burada kiçik bir haşiyə çıxaq. İmam Rzadan (ə) bir mübarək hədis buyurulub ki, əgər bizim kəlamımızın gözəlliyini tapsalar, dərk etsələr, anlasalar – bizim ardımızca gələrlər. Mübarək hədisdən başa düşülür ki, əgər həqiqət axtaran, gözəllik axtaran, hər an kamal axtarışında olan insan Əhli-beytin (ə) kəlamlarının, söylədikləri hikmətli sözlərin gözəlliklərini dərk etsə, İlahi yolun həqiqi ardıcıllarına çevrilər.
Mübarək Əhli-beyt (ə) məntiqində həyatın hər sahəsinə aid mübarək buyuruşlar var. Bu gün biz Əhli-beytin (ə) yetimlərlə bağlı incilərindən bəhrələnəcəyik.
Bu incilərdən biri “Bəqərə” surəsisinin 83-cü ayəsinin təfsiri ilə bağlıdır. Mübarək ayədə bildirilir: “Və (yadınıza salın) o zaman(ı) ki, bəni-israil övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz”.
Bu ayədə bir çox çalarlar var. Biz bu gün yetimlərlə bağlı mövzunu araşdırdığımızdan, bir nöqtənin üzərində dayanacağıq. Bu ayənin təfsirində Həzrət İmam Həsən Əsgəri (ə) tərəfindən əziz Peyğəmbərimizin (s) dilindən nəql edilir ki, Allah Təala yetimlərə münasibətdə yaxşı və gözəl halda, həsən halda rəftar edənləri təşviq edir. Peyğəmbərimiz (s) sonra izah edir səbəbini. Buyurur ki, çünki, atalarından ayrı düşüblər. Bəs hər kim onlara baxar, yetimləri saxlayar - Allah onu qoruyub saxlayar. Və hər kim onlara ikram edər, yaxşılıq edər - Allah Təala da ona ikram edər, yaxşılıq edər. Rəsulallah (s) davamında buyurur ki, hər kim nəvazişlə əlini yetimin başına çəkər - Allah Təala onun üçün behiştdə o yetimin tükünün sayı qədər ki, sığal çəkilmişdir - qəsrlər, saraylar əta edər. Elə saraylar ki, dünyadan və hər nə ki, dünyada var - ondan daha genişdir. Hər nə ki, qəlbləri istəyər və gözləri dərk edər - orada taparlar. Və orada əbədi qalarlar.
Bu, bir məsələdir ki, əziz Peyğəmbərimiz (s) istəyir insanlara anlada ki, ey insan, diqqətli yaşa, ayıq ol, yetimlərə münasibətdə üzərinə düşən haqlar var. Onlara riayət et və bu, sənin özünə xeyirdir. Bunu edərsənsə, Allah da sənə nəzər salar.
DAHA ŞİDDƏTLİ YETİMLİK
Amma bu məsələ - müqəddimədir. Bu məsələyə işarə edəndən sonra əziz Peyğəmbərimiz (s) bundan daha mühüm və daha qiymətli bir həqiqəti istəyir çatdıra. Hamı bunu başa düşür ki, bəli, adam gərək yetimə can yandırsın. Bəs yetim kimdir? O kəsdir ki, valideyni yoxdur. Bundan sonra Rəsuli-Əkrəm (s) daha mühüm məsələyə işarə edir və həqiqi yetimin kim olduğunu tanıtdırır. Buyrulur, bu yetimin yetimliyindən daha şiddətli, daha güclü, daha acınacaqlı bir yetimlik var. O nədir? Əziz Peyğəmbər (s) onu izah edir. Deyir bu yetimdən daha çox yetimliyi olan bir kəs var. O kəsdir ki, İmamından uzaq düşər. Peyğəmbərimiz (s), Allahın Elçisi bunu insanlara deyir, həqiqi yetimin kim olduğunu insanlara çatdırır. Deyir həqiqi yetim o kəsdir ki, İmamından uzaq düşər. Və ona çatmaq və onu tapmaq iqtidarında olmaz. Bilməz ki, dini əhkamı ilə, dini məsələləri ilə bağlı nə etsin. Bilməz ki, bu sahədə biliyi necə əldə etsin.
Əziz Peyğəmbər (s) “əsl yetim kimdir?” sualına avab verir. İmamın (ə.f.) qeybdə olduğu dövrün insanları bu hədisi eşidəndə, sössüz bir başqa duruma düşə bilərlər. Çünki, əslində yetim nədir - qeyb dövrünün müsəlmanı yaxşı başa düşür. Bir dövr ki, İmamı (ə.f.) ilə onun arasında bir fasilə var. Bir dövr ki, bu fasilənin səbəbkarı insan özüdür. Peyğəmbərimiz (s) işarə edir ki, o yetim ki, atası yoxdur, o yetim ki, valideyni yoxdur - düzdür yetimdir, düzdür onun mənəvi və maddi çətinlikləri var, amma həqiqi yetim o, deyil. Həqiqi yetim o kəsdir ki, öz vücudi atasından - həqiqi rəhbərindən, yolgöstərənindən, İmamından uzaq düşür. Peyğəmbərimiz (s) buyurur ki, yetim budur. O insan ki, İmamından uzaq düşər, İmamına əli çatmaz. O insan ki, bilməz nə etsin və dini məsələlərdə üzərinə nə düşdüyü ilə bağlı çoxlu sualı olar.
YETİMLƏRİN KAFİLLƏRİ
Xanımlar xanımı, İmam Həsənin (ə), İmam Hüseynin (ə) anası, müsəlmanların qəlbində həmişə özünəməxsus yeri olan əziz Fatiməyi-Zəhra (s.ə.) bu mövzuda baxaq nə buyurur. Xanım (s.ə.) buyurur ki, Qiyamət günü Rəbbin nida edəni nida ila çağıracaq: “Ey ali-Muhəmməd yetimlərinin kafilləri!”. Kafil o kəsə deyərlər ki, yetimə yiyə durar. O kəs ki, yetimi təkəffülə götürər, öhdəçiliyə götürər və yetimə sahib çıxar – ona kafil deyərlər. Qiyamət səhnəsində bax bu nida olacaq ki, ey ali-Rəsulun yetimlərinə sahib çıxanlar. Ey o kəslər ki, ali-Rəsulun yetimlərinə nəvaziş ediblər. Dalınca buyrulur, izah edilir o kafillər, o yiyə çıxanlar, o sahib duranlar kimlərdir. O kəslərdir ki, ali-Muhəmməd (s) yetimlərinə sahib çıxıblar və onları fəlakətə getməkdən saxlayıblar. Onlara fəlakətdən, məhvdən nicat veriblər o zamanda ki, onlar vücudi ataları olan İmamlarından məhrum qalmışdılar.
Biz görürük Həzrət Zəhra (s.ə.) bir gözəl məsələyə işarə edir: yenə də həqiqi vücudi ata kimdir və həqiqi vücudi yetim kimdir. Çox dəqiq surətdə izah edir ki, yetim qalan, İmamından məhrum qalan, başsız qalan və nə etməlisini bilməyən insanlara yol götərənlər, onlarla nəvazişlə rəftar edənlər və onlara halal nədir, haram nədiri başa salanlar xüsusi bir məqama sahibdirlər, Qiyamət günü xüsusi bir müraciətlə çağırılarlar.
DADA YETİŞ...
Bu bəhslərdən çox məsələlər çıxır. Birinci budur ki, görün nə qədər Allah lətifdir, görün nə qədər Allahın rəhməti var, görün nə qədər Allahın sevgisi var bəndəyə - bundan gözəl nə ad vermək olar?! Ali-Rəsulun yetimləri. Və ali-Rəsulun yetimləri gözəl anlayır bu yetimlik nədir...
Bu mövzuda alimlərdən biri danışır ki, bir gün Kərbəlanı ziyarət edib qayıdanda, bir də gördüm ki, bir qrup insan yığışıb. Onlar Hillə adlı bir məntəqənin əhalisindən idilər. Deyir gördüm bunların arasında bir cavan var, yığışanlar öz aralarında elə bu cavanla zarafat edirlər, buna məsxərə edirlər. Bunun inancı ilə bağlı, Əhli-beytə (ə) sevgisi ilə bağlı durumunu ələ salırlar. Bu cavan da çox sakitcə, çox vüqarla, çox imanla, çox təmkinlə, çox səbirlə, möminə yaraşan bir tərzdə, çox əxlaqlı durumda qalmaqda davam edir. Alim nəql edir ki, mən çox istədim bilim bu cavan kimdir, bu biriləri kimdir və bu insanla niyə belə ünsiyyətdədirlər. Deyir bir an oldu, mən imkan tapdım bundan soruşum, deyim ki, sən kimsən və bunlar kimdir, bu nə ünsiyyətdir səninlə edirlər. Dedi bunlar mənim qohum-əqrabamdır, biz eyni kökdənik. Dedim axı siz fərqlənirsiniz, sənin bir inancın, bir imanın, bir əqidən var, bunlar isə tam fərqlidir. Dedi mən özüm də bunların vəziyyətində idim, mən özüm də anlamazdım bu şeyləri. Deyir anam mənə bir əmanət vermişdi, bir hədiyyə etmişdi ki, çətin anlara düşəndə bir məsələni öyrətmişdi mənə. Mən bir dəfə həyatımda çox ağır, çətin bir duruma düşdüm. Ölüm məni haqlayırdı. Anamın o əmanəti yadıma düşdü. Anam mənə demişdi belə anlarda ki, görürsən əlin hər yerdən üzülür, İmam Zaman ağanı (ə.f.) köməyə çağır. Deyir mən bu anımda həmin sözləri dedim və bu anda məsələmin elə rahatlıqla həllini tapdım ki, heç bunun intizarında da deyildim.
Bəhsimizə aid olan bəhslərdir. Bu fikirlər – İmam Mehdi Sahib-əz-Zamanı (ə.f.) köməyə çağırmaq, İmama müraciət etmək, o Həzrətə (ə.f.) dərdini demək, onun intizarında olmaq, hər an həsrətdə olmaq, hər an çətinliklərdə çağırmaq – vücudi yetimin vücudi atasına olan bağlılığını əks etdirən məsələlərdir. Necə ki, yetim çətinlikdə qəyyumlarının ətəyindən yapışar, bax hər çətinliyimizdə, hər müsibətimizdə, hər vəziyyətimizdə biz bu cür bir nemətə malikik. Bu cür bir nemət varımızdı və bu, böyük bir ləyaqətdir, böyük bir məqamdır bəşəriyyət üçün. Amma bu məqamda ləyaqətlə, layiqliklə yaşamaq gərəkdir.
Allahım! Bizləri həqiqi müntəzirlərdən, həqiqi intizar yaşayanlardan qərar ver! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin İmam-camaatı