Həyatın çətİnlİklərİ qarşısında nə etməlİ?
Həzrət Səccad (ə) zəmanəsinin çətinliklərindən Allaha pənah aparırdı. Çünki dünya heç bir zaman çəkişmələrdən və bəlalardan uzaq olmaz. Onların ən kiçiyi - xəstəlikdir. İnsanın cismi dərd və ağrı ilə həmdəm olar. Bəzən də xəstəlik ölümə qədər ondan əl çəkməz. Bu həqiqət dünyanın sonuna qədər davam edər.
Bəzən dünya insana xəstəlik kimi bəla gətirər, bəzən də onu maddiyyat burulğanında fırladar, bəzən də övlad və yaxınlarının acı ilə imtahana çəkər. Əyyub (ə) peyğəmbərə də dünyanın ən pis bəlalardan biri nazil olmuşdu. Allah Təala onun haqqında buyurur: “Və Əyyubu – onun «mənə xəstəlik, çətinlik və bəla üz verib və Sən mehribanların ən mehribanısan» (deyə) Rəbbini səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və (digər səbirli) abidlər üçün ibrət olsun deyə onun (hadisələr nəticəsində həlak olmuş) adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik”. (“Ənbiya” 83-84).
Allah Təala bizə Əyyubun (ə) macərasını bəyan edərək, ondan ibrət götürməyimizi istəyir. Yəni, bizim də Əyyub (ə) kimi səbir və dözüm nümayiş etdirməyimizi istəyir. Necə ki, o, dünya və axirətdə bu bəlaya dözərək mükafat əldə etmişdir, bizim də onun kimi olmağımızı istəyir. Çünki insan çətinliyə düşən zaman Həzrət Əyyubu (ə) xatırlayarsa, onun çəkdiyi əziyyətləri yada salarsa, səbir qapısını aça bilər. Özünü bu çətinliklərə qalib gəlmək üçün hazırlaya bilər. Səbir hər bir peyğəmbərin çətinliklərə qalib gəlməsi üçün ən böyük silahı idi. İstəsən də, istəməsən də dünya bəla və çətinliklərlə doludur. O kəsin ki, mətanəti yoxdur, həmişə gələcəyə görə nigarandır. Ancaq o kəslər ki, səbirlidir, hadisələrdən qorxmaz.
Həzrət Peyğəmbər (s) ağrıya görə dözümsüzlük edən bir xəstəyə təbəssümlə nəzər salıb buyurur: “Möminə və onun xəstəliyi üzündən dözümsüzlüyünə görə təəccübdəyəm. Əgər mömin bu xəstəliyin çətinliyinə görə ona verilən mükafatı bilsəydi, arzu edərdi ki, Allahı ilə görüşənə qədər həmişə çətinlikdə olsun”.
İmam Sadiq (ə) buyurur: “Nə zaman bir insan dərdə düçar olar, səbir etsin. Allah min şəhidin savabı qədər ona savab təyin edər”.
Məsumlardan (ə) gələn hədislərdən belə başa düşülür ki, insanın behiştə çatması, dünyada olan zaman bəla və çətinliklər burulğanından keçmə keyfiyyətindən asıldıır. Yəni, əgər mömin bu çətinliklərə səbir edər və onu Allahın təqdiri hesab edərsə, İlahi imtahandan keçmiş olar. Əks halda isə bu imtahandan kəsilə bilmək ehtimalı vardır.
İmam Əli (ə) öz zəmanəsini məzəmmət edərək buyurur: “Ey insanlar! Biz küfrə qərq olmuş bir zəmanəyə tuş gəlmişik. Elə bir zəmanədir ki, yaxşı əməl sahibini pis əməl sahibi kimi tanıyarlar. Zalımlar zülmlərini artırırlar. Bildiklərimizdən faydalana bilmirik. Bilmədiklərimizi soruşmuruq. Təhlükə başımıza dəyməyincə ondan qorxmuruq”.
Sonra Həzrət (ə) insanların vəziyyətini dörd hissəyə bölür:
1. Yerdə fəsad törədənlər.
2. Hökumət iğtişaşçıları.
3. Xəyanətkar münafiqlər.
4. Salehlər və təqvalılar.
Bəli, insanların bəziləri suyu çirkləndirən gilə bənzəyərlər. Bəziləri isə zülal və şəffaf su kimi cəmiyyətin iftixarı olarlar.
İmam (ə) başqa yerdə buyurur: “Ruzigar bədənləri çürüdər. Arzuları təzələyər, ölümü yaxınlaşdırar. Ümidi uzaqlaşdırar. Hər kim ruzigarı əldə edərsə, əziyyətə düşər. Hər kim əlindən verərsə, qüssəli olar”.
İmam Əli (ə) İmam Həsənə (ə) tövsiyə edir: “Ey oğlum! Bil ki, ruzigar simasını əvəz edir və dəyişir. Ona görə də onlardan olma ki, çoxlu məzəmmət edər və insanların yanında üzrü az olar”.
Bəs zəmanənin bu çətinliklərinə necə dözə bilərik?
İmam Sadiq (ə) belə bir tövsiyə edir: “Mömin üçün həqiqi rahatlıq yoxdur. Məgər o zaman ki, Allahla görüşər. Rahatlıq dörd şeydədir: Sükutdur ki, bu zaman qəlbin və nəfsinlə Pərvərdigarına diqqət edirsən. Xəlvətdir ki, orada zəmanənin aşkar və gizli əziyyətlərindən nicat tapırsan. Aclıqdır ki, onunla şeytani vəsvəsələri öldürürsən. Gecə oyaq qalmaqdır ki, onunla qəlbini aydın, ruhunu pak edirsən”.