İNDİYƏ QƏDƏR HƏLƏ DƏ SAĞ OLAN PEYĞƏMBƏR VARDIRMI?
Ayə və hədislərimizdən belə nəticəyə gəlmək olar ki, dörd peyğəmbərin (ə) sağ olması ehtimalı vardır.
Onların hər biri haqqında gələn ayə və hədislərə işarə edək.
1. Həzrət İlyas (ə).
Quranda adı çəkilən peyğəmbərlərdən biri də Həzrət İlyasdır (ə). Bəzi təfsirlərdə onun haqqında bir neçə fikir vardır. İlyas - həmin Xızır peyğəmbərdir. Ancaq bəzilərinin fikrinə görə İlyas (ə) Xızır (ə) peyğəmbərin dostu olmuşdur və hər ikisi sağdır. Bu fərqlə ki, İlyasın quruda vəzifələri vardır, Xızırın isə yarımada və dənizlərdə. Bəziləri İlyasın küçələrdə və məhəllələrdə və Xızırın isə dağlarda vəzifəsi olduğunu bildirir. Hər ikisi üçün vaxt cavidandır.
“Əl-Mizan”da “Buharul-ənvar”dan belə bir hədis vardır ki, Allah İlyası (ə) göyə qaldırmışdır. Əlbəttə bu hədisin sonunda başqa bir mövzu da vardır, Əllamə ona görə bu hədisin zəif olduğunu vurğulayır.
2. Həzrət İdris (ə).
Bəzi təfsirçilər Həzrət İdrisi (ə) Nuhun (ə) babası bilir. Quran onun haqqında iki dəfə işarə ilə danışmışdır. “Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq)”. (“Məryəm” 57). Bu ayədə onun göyə qaldırıldığı haqqında məlumat verilmişdir. Ancaq bəzi təfsirçilər bu fikirdədirlər ki, yüksək məqam dedikdə onun mənəvi məqamı və əzəməti nəzərdə tutulur. Bu təfsirə əsasən, Həzrət İdrisin (ə) sağ olması sual altındadır.
3. Xızır peyğəmbər (ə).
Quran Həzrət Musa (ə) haqqında danışdığı dastanlarında Xızır peyğəmbərə (ə) işarə etmişdir. Bu dastanda Həzrət Xızır (ə) Həzrət Musanın (ə) müəllimi kimi verilmişdir. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Xızır nəbi peyğəmbərlərindən idi ki, Allah qövmü üçün onu məbus etmişdir. O Həzrət insanları tövhidə, nübuvvətə və səma kitablarına dəvət edirdi. Möcüzəsi bu idi ki, elə bir quru çöp yox idi ki, onun üzərində otursun və o, göyərməsin. Ona görə də onu Xızır adlandırırdılar”. Bu peyğəmbər də indiyə qədər sağdır və onun ölməsinə dair bir məlumat yoxdur.
4. İsa peyğəmbər (ə).
Həzrət İsa (ə) dördüncü Ulul-əzm peyğəmbərdir. Quran onu “Ruhullah” adlandırmışdır. Yəhudilər İsa peyğəmbərin (ə) qatı düşməni idilər. Onu öldürməyi qərara almışdılar. İsa peyğəmbər (ə) həvariləri ilə bir yerdə bağda olan zaman Roma imperatorunun ordusu onlara hücum edir və hərəsi bir tərəfə dağılır. Onlar Yəhuda adlı İsaya (ə) bənzəyən həvarini səhvən İsanın (ə) yerinə tuturlar. Onu araşdırmamış dara çəkirlər. Ancaq həmin an Allah İsanı (ə) göyə qaldırır. “Və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər”. (“Nisa” 157).