Azan və İqamədə üçüncü şəhadətİn hökmü nədİr?


Bismillahir-Rəhmanir-Rəhim. Azan və iqamədə namazdan əvvəl olan müstəhəbb əməllərdir. Azan namaza çağırışı, iqamə isə namazın başlamağa hazır olduğunu bildirir.

Azan və iqamə təkbirlə başlayır, daha sonra isə 3 şəhadətlə davam edir. Allahın təkliyinə, Həzrət Məhəmmədin (s) risalətinə və İmam Əlinin (ə) vilayətinə şəhadət edilir.

Verilən suallardan biri isə budur: Peyğəmbər (s) dövründə Həzrət Əlinin (ə) vilayətinə şəhadət verilmişdirmi? Bu şəhadət sünnədən gəlir yoxsa, sonradan əlavə edilib?

Bu şəhadətin deyilməsinin hökmünü bəyan etməzdən əvvəl, bu haqda olan rəvayət və hədislərlə tanış olaq:

İmam Cəfər Sadiqdən (ə) nəql edilir ki: \"Sizdən kim \"La ilahə illəllah, Muhammədən rasulillah\" desə, ardınca Əlinin əmir-əl möminin olduğunu desin\" (Təbərsi, \"Ehticac\", c.1, s. 230-231).

Salman Farsi (r.a.) Peyğəmbərin (s) zamanında azan və iqamədə “Muhammədən rasulullah”dan sonra Əlinin (ə) vilayətinə də şəhadət gətirdi. Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib, “Ey Allahın elçisi, bu gün daha əvvəl eşitmədiyim bir şey eşitdim” dedi. Həzrəti Peyğəmbər (s), “Nə eşitmisən?” deyə sual etdi. Həmin kişi dedi: “Bu gün Salman azanda sənin risalətinə şəhadət etdikdən sonra Əlinin vilayətinə dair şəhadət gətirdi”. Allahın elçisi (s) buyurdu: “Xeyirli bir şey eşitmisən”.

Başqa bir rəvayətdə isə bunun ardınca Peyğəmbərin (s) belə dediyi göstərilir: “Əbuzərin dediyi kimidir (Bu rəvayətdə azanı deyən şəxsin Əbuzər olduğu göstərilir). Qədiri-Xumda dediyimi unutdunuzmu?! Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Kim bunu (beyətini) pozarsa öz əleyhinə pozar” (“Risalətil-hidayə”, səhifə 45).

Fikrimizcə, bu məsələnin sonradan qondarılması barədə iddiaları rədd etmək üçün kifayətdir. İkinci məsələ isə İslam üləmasının məsələ barədə nəzəridir. Müasir fəqihlərin nəzərlərini qeyd etmədən əvvəl, qədim alimlərin fikirləri ilə tanış olsaq daha məqsədə uyğun olar:

Əllamə Məclisi (r.) azanda 3-cü şəhadətin deyilməsinin eyibsiz olduğu nəzərində idi. Bu barədə o, mərhum Təbərsinin \"Ehticac\" əsərində bu barədə qeyd olunan hədisləri dəlil göstərdikdən sonra qeyd edir: \"Əgər müəzzin Həzrət Əlinin (ə) vilayətinə azan və iqamənin tərkib hissəsi qəsdi ilə yox, təbərrük və bərəkət qəsdi ilə şəhadət verərsə, günah işləməmişdir\".

Alimlərin bir qismi isə bu şəhadətin azan və iqamənin tərkib hissəsi olduğu nəzərində olublar. Ayətullah Şeyx Əbdünnəbi Əraki \"Dəlillərlə fiqh\" əsərində 10-dan çox dəlil gətirərək, 3-cü şəhadətin vacib hissə olduğunu bildirmişdir.

Ayətullah ağa Mirzə İstinbanati (r.) də bu nəzərdə idi.

Ayətullah Seyid Məhəmməd Şahrudi (r.) bu işi müstəhəbb bilirdi.



Müasir müctəhidlər arasında olan məşhur fikirə görə, 3-cü şəhadət azan və iqamənin tərkib hissəsi deyil. Qürbət (savab) niyyəti ilə deyilməsi gözəl əməldir:

Ayətullahul-uzma Seyid Əli Xameneyi: Şəri nöqtеyi-nəzərdən bu şəhadət vеrmək azan və iqamənin hissəsindən dеyildir; lakin əgər azan, iqamə hissəsi niyyəti ilə dеyilməzsə, еybi yoxdur. Üstəlik əgər o həzrətin, Rəsuləllahın (s) xəlifəsi (canişini) olmasına dair öz еtiqadı barəsindəki еtirafını, yəqinini izhar еtsə, bu halda savabı çoxdur.

Ayətullahul-uzma Seyid Əli Sistani: «Əşhədu ənnə Əliyyən vəliyyullah» azan və iqamənin hissəsi deyildir. Amma «Əşhədu ənnə Muhəmmədən Rəsulullah»-dan sonra, qürbət (savab) qəsdilə deyilməsi yaxşıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani: «Əşhədu ənnə Əliyyən vəliyyullah» azan və iqamənin tərkib hissəsi deyildir. Amma o həzrətin vilayəti dinin təkmilləşdiricisi olduğu üçün və hər bir halda «Əşhədu ənnə Muhəmmədən Rəsulullah» cümləsindən sonra deyilməsi insanı Allah dərgahına yaxınlaşdıran ən fəzilətli əməllərdəndir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi: Əgər bu ifadə azan və iqamənin tərkib hissəsi kimi deyilsə, bidət hökmündədir. Lakin bu niyyət olmadan (qürbət qəsdi ilə) desə, bidət sayılmaz. Bütün dünyada şiələr azan və iqamədə bu şəhadəti (savab ümidi ilə) deyirlər.

Ayətullahul-uzma Seyid Musəvi Ərdəbili: “Әşәhәdu әnnә Әliyyәn Əmirəl-mumininə vәliyyullаh” аzаn vә iqаmәnin hissәlәrindәn dеyil. Аmmа yахşı оlаr ki, “Əşhәdü әnnә Muhәmmәdәn-Rәsulullаh” dеdikdәn sоnrа mütləq qürbәt qәsdi ilә dеyilsin.

Ayətullahul-uzma Seyid Sadiq Şirazi: \"Əşhədu ənnə Əliyyən vəliyullah\" azan və iqamənin tərkib hissəsidir\". /http://fetva.313news.net/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter