Qəflət yuxusu nəyə deyİlİr?


İnsan kamala və İlahi məqama çatmaq üçün varlığından və mənliyindən İlahi hidayət yolunda faydalanmalıdır.
“Mən”inə diqqət etməmək - xilqətə və Həzrət Haqqa diqqət etməməkdir. İslam dinində bu hala qəflət yuxusu deyirlər. Qəflət yuxusuna giriftar olanlar bəlaya və günaha düçar olarlar. Bir çox xeyir və feyzdən məhrum olarlar.
Əgər insan özünü tanısa, əbədi həyatını ön plana çəkər. Əgər əbədi həyata inanmazsa, deməli özünü tanımır. Özünü tanımamasına səbəb olan amil isə onu dünyaya bağlayan amildir.
İnsan hər nə qədər nəfsani istəklərinə meyl edərsə, özünü tanımaqdan qafil olar. Həm Allahdan, həm məaddan və Qiyamətdən qafil olar.
Qurani-Kərim buyurur: “Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?». (“Yasin” 78)
“Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır”. (“Ənam” 103).
İmam Əli (ə) buyurur: “Ən ziyanverən düşmən - qəflətdir”.
Həzrət (ə) yenə buyurur: “Qəflət qürur gətirər, həlakətə yaxınlaşdırar”.
İmam (ə) başqa yerdə buyurur: “Vay olsun o kəsə ki, qəflət ona qalib gələr. Hərəkətini və bu dünyadan gedəcəyini unudar, axirət dünyasına hazırlaşmaz”.
“Qəflət mənzilindən çəkin”.
“Sizə ölümü yada salmağı tövsiyə edirəm, bu məsələyə olan qəflətinizi azaldın. Sizdən qafil olmayan bir şeyə görə necə qəflət edə bilərsiniz?”.
“Ey o insanlar ki, həqiqətlərdən qafil idiniz, sizdən qafil deyildirlər. Ey o kəslər ki, dünyaya aldandıqları üçün Allahın və Rəsulunun (s) itaətini tərk ediblər! Tezliklə malik olduqlarını onlardan alacaqlar. Sizə nə olub ki, Allahdan uzaq düşmüsünüz! Ondan qeyrisinə üz tutmuş və dost olmusunuz!”
Loğman oğluna deyir: “Qafil olmağın üç nişanəsi vardır: məşğuliyyət, səhv və unutqanlıq”.
Bu ayə və hədislərdən belə nəticə çıxartmaq olar ki, insanın bu dünyadakı ən qatı düşməni - qəflətdir. İnsan əgər özündən qafil olarsa, hər şeydən qafildir deməkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter