İnsan cİnlərlə rabİtə qura bİlərmİ?
Cinlər xəyali varlıqlar deyildir. Cinlər maddi varlıqlardır ki, onlarla rabitə qurmaq imkanı vardır. Bir çoxları onlarla rabitə qura bilir.
“Cin” kəlməsindən Qurani-Kərimdə 21 dəfə istifadə edilmişdir. Cinlər atəşdən xəlq edilmişdilər. Quranın nəzərinə görə onlar aqil və iradə sahibi olan varlıqlardır. Adi şəraitdə onları hiss orqanları ilə görmək və hiss etmək olmur. O, insan kimi mükəllifdir. O, mömin və kafir, itaətkar və üsyankar ola bilir.
Cinlərin də insanlar kimi ruhu və cismi vardır. Bəziləri kişi və bəziləri də qadındır. Onlar da insanlar kimi doğulur və ölürlər. İmanlı və kafir olurlar. Möminləri İmamlara (ə) itaət edir və insan möminləri özlərinə qardaş hesab edirlər.
Ona görə də onların hidayəti üçün də Rəsulallah (s) göndərilmişdir. İnsan kimi Allaha ibadət etmək - onların vəzifəsidir. Allaha itaət və ya üsyan etmələrinə görə mömin və kafir olurlar.
Cinlərin qabiliyyəti.
Cinlər də şeytan kimi məhdud qüdrətə malikdirlər. Onlar sürətlə fövqəladə işlər görə bilirlər. Onların fikri qabiliyyəti zəif olsa da, ancaq hərəkət qüdrətləri insandan çoxdur. Onlar ağır daşları kiçik zaman içində daşıya bilirlər. Onların dərk qüvvəsi əqli deyildir, xəyali və vahimə qüvvəsi ilə olur.
Şeytanın qüdrəti vəsvəsə və təlqinlə olur. Düşüncələrinin mehvərini əmmarə nəfsi təşkil edir. Əmmarə nəfs şeytanın nüfuz etdiyi amildir. “Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq”. (“Qaf” 16).
«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa!». (“Hicr” 42).
Quran cinin varlığını təsdiq edir və onun üçün bəzi sifətləri bəyan edir:
1. Cin atəşdən yaradılmış varlıqdır. “Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı”. (“Rəhman” 15).
2. Elmə, idraka və batili haqdan ayrımağa qadirdilər. «(Qurana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik». «Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik». «Və elə ki, biz bu hidayətedicini (Quranı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar». (“Cin” 11-13).
3. Vəzifələri və məsuliyyətləri vardır. «Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır». (“Cin” 14).
4. Bir qrupu saleh və bir qrupu kafirdir. «(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki, Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər». (“Cin” 16-17).
5. Onların da məadı vardır. «Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (“Cin” 15).
6. Səmaya nüfuz edə bilirlər. «Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər». (“Cin” 9).
7. Bəzi insanlarla rabitə qurarlar. «İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar». (“Cin” 6).
8. Onların arasında elələri vardır ki, qüdrətləri başqalarından çoxdur. “Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!» (“Nəml” 39).
9. İnsanın ehtiyacı olan bəzi işləri görərlər. “Və Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq. Onlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi - möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər”. (“Səba” 12-13).
10. Onlar insandan əvvəl xəlq edilmişdilər. “Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq”. (“Hicr” 27).
11. Süleymana xidmət edirdilər.
12. İnsanın məqamı onlardan üstündür. Ona görə də Allah İblisə əmr edir ki, insana səcdə etsin. “Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər”. (“Kəhf” 50).
Beləliklə Quran ayələrinə istinadə edərək, insanla cinlərin rabitəsinə bir nəzər salaq:
1. Cinə pənah aparmaq. “Cin” surəsinin 6-cı ayəsində olduğu kimi. Ərəblərdə belə bir adət var idi ki, qorxulu bir səhraya gedən zaman oranın cinlərinə pənah aparardılar. İslam du adəti qadağan etdi və Allaha pənah aparmağı əmr etdi.
2. Cini xidmətinə almaq. Bu əməl - mümkün əməldir. Ancaq bu əməlin bəyənilən bir əməl olmasına aid alimlər və fəqihlər arasında dəqiq bir nəzər yoxdur. Təbii ki, bu əməli dinin qadağan buyurduğu yolla etmək haramdır. Ya da onların əziyyətinə səbəb olan. Həmçinin onları dini olmayan işlər üçün xidmətə götürmək olmaz. Çünki dinə zidd olan işləri görmək haramdır. İstər vasitə ilə olsun və istərsə də vasitəsiz.