İslamda təqlİdə hansı yerlərdə İcazə verİlİr?
Hamı üçün çox maraqlıdır ki, görəsən İslam dinində hansı yerdə təqlidə icazə verilir və hansı yerdə icazə verilmir. Ümumiyyətlə, müqəddəs İslam dinini böyük bir ağaca bənzətsək, onu iki qismə bölmək olar: Gövdəsi və qol-budaqları. İslam dininin əsaslarını yə`ni, e`tiqadi hissəsini ağacın gövdəsinə, əməli hissələrini isə onun qol-budaqlarına bənzətmək olar. Başqa sözlə desək, İslam dini iki qismdən ibarətdir:
Birinci: Dinin əsasları (Üsuliddin)
İkinci: Dinin şaxələri (Füruiddin)
Dinin əsasları beşdir:
1. Tövhid. (Yə`ni, Allah təkdir)
2. Ədl. (Allah ədalətlidir)
3. Nübuvvət. (Peyğəmbərlərin gəlişi haqdır)
4. İmamət. (Peyğəmbərdən sonra pak İmamlar onun canişinləridir)
5. Məad. (Qiyamət və ya öldükdən sonra dirilmək haqdır)
Bu beş əsas İslam dininin kökləri sayılır. Hər bir müsəlmanın bu əsaslara özünün ağlı dərəcəsində yəqinliyi olmalıdır. Yə`ni, Allahın varlığına özü yəqin etməlidir. Allahın ədalət sifətinə özü öz dəlili ilə yetişməlidir. Məsələn, adi bir müsəlman özlüyündə belə fikirləşir ki, bütün bu kainatı yaradan və heç bir şeyə ehtiyacı olmayan Allah-taala Qiyamətdə hamı ilə Öz ədaləti ilə rəftar edəcəkdir. Çünki, ədalətsizliyin başlıca səbəblərindən biri möhtac olmaq və hərislikdir. Allah-taala isə bu cür sifətlərdən pak və münəzzəhdir. Deməli, Allah ədalətlidir.
Bu dəlil vasitəsilə müsəlman Allahın ədalətliyinə e`tiqad bəsləyir və heç bir təqlidə də ehtiyacı olmur. Lakin kim kor-koranə surətdə fikirləşmədən, yalnız digərlərindən eşitdiyinə görə Allahın ədalətli olmasına inansa, belə bir e`tiqad bəsləmək İslamda düzgün hesab olunmur. Beləliklə, hər bir müsəlman öz ağlı səviyyəsində dinin əsaslarına yəqin etməlidir. Doğrudur, hər bir kəs öz e`tiqadında yəqinliyə çatmaqdan ötrü İslam alimlərinin bu sahədə araşdırdıqları dəlillərdən istifadə və həmin dəlillər barəsində dərindən düşünüdükdən sonra bunu öz e`tiqadında yəqin dəlili kimi qəbul edə bilər. Məsələn, İslam alimlərinin Allahın təkliyi barəsində belə bir dəlilləri var ki, “Əgər iki Allah təsəvvür olsaydı, yer üzündə fəsad baş verib hər tərəf dağılardı. Çünki, hər iki Allah öz nəzərini həyata keçirmək üçün çalışardı və toqquşma yaranmaqla hər şey məhv olardı. Halbuki, bu gün kainatda hər şey bir qanunauyğunluq üzrədir və bunların hamısı dəlalət edir ki, bu nəzmin yalnız bir icraçısı ola bilər.“
Hər bir müsəlman bu dəlil barəsində düşünüb başa düşdükdən sonra onu öz e`tiqadında möhkəm bir dəlil kimi qəbul edə və bu iddianı irəli sürən alimlə heç bir rabitəsi olmaya da bilər. Amma təqliddə, müctehidin müəyyən olunmasından əlavə, hökm barəsində fikirləşib onun dəlillərini bilməyə ehtiyac yoxdur. Məsələn, müctehid öz risaləsində yazır ki, namazın üçüncü və dördüncü rək`ətində “təsbihati-ərbəni” bir dəfə demək olar. İnsan bu məsələnin səbəbini və dəlilini bilməsə də, ona əməl etmək vacibdir. Çünki, təqlid elə bu cür məsələlərdədir. Onun dəlili isə müctehidin öz boynunadır.
Beləliklə, “üsuliddin”də təqlidə icazə verilmir. Hər kəs özü bu sahədə dəlil axtarıb yəqinə yetişməlidir.
DİNİN ZƏRURİ MƏSƏLƏRİNDƏ DƏ TƏQLİD VARMI?
Hər şeydən əvvəl dinin “zəruri məsələlər”ini tə`rif etmək lazımdır. Yə`ni, dinin zəruri məsələləri dedikdə biz nəyi başa düşməliyik? Bu mövzunu belə tə`rif etmək olar:
“Müsəlmanların İslam dinindən saydıqları, hökmü hamıya aydın olan və heç bir ixtilaf olmayan hər bir şey “dinin zəruri məsələsi” adlanır.
Nümunə üçün namaz, oruc, həcc, cihad və sair kimi mövzuların əsli bütün müsəlmanlara aydındır və hökmü də bəllidir. Belə ki, müsəlmana icazə verilmir ki, bu cür məsələnin əslində təqlid etsin. Başqa sözlə desək, namaz, oruc, zəkat və sair əməllərin vacib olması bütün müsəlmanlara ixtilafsız olaraq bəllidir və hökmləri də aydındır. Deməli, namaz və onun kimi əməllərin əslinin vacib olmasında təqlid olunmur. Təqlid yalnız, namazın necə və hansı şəraitlə qılınmasındadır. Həmçinin, orucun vacib olmasında təqlid yoxdur, lakin orucun necə və hansı şəraitlə tutulması təqlid əsasında olmalıdır. Bunun da səbəbini əvəlcədən qeyd etdiyimiz kimi xüsusi din alimlərindən ələ gətirməliyik. Ona görə ki, onlar bu mövzuda ən yüksək səviyyəli din alimləri sayılır.
Beləliklə, “Tozihil-məsail” kitabında alimlərin qeyd etdikləri “təqlid yalnız dinin qeyri-zəruri məsələlərindədir” cümləsi aydın olur.
DİNİN ŞAXƏLƏRİNDƏ (FÜRUİDDİNDƏ) TƏQLİD NECƏDİR?
Hər şeydən əvəl hamıya aydın olmalıdır ki, dinin şaxələrindən və ya “füruiddindən” məqsəd nədir? Əgər dinin şaxələrinin tə`rifini demək istəsək, qısaca olaraq belə demək olar:
“İslam dininin mədəni, siyasi, əxlaqi, iqtisadi, ictimai, qəzai, cəzai, ibadi, nizami və sair əməli cəhətlərində olan hökmləri “Füruiddin” adlanır.”
Bütün bu cəhətlər İslamda on mövzuda cəmləşdiyinə görə bə`zilərindən dinin şaxələrini soruşduqda on ədəd şaxənin (namaz, oruc, həcc, xums, zəkat, cihad, əmr-be-mə`ruf, nəhy-əz-münkər, təvəlla və təbərra) adını çəkirlər. Dinin zəruri məsələləri barəsindəki bəhsimizdə qeyd etdik ki, təqlid yalnız qeyri-zəruri məsələlərdədir. Lakin zəruri məsələlərdə təqlidə icazə verilmir. Bütün bu məsələləri füruiddinin üzərində araşdırmaqdan ötrü daha müfəssəl bəhs etmək yerinə düşərdi. Hər on mövzunu ayrı-ayrılıqda qeyd etməklə təqlid məsələsin daha aydınlaşdırmaq olar.
Birinci: Namaz
Hər bir müsəlman namazın İslamda vacib olmasını bilir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Lakin namazın necə və hansı vaxtlarda qılınmasında və onlarca məsələlərdə təqlid edilən müctehidin kitabına müraciət olunması vacibdir.
İkinci: Oruc
Orucun İslamda vacib olmasını bütün müsəlmanlar bilir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Lakin orucun necə tutulması, nə vaxt başlayıb, nə vaxt qurtarmasında həmçinin, orucluq barəsində olan bütün məsələlərdə yalnız qeyd olunan din alimlərinin kitablarına müraciət olunmalıdır.
Üçüncü: Həcc
Həcc əməlinin İslamda vacib bir əməl olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Lakin həcc əməllərinin necə və hansı şəraitlə icra olunmasında müctehidlərin kitablarına müraciət olunması vacibdir.
Dördüncü: Xums
Xumsun İslamda vacib olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Lakin xumsun necə verilməsi, kimə verilməsi və hansı şəraitlə verilməsində müctehidə təqlid etmək vacibdir.
Beşinci: Zəkat
Zəkatın İslamda vacib olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından oduğuna görə onda təqlid yoxdur. Amma zəkatın necə verilməsi, nə qədər verilməsi, kimə verilməsi və hansı şəraitlə verilməsində müctehidə təqlid etmək vacibdir.
Altıncı: Cihad
Cihadın İslamda vacib olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından oduğuna görə onda təqlid yoxdur. Amma kimlərlə, hansı şəraitdə, necə hansı yollarla cihad olunması məsələlərində müctehidin hökmlərinə təqlid olunmalıdır.
Yeddinci: Əmr be mə`ruf (yaxşı işlərə də`vət)
Əmr be-mə`rufun İslamda vacib olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Lakin bu əməlin kimlərə, necə, hansı şəraitlə və hansı yollarla olmasını bilməkdə müctehidə təqlid etmək vacbidir. Din elmlərində “ictihad” məqamına çatmayanlar bu barədə özlərindən heç bir hökm verə bilməzlər.
Səkkizinci: Nəhy əz-münkər (pisliklərdən çəkindirmək)
Nəhy əz-münkərin İslamda vacib olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Amma bu əməlin kimlərə, necə , hansı şəraitlə və hansı yollarla olmasını bilməkdə müctehidə təqlid etmək vacibdir.
Doqquzuncu: Təvəlla (Allah dostları ilə dost olmaq)
Təvəllanın İslamda vacib olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Lakin bu əməlin kimlərlə, necə, hansı şəraitlə və hansı yollarla olmasını bilməkdə müctehidə təqlid etmək vacibdir.
Onuncu: Təbərra. (İslam düşmənləri ilə düşmən olmaq)
Təbərranın İslamda vacib olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Lakin bu əməlin kimlərlə, necə, hansı şəraitlə və hansı yollarla olmasını bilməkdə müctehidə təqlid etmək vacibdir.
Bununla da aydın olur ki, İslamda dinin hansı qismətlərində təqlid vacib və hansı qismətlərində isə qadağandır.
Faiq Vəlioğlu, \"Təqlid\"