Gündəlİk vacİbİ namazlar neçə vaxtda qılınmalıdır?


Əhli-beyt məzhəbinə əsasən namaz vaxtları 3 qismə ayrılır:

1) Məxsusi vaxtlar. Bu namaz vaxtı zöhr, əsr, məğrib və işa namazları üçün hesab olunur. Zöhr namazının məxsusi vaxtı zöhr vaxtı daxil olduqdan 4 rəkətlik namaz qılmaq qədərindədir. Bu zaman fasiləsində yalnız zöhr namazını qılmaq olar.

Əsr namazının məxsusi vaxtı isə məğribə 4 rəkətlik namaz vaxtı qalanadəkdir. Bu qalan vaxtda ancaq əsr namazını qılmaq olar.

Məğrib namazının məxsusi vaxtı məğrib azanından 3 rəkətlik namaz qılana qədərdir. Bu zaman ərzində mükəlləf şəxs ancaq məğrib namazını qıla bilər.

İşa namazının məxsusi vaxtı isə gecə yarısına 4 rəkətlik namazı vaxtı qalanadəkdir. Bu qalan vaxtda ancaq işa namazını qılmaq olar.

Sübh namazının bütün əda vaxtı onun məxsusi vaxtı hesab olunur.

2) Fəzilətli vaxtlar. 5 vacibi namazın hər birinin fəzilətli vaxtları var ki, bu vaxtlarda həmin namazları qılmaq daha gözəldir. Sübh namazının fəzilətli vaxt sübh azanından başlayır və gün çıxmamışdan əvvəl üfiqdə qızartı yaranana qədər davam edir.

Zöhr namazının fəziləti vaxtı zöhr azanından başlayır, yerə batırlımış bir çubuğun şərqə tərəf uzanan kölgəsinin özü boyda uzanmasına qədər davam edir.

Əsr namazının fəzilətli vaxtı isə həmin çubuğun kölgəsinin 4/7 qədərindən özündən iki dəfə böyük olduğu zamana qədərdir.

Məğrib namazının fəzilətli vaxtı axşam azanından üfiqdəki qızartı yox olanadəkdir. Bundan sonra isə İşa namazının fəzilətli vaxtı başlayır, bu isə gecənin 1/3-ə dək davam edir.

3) Müştərək vaxtlar. Zöhrlə əsr və məğriblə işa namazlarının müştərək vaxtı var. Yəni günorta azanından axşam azanınadək zöhr və əsr namazlarının, həmçinin axşam azanından gecə yarısına qədər mərğib və işa namazlarının əda vaxtıdır, bu zaman fasiləsində onları ardıcıl qılmaq olar, bir şərtlə ki, zöhr əsrdən, məğrib də işadan əvvəl qılınmalıdır. Əgər müştərək vaxtın bitməsinə yalnız bir namazlıq vaxt qalıbsa əsr (və ya işa) namazı qılınmalı, zöhr sonra qəza edilməlidir. Məğrib isə əda və ya qəza niyyəti olmadan yerinə yetirilməlidir (Ətraflı məlumat üçün şəriət kitablarına müraciət edin).

Namazların birləşdirilib (ardıcıl) qılınmasının caizliyi tutarlı dəlillərlə sübut olunmuşdur ki, bu həm Quranda, həm də Peyğəmbərin (s) səhih hədislərində öz əksini tapmışdır.


Qurani-Kərimdə namazın vaxtına işarə edən bir neçə ayə vardır. Həmin ayələr namazların qılınma vaxtlarını təyin edərək, onları üç yerə bölür. Burada həmin ayələrin müxtəsər təfsirini verməklə qeyd edək. Allah-taala buyurur:

“Gün batandan qaranlıq düşənədək namazını qıl, habelə səhər namazını və səhər namazında hamı hazır olsun” (“əl-İsra”, 78).

Ayənin təfsiri.

Allah-taala ilk növbədə, bu ayə ilə Peyğəmbərə (s) namaz qılmağı əmr edir. Həmin namaz- sübh, zöhr, əsr, məğrib, işa namazı olan gündəlik vacibi namazlardır. Sonra Allah-taala bu namazların qılınma vaxtını zöhr (güneşin zenit nöqtəsi), axşam (gecə) və səhər kimi üç vaxtda təyin edərək peyəmbərinə bəyan edib buyurur: “La dulukiş şəms...”. Bu zöhr vaxtıdır. Günəşin zenit nöqtəsinə addadığı vaxt. Məğribə qədər davam edən vaxt zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq zöhr əsrdən əvvəl gəlir.

“İla ğəsəqil ləyli” ifadəsi isə “Gecə qaranlıq düşənədək” mənasını verir ki, bu da məğrib və işa namazlarının vaxtının qurtarmasına işarə edir.

“Ğəsəq” kəlməsi zülmətin cəm olması və gecə yarısını bildirir. Yəni ayədən çıxan mənaya görəməğrib və işa namazlarının vaxtı gecə yarısında qurtarır. Həmin zaman çərçivəsi bu namazlar üçün müştərək vaxt hesab olunur. Sadəcə olaraq məğrib namazı işa namazından əvvəl qılınır.

