“Fəth” surəsİ Peyğəmbərİn (s) məsum olmasını İnkar etmİrmİ?


Cavab: Əvvəla, nəzərə almalıyıq ki, bütün inqilabi insanlar hansısa mənfi ictimai fikirlərə qarşı addım atmışlar. Öz islahedici proqramları ilə meydana atılan bu insanlar ilk qədəmdə müxaliflərlə, yalanlarla, böhtanlarla üzbəüz gəlirlər. Böyük şəxsiyyətlər daim geri qalmış cəmiyyətin bu sayaq hərbə-zorbası ilə rastlaşmışlar.
Peyğəmbər də istisna deyil. Həzrət qüreyşin müxalifəti, onların əsassız böhtanları ilə üzbəüz gəlmişdi. Dünənədək etibarlı, doğruçu, pəhrizkar sayılan bir şəxs insanları cəhalətə, bütpərəstliyə qarşı çağıran tək, sehr-caduda, divanəlikdə ittiham olundu. Bu sayaq böhtanlar hamını çaşdırmasa da, cəmiyyətin sadəlövh və nadan təbəqəsini şəkk-şübhəyə salır. Doğrudan da, həmin vaxt qüreyş öz böhtanları ilə bir çoxlarını çaşdıra bildi. Bəs töhmət və iftiraları aradan götürüb, həqiqətin simasını necə aşkarlamaq olar? Bir çıxış yolu var: Mübariz, tərəqqipərvər insan qələbə çalıb, öz xeyir niyyətini sübuta yetirməklə haqqında deyilənləri puça çıxara bilər. Belə bir insan məğlub olduqda isə onun haqqında deyilən böhtanlar uzun müddət zehnlərdən silinmir.
Yuxarıda deyilənlər İslam Peyğəmbərinə (s) də aiddir. Həzrətin mütərəqqi proqramları məhrumların xeyrinə, zalım hakimlərin zərərinə idi. Haqq mübarizə meydanında qazanacağı qələbələrdən xəbər verirdi. Allahın lütfü, öz dözümü və ardıcıllarının vəfası sayəsində həzrət Peyğəmbər (s) şirk mərkəzini sarsıtdı və Məkkə parlaq bir qələbə ilə fəth olundu. Həmin günədək açıq düşmənçilik edən qüreyş İslam hakimiyyəti qarşısında diz çökməyə məcbur oldu. Ən böyük nəticə isə mənəvi inqilabın bəhrəsi idi. Qələbə sayəsində yalançı və böhtançı ağızlar bağlandı. Artıq həzrət Peyğəmbəri (s) divanə, sahir, kahin, şair adlandıran yox idi. Çünki deyilən sifətlərə malik olan insan belə əzəmətli bir qələbə qazana bilməzdi.
Adı çəkilən ayədə həzrət Peyğəmbərdən (s) baş vermiş hansısa günahdan yox, Məkkənin fəthindən qabaq həzrətə aid edilən böhtanlardan danışılır.
Uyğun qələbə bir çox sadəlöhv insanların qəlbində özünə yer tapmış şəkk-şübhələri aradan qaldırdı. Əgər Məkkənin fəthi baş verməsəydi, böhtanlar da davam edəsiydi. Ayənin bu cür təfsir olunmasının iki dəlili var:
1. Məkkənin fəthi gününədək həzrət Peyğəmbərin haqqında min bir yersiz söz danışılırdı. Qələbədən dərhal sonra həzrət Peyğəmbərə (s) nahaqdan aid edilən bütün günahlar unuduldu. Əgər Peyğəmbər (s) özü günaha yol vermiş olsaydı, bu günahların yuyulması üçün Məkkəni fəth etməyə ehtiyac yox idi. Günah tövbə vasitəsi ilə yuyulur.
2. Ayəyə diqqət etsəniz, görərsiniz ki, ayədə təkcə keçmişdəki günahlardan yox, həm də gələcəkdəki günahlardan danışılır. Əgər gələcəkdə hansı günahın baş verəcəyi bilinmirsə, bu günah əvvəlcədən necə bağışlana bilər? Demək, yeganə düzgün təfsir Peyğəmbərə nahaq olaraq aid edilmiş günahların nəzərdə tutulmasıdır. Çünki həzrətə Məkkənin fəthindən qabaq da böhtan atılırdı, sonra da belə böhtanlar atılması mümkün idi. Ona görə də Allah-təala həzrət Peyğəmbərə (s) həm əvvəlki, həm də sonrakı günahları, yəni böhtanların bağışlanacağını, yəni yuyulub gedəcəyini vəd edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter