Qİyamətdə əməllər necə təcəssüm olacaq?


Əməllərin təcəssüm olunması o deməkdir ki, insanın bu dünyada gördüyü bütün əməlləri o biri dünyada həmin əmələ uyğun şəkildə nümayiş etdirilər. Yəni, savablar, cəzalar, nemətlər, fərəhlər, dərdlər, işgəncələr - hamısı özünü o biri dünyada nümayiş etdirər.
Bir sözlə, insanın bu dünyada gördüyü hər bir rəftar bu dünyada bir sifətdədir ki, biz onu müşahidə edirik. Bir də axirət sifəti vardır ki, hal-hazırda qəlbimizdə və əməlin özündə gizlənmişdir. Qiyamət günü bərpa olan zaman isə dünyəvi simasını əldən verəcək və axirət simasına bürünəcəkdir. Bu da sahibini ya fərəhləndirəcək, ya da qəmləndirəcəkdir.
Ona görə də insanın əməlinin cəzası əməlin özünə görə olacaqdır. İlahi məhkəmədə insanın əməli olduğu kimi insanın özünə qaytarılacaqlar. Elmdə bu məsələyə əməlin təcəssüm olması deyilir.
Quranın bir çox ayələri bu mövzuya işarə edir. Allah Təala buyurur: “Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir”. (“Ali-İmran” 30).
Başqa ayədə buyurur: “Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Bəqərə” 174).
Ona görə də deyə bilərik ki, bu gün dünyada müşahidə etdiyimiz əməllərin axirətdə başqa bir siması olacaqdır. Onların əsl siması indi insanların gözündən gizlidir, ancaq o biri aləmdə hər şey aşkar olacaqdır. Çalışaq bu dünyada bir gün İlahi məhkəməyə çəkiləcəyimizi yaddan çıxartmayaq və elə əməllər görək ki, məhşər səhnəsində üzümüzü qara etməsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter