Həzrət Həvva Həzrət Adəmİn qabırğasından xəlq edİlmİşdİrmİ?


Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı”. (“Nisa” 1).
Bu ayədən belə nəticəyə gəlmək olur ki, kişi ilə qadın gildən yaranmışdılar. Onların arasında olan fərq dilinə, rənginə, hikmət və təqvasına görədir. Bəli, qadın yaradılışı baxımından kişi ilə cüt yaradılmışdır. Onların bu cütlüyü ailəni əmələ gətirmişdir. Quran ayələrindən belə nəticə çıxartmaq olur ki, insan bir vahid nəfsdən yaradılmışdır. Allahın izni ilə iki budağa bölünmüşdür. Biri kişi və o biri qadın simasında. Bu kişi ilə qadın ailə qurdular və Allahın izni ilə siratül-müstəqim yoluna qədəm basdılar. Bu iki insan gələcək insan nəslinin təməlini qoydular.
Ancaq bəzi firqələr qadını təhqir etmək üçün onun Adəm (ə) peyğəmbərin sol qabırğasından yaradıldığını iddia edirlər. Bu qadını təhqir etməkdən başqa bir şey deyildir. Onlar müxtəlif hədislər uyduraraq Həvvanın (ə) Adəmin əyri qabırğasından və sağ deyil, sol qabırğasından yaradıldığını iddia edirlər. Bu yolla qadının elə əvvəldən müstəqil yaradılmamağına işarə edirlər. Onlar deyirlər ki, qadın əyri qabırğadan yaradıldığı üçün həmişə əyri yoldadır və onu düz yola gətirmək istəsən, qırıla bilərlər.
Ancaq Əhli-beyt (ə) məktəbi qadının yaradılışına bu nəzərlə baxmır. Zərarə İmam Sadiqdən (ə) Həvvanın (ə) yaradılışı haqqında soruşur və deyir: “Bizim cəmiyyətdə yaşayan bəzi insanlar deyirlər ki, Allah Həvvanı (ə) Adəmin (ə) sol qabırğasından yaratmışdır”. İmam (ə) buyurur: “Sübhənallah, Allah bundan böyükdür. O kəslər ki, belə düşünür, əqidələri budur ki, Allahın qüdrəti olmamışdır və ona görə də Adəmin (ə) həyat yoldaşını onun sol qabırğasından xəlq etmişdir? Allah bizimlə bu cür insanlar arasında hökm etsin”.
Həzrət (ə) davamında buyurur: “Allah Adəmi gildən xəlq edir. Mələklərə əmr edir ki, onun qarşısında tövazökarlıq etsinlər. Ondan sonra Həzrət Adəm (ə) Allahın qüdrəti ilə yuxuya gedir. Allah elə bu zaman Həvvanı gilin bir parçasından xəlq edir. Adəm Həvvanın hərəkətindən oyanır. Allah tərəfindən Həvvaya əmr edilir ki, Adəmdən fasilə saxlasın. Adəm nəzər salır və özünə bənzər bir insan görür. Ondan soruşur: “Sən kimsən?” O, cavabında deyir: “Mən elə bir məxluqam ki, Allah məni gördüyün qiyafədə xəlq etmişdir”.
Adəm Allaha buyurur: “Pərvərdigara! Mənimlə ünsiyyət quran bu gözəl simalı şəxs kimdir?” Allah buyurur: “Bu, Həvvadır. İstəyirsən o səninlə olsun və səninlə həmsöhbət olsun?”. Adəm cavabında deyir: “Bəli, Sənin bu nemətinə şükür edəcəyəm”. Allah Təala Adəmə xitab edir: “Ona elçilik et!” Adəm deyir: “Pərvərdigara! Mən Həvvanı Səndən istəyirəm. İndi de görüm mənim vəzifəm nədir?”.
Allah buyurur: “Bu evliliyin mehriyyəsi odur ki, ona din maarifini öyrədəsən”. Adəm qəbul edir. Allah hər ikisinin arasında nikah bağlayır. Bundan sonra Həzrət Adəm Həvvaya deyir: “İndi mənə tərəf gəl”. Həvva cavabında deyir: “Sən mənə tərəf gəl”. Allah Adəmə xitab edir ki, sən ona tərəf get. Əgər Adəm Həvvaya tərəf getməyə vəzifələndirilməsəydi, qadınlar kişilərin sorağına gələr və elçilk edərdilər”.
Bu hədisin sənədləri səhihdir. Buna oxşar hədisi İmam Baqir də (ə) nəql edir.

İmam Sadiqdən (ə) gələn bu hədisdə bir neçə məsələyə işarə edilmişdir:
1. Həvvanın xilqəti Adəmin sol qabırğasından həyata keçməmişdir. O, da Adəm kimi müstəqil xəlq edilmişdir.
2. Adəm ilk əvvəl Həvva ilə ünsiyyət niyyətilə rabitə qurmuşdur. Ona görə də Allah bunu onların rabitə qurmaq vasitəsi qərar verir.
3. Mehriban Allah ünsiyyət və ülfətdən sonra onları evləndirmək istəyir.
4. Həvvanın mehriyyəsi kimi dini maarifi öyrətməsini istəyir.
5. Fitri cəhətdən kişilər qadınların tərəfinə gedər və ona evlənmək təklifi edərlər. Bu məsələnin özü də qadına olan ehtiramın nişanəsidir.
(Erfan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter