Qəm nədİr, nədəndİr, neçə cür olur?
Həqiqət budur ki, qəmin çox sayda növləri vardır. Yaşıl qəm, qara qəm, ürəkyandıran qəm, xar edən qəm. O qəm ki, özü ilə bir yerdə tünd xasiyyət, acı kədər gətirir - qara qəmdir. Yaşıl qəm isə onun əksidir. Qəlbə səfa verir və insana can bağışlayır. Bu xüsusiyyət ariflərdə, möminlərdə və dindarlarda olur.
Bizlər qəmgin olmağı sevmirik. Daha çox sevinməyə üstünlük verərik. Şad insanları sevirik, çünki onlara baxanda biz də sevinir və şad oluruq. Ancaq qəmgin və iztirablı insanlardan qaçırıq. Onlar bizə mənfi təsir göstərirlər.
Bəs onda niyə İmam Əli (ə) buyurur ki, möminlərin qəlbi qəmgindir?
İmam Əli (ə) möminlər haqqında belə buyurur: “Möminlərin qəlbi qəmgindir, başqaları onların şərindən amandadır. Bədənləri arıqdır, istəkləri az və nəfsləri ismətlidir”.
Möminlər özünəməxsus qəmli olurlar və İmam (ə) bu qəmi onların qəlbinə nisbət verir. Sonra buyurur ki, başqaları onlardan amandadır. Yəni onların bu qəmi gizlidir, başqalarına sirayət etmir. Əlbəttə bu qəm bizim bildiyimiz qəmdən fərqli bir şeydir. Möminlər gülərüz olurlar, onların qəlbi qəmgin olur və bu qəmlərini başqaları hiss etmirlər.
“Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar”. (“Yunus” 62).
Qara qəm
Qara qəm o qəmdir ki, dünya sevgisi ilə bağlı olar. Onlar dünya mallarına görə qəm çəkərlər. Ancaq o kəs ki, bu zindandan azaddır, bu cür qəmə düçar olmaz.
Yaşıl qəm
Yaşıl qəm insanın özünü tanıması nəticəsində hasil olar. Bu halda olan zaman insan bəzi məsələlərdən əl çəkir ki, bəzi şeylərə çata bilsin. Bu qəm gülər üzlə bir yerdə olur. İnsan özünü və Allahını tanıyaraq, öz nöqsanlarını və çatışmamazlıqlarını dərk edir. Buna görə qəmgin olar və qəm uzaqlığın və ayrılığın qəmidir. Yəni, əsl vətəni olan Allah qürbündən uzaq olmasına görə qəmgindir. Bu daxili qəm zahiri nur gətirər. Bu cür başqalarına qarşı mehriban olar və onları incitməməyə çalışar.
Onlar özlərindən razı olmadıqları üçün qəmgindirlər. Özlərini şeytandan amanda hiss etmirlər. Daha az səy etdikləri üçün qəmgin olarlar. Bəli, bu yaşıl qəmdir. Bu möminlərin qəmidir və bu qəm hara, paxıllığa görə edilən qəm hara!