Cəbrayİl (ə) Həzrət Peyğəmbərə (s) qadınlara münasİbət barədə nə dedİ?
İslam dinində həyat yoldaşına yaxşı münasibətin imanla birbaşa əlaqəsi vardır. Başqa sözlə desək, müsəlmanın imanı nə qədər güclü olarsa, həyat yoldaşına o qədər yaxşı münasibət bəsləyəcəkdir. Müsəlmanın imanı artdıqca həyat yoldaşına qarşı münasibəti də yaxşılaşır. Ailə də nə qədər sağlam olarsa, cəmiyyət də o qədər sağlam olar.
Məsumlardan (ə) gələn hədislərə nəzər salan zaman görmək olur ki, İslam dini ərlə arvad arasında ən gözəl rabitələri təbliğ edən bir dindir. Ərlə arvada verilən göstərişlər nəticəsində onlar həm özlərini inkişaf etdirirlər və həm də uşaqları üçün ailədə gözəl bir fəza yaradırlar.
Həzrət Peyğəmbər (s) buyurur: “İmanı baxımından ən yaxşı kəs odur ki, gözəl əxlaqa malik olsun. Ailəsinə qarşı mehriban olsun. Mən sizlərdən ailəmə qarşı daha mehriban olanıyam”. Həzrət (s) başqa yerdə buyurur: “İman baxımından kamil mömin o kəsdir ki, əxlaqı yaxşı olsun və sizlərdən ən yaxşısı o kəsdir ki, arvadına qarşı yaxşı olsun”.
Cəbrayilin (ə) qadınlar haqqındakı tövsiyəsi.
Həzrət Peyğəmbər (s) buyurur: “Qardaşım Cəbrayil (ə) mənə daima qadınlara yaxşılıq etməyi tövsiyə edir. O yerə qədər ki, mən güman edirəm ki, ər arvadına “uf” belə deyə bilməz. O, deyirdi: Ey Muhəmməd! Qadınlara qarşı Allahın təqvasına riayət et. Çünki onlar sizin üçün bir köməkdir. Onları Allahın əmanəti kimi alın. İlahi kəlamlar, Kitabı, sünnəti, Muhəmməd (s) şəriəti vasitəsilə sizə halal olublar. Ona görə onların sizin üzərinizdə vacib haqqı vardır. Onlara qarşı şəfqətli və mehriban olun. Onların qəlbini pak edin ki, sizinlə qalsınlar. Qadınlarınızı narahat etməyin. Onlara qəzəblənməyin. Onlara verdiklərinizi onlardan almayın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) mənə qadınlara yaxşılıq etməyi tövsiyə edirdi və mən güman edirdim ki, qadını boşamaq layiqli bir iş deyildir, məgər çirkin bir iş görsə (zina)”.
Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq: “Hər saleh qadın ki, Allaha bəndəlik edər, vacibatlarını yerinə yetirər, ərinə itaət edər, behiştə daxil olar”.
İmam Əli (ə) buyurur: “Saleh qadın min nəfər saleh olmayan kişidən daha üstündür. O qadın ki, ərinə yeddi gün xidmət edər, cəhənnəmin yeddi qapısı üzünə bağlanar. Behiştin səkkiz qapısı üzünə açılar. Hansı qapıdan istəsə, behiştə daxil olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir müsəlman kişi üçün İslam dinindən sonra müsəlman arvadından daha üstünü yoxdur ki, ona baxan zaman sevinər və şadlanar və (əri) olmadığı zamanlarda özünü və malını qoruyar”.
Beləliklə, deyə bilərik ki, iman və vilayətin ən mühüm meyarlarından biri gözəl həyat yoldaşı olmaqdır. Hər bir qadın və kişi həyat yoldaşının hüququna riayət edərsə, həm bu dünyada və həm də axirətdə xoşbəxt olar. Ona görə də o kəs ki, həyat yoldaşına qarşı yaxşı rəftar nümayiş etdirmir, hər nə qədər desələr də ki, imanlı mömindir, inanmayın. Çünki həqiqi imanın göstəricilərindən ən mühümü həyat yoldaşına qarşı yaxşı rəftar etməkdir.
(Tebyan/ Deyerler.org)