Qəbİr və qəbİr əzabı nədİr?
Qəbir dünyası həmişə insanların marağına səbəb olan məsələlərdən biridir. Qəbir dedikdə, insanın öləndən sonra düşdüyü bərzəx aləmi nəzərdə tutulur. Bu aləm Qiyamətə qədər davam edir. İmam Sadiqin (ə) tərəfdaşlarından biri olan Həmad deyir: “İmam Sadiqdən (ə) soruşdum ki, bərzəx nədir?” O, buyurdu: “Bərzəx - ölümdən qiyamətə qədər olan qəbirdir””.
İnsanın ruhu öləndən sonra öz misali bədəninə qovuşur. Əslində insan bu dünyanı tərk edən zaman maddi bədənindən ayrılır. Öz misali bədəninə qovuşur. Çünki onun bu bədəni bərzəx aləminə uyğun olan bir bədəndir. Ruh ilə rabitəsi maddi bədənin ruh ilə olan rabitəsindən daha güclüdür.
İmam Baqirdən (ə) nəql edirlər ki, buyurub: “Möminlərin ruhları dünyadan gedən zaman dünya cəsədləri kimi cəsədlərdə olarlar. Behişt (bərzəx) nemətlərindən bəhrələnərlər”.
İnsanın ruhu maddi bədənindən ayrılandan sonra bərzəxə daxil olar. Misal bədəni ilə həyatını davam etdirər. Bu, belə deyildir ki, insanı hansısa vəhşi heyvan yesin və ya dənizdə batsın, onun torpaq üzərində qəbri olmadığına görə sorgu-sual etməsinlər. Xeyr, belə deyildir, hər bir insan öləndən sonra bərzəx aləminə daxil olur və etdiyi əməllərinə görə mükafatlandırılır və ya cəzalandırlır.
Biz Qurana və hədislərə müraciət edərək, bu aləmin həqiqətlərini dərk edə bilərik.
Quran bu haqda buyurur: “Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?!” (“İsra” 99).
Nurani bir hədisdə oxuyuruq: “O zaman ki, sizlərdən biri dünyadan gedər, əgər behişt əhli olarsa, yeri behiştdə, əgər cəhənnəm əhlidirsə, yeri cəhənnəmdədir. Ona deyilər: “Bu sənin yerindir””.
Başqa bir hədisdə oxuyuruq: “Qəbir - ya behişt bağlarındadır, ya da cəhənnəm çala-çuxurundadır”.
Bərzəx aləminin xüsusiyyətlərindən biri də odur ki, insan qəbir evində sorgu-sual olunar. İmam Səccad (ə) buyurur: “Peyğəmbər (s) hər cümə məcsiddə insanlara nəsihət verir və buyururdu: “Nəkir və Məkir adlı iki mələk səni sorgu-sual etmək üçün gələrlər. Onu bil ki, səndən soruşacaqları ilk sual pərəstiş etdiyin Allah olacaqdır. Sənə göndərilən Peyğəmbər (s) haqqında və etiqad bəslədiyin din haqqında sual verəcəklər”.
Bərzəx aləminin əzab və savabı bərzəx aləmindəki bədənimizə şamil olar, dünyada qəbirdə basdırılan cansız cəsədimizə deyil. İnsan vəfat edəndən sonra cəsədi hərəkət edə bilməz. İnsan ruhu misali bədənində ya mükafatlandırılaraq, behiştə daxil olar, ya da dəhşətli əzaba məruz qalar. Fəryadı hər yeri bürüyər.
Bəzi günahlar vardır ki, insan ona görə qəbirdə əzaba düçar olar:
1. Məzlumun kənarından keçib getmək və ona yardım etməmək.
2. Söz gəzdirmək.
3. Ailəyə itaətsizlik və həyat yoldaşından uzaqlaşmaq.
4. Ailədə pis əxlaq göstərmək.
Əgər möminlərin qəbirdə çəkdikləri əzaba nəzər salsaq, görərik ki, bu, onlar üçün bir nemətdir. Günahdan paklanmaq və saflaşmaqdır. Günahlarının kəffarəsidir. Onların əbədi behiştə daxil olmasını qəti edir.
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: “Qəbir sıxıntısı mömin üçün dünyada zay etdiyi nemətlərin kəffarəsidir”.