Doğrudanmı, mömİn az gülüb, çox ağlamalıdır?
Cavab: Ayəni yuxarıda qeyd olunan şəkildə anlayanlar onun əvvəlinə və axırına diqqət yetirmirlər. Uyğun ayə islami cihad göstərişləri haqqında danışan, münafiq və müxaliflərin halını bəyan edən ayələrin davamında gəlmişdir. Haqqında danışılan ayədən qabaqkı ayəyə nəzər salaq: “Cihadda arxada qalan münafiqlər Allahın rəsuluna qarşı çıxaraq, oturub qalmaqlarına sevindilər. Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və dedilər: “Bu istidə döyüşə çıxmayın.” De ki, cəhənnəm odu daha istidir. Kaş biləydilər!” Məhz bu ayənin davamında buyurulur: “Qazandıqları günahların cəzası olaraq, az gülüb çox ağlasınlar.” Əvvəlki ayəyə nəzər saldıqdan sonra növbəti ayənin münafiqlərə aid olduğu qətiyyən şübhə doğurmamalıdır. Ayəni bütün xalqa aid etmək düzgün deyil. Ayədə işarə olunur ki, həmin şəxslər qarşıda onları gözləyən cəzalardan xəbərdar olsaydılar, çox ağlayar, az gülərdilər.