İmam Razi bu ayənin təfsirini belə açıqlayır: “Ğəsəq” kəlməsi qaranlığın düşməsi kimi təfsir edilsə də bu məğrib namazının vaxtına işarə edəcəkdir. Günəşin zenit nöqtəsinə addaması da zöhr və əsr namazlarının vaxtına dəlalət edir və bu vaxt çərçivəsi həmin namazlar üçün müştərək vaxt hesab olunur.

Məğribin başlaması, məğrib və işa namazlarının vaxtı olub, onlar arasında müştərək vaxt hesab olunur. Bu da zöhrlə əsr, məğriblə işa namazlarının ardıcıl qılınmasının düzgünlüyünü göstərir.

“Və quranəl-fəcri” isə sübh namazının vaxtıdır.

Digər bir ayədə isə buyurulur:

“Günün başlanğıcında, sonunda və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar pislikləri aradan qaldırır. Bu öyüd alanlara bir öyüddür” (“Hud” surəsi, ayə 114).

Fəqihlər və təfsir alimləri bildirmişlər ki, bu ayədə qeyd edilən namazda, gündəlik qılınan beş vacib namaz nəzərdə tutulmuşdur. Ayədən göründüyü kimi burada namazın yalnız 3 vaxtı bildirilir. Yəni “Tərəfeyin-nəhar” – “Günün başlanğıcı və sonu” deməklə iki vaxt göstərilir. Naharın birinci tərəfi- günün başlanğıcı, sübh namazının vaxtı, naharın ikinci tərəfi- günün sonu isə zöhr və əsr namazlarının vaxtıdır ki, bu da günəşin zenit nöqtəsinə keçməsi ilə günəş qürub edənədək davam edir. Bu zama zaman çərçivəsi isə zöhr və əsr namazları üçün müştərək vaxt hesab olunur.

“Və zuləfən minəl-ləyli” (Gecə vaxtı)- bu da üçüncü vaxtdır ki, məğrib və işa namazları üçün müştərək vaxt hesab edilir. Bu zaman çərçivəsi isə günəşin qürub etməsindən gecə yarısınadək davam edir. Əlbəttə ki, məğrib namazı işa namazından əvvəl qılınır.


Digər bir Quran ayəsində buyurulur: “Hər nə deyirlər səbr et və Rəbbinə Günəş doğmadan və Günəş batmadan öncə sitayiş et. Və eləcə də gecənin bir bölümündə və hər səcdədən sonra Ona sitayiş et” (“Qaf”, 39-40)

Fəqihlər və təfsir alimləri bu ayəni araşdıraraq Allah-Təala burada 5 vacib namaza işarə etmişdir. Həmin ayələrə diqqətlə nəzər yetirsək görərik ki, burada da namazların 3 vaxtda qılınması bəyan edilir.

(qəblə tuluiş-şəmsi) günəş doğmadan- bu sübh namazının vaxtı olub gün çıxanadək davam edir.

(Və qəblə qurubi) Günəşin batmasından əvvəl- bu da zöhr və əsr namazlarının müştərək vaxtıdır ki, gün batanadək davam edir

(Və minəl ləyli fəsəbbihu) Və gecənin bir bölümündə Ona sitayiş et- yəni gecənin bir (ilk) hissəsində namaz qıl. Gecənin ilk hissəsində qılınması vacib olan namaz məğrib və işa namazlarıdır və bu vaxt çərçivəsində qeyd olunan namazlar üçün müştərək vaxt kimi təyin olunmuşdur.

(Və ədbarəs-sücudi) Və hər səcdədən sonra Ona sitayiş et- Yəni vacib səcdələrdən sonra Allaha sitayiş et. Təfsir alimlərinin bildirdiklərinə görə buradakı vacib səcdələr məğrib və ya işa yaxud da gecə namazının səcdələrinə işarə edir.

Bu barədə Əhli-beyt İmamlarından da kifayət qədər hədis nəql edilmişdir. Zürarə adlı səhabə rəvayət edir ki, İmam Sadiq (ə) buyurdu: “Günəş zaval edərkən, Peyğəmbər (s) heç bir xüsusi səbəb olmadan camaatla zöhr və əsr namazlarını ardıcıl qıldı. Həmçinin, yenə heç bir səbəb olmadan, şəfəq (Günəşin qızartısı) itməzdən əvvəl camaatla məğrib və işa namazlarını da birdəfəyə qıldı. Bununla Peyğəmbər (s) camaatın vaxtını genişləndirmək istəyirdi” (“Üsuli-Kafi”, “İki namazı birləşdirmək”).

Bir kişi iki namazı bir-birinin ardınca, səbəb olmadan belə, qılınması haqqda İmam Sadiqdən (ə) soruşdu. İmam belə cavab verdi: “Rəsulullah artıq bunu etmişdir və istəyi də bu oluşdur ki, ümmətini bu əməllə rahat etsin” (“Vəsailüş-şiə”, cild 2, səhifə 161).

İmam əmir əl-muminin Əli (ə) buyurmuşdur: “Bəzi şeylər kasıblığa səbəb olar, bəzi işlər isə sərvət gətirər... Kasıblığa səbəb olan işlər... şam (məğrib) və xiftən (işa) namazları arasında yatmaq... və sairədir. Amma var-dövlət və ruzi gətirən işlər isə... zöhrlə əsr, məğriblə xiftən namazlarını birlikdə qılmaq və sairədir” (“Hilyətul-müttəqin” kitabı,“Xatimə” bölməsi).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter