Nə üçün bəzİ ayələr təkrarlanır?
Cavab: Nəzərə almaq lazımdır ki, Qurani-məcid iyirmi üç il ərzində nazil olmuşdur. Bu iyirmi üç il müxtəlif hadisələrlə müşayiət olunmuşdur. Quran dünyəvi qanun kitabı və ya klassik bir əsər deyil ki, onda mövzular ayrıca qruplaşdırılmış olsun. Quran təbliğ, hidayət kitabıdır və onun məqsədi insanlara xoşbəxt həyat yolunu göstərməkdir. Quran elə bir cəmiyyətin qurulması üçün çalışır ki, bu cəmiyyətdə insanlar maddi və mənəvi kamala çata bilsinlər. Ona görə də Quranda bütün mövzulara toxunulmuşdur. Quran tədricən, müxtəlif hadisələrlə əlaqədar nazil olmuş, dövrün suallarına cavab vermişdir.
Quranda iki növ təkrarla qarşılaşırıq: 1. Bir qism tarixlərin təkrarı; 2. Xüsusi bir həqiqəti bəyan edən ayələrin təkrarı.
Keçmişdə baş vermiş əhvalatların Quranda təkrarlanmasının məqsədi insanların diqqətini keçmiş cəmiyyətlərdə hökm sürən qanunlara yönəltməkdir. Quran insanları həmin qanunlarla tanış etmək istəyir. Cəmiyyətlərin hansı səbəblərdən inkişaf etdiyi və hansı səbəblərdən süquta uğradığı bəyan olunur. Peyğəmbərlərin dəvətlərinin qəbul olunmaması nəticəsində cəmiyyətlərin hansı təhlükəli aqibətlərlə rastlaşdığı nəzərə çatdırılır. Bir sözlə, hər hansı bir cəmiyyətin inkişaf və süqut səbəbləri araşdırılır. Quran müxtəlif əhvalatları bəyan etməklə insanları qanunlarla tanış edir və itaətsizliyin acı nəticələrini yada salır. Əgər Quran müxtəlif məqamlarda Bəni-İsrail və ya Adəmin yaranışı haqqında danışırsa, nə vaxtsa nəzərdən qaçırılmış məsələləri bir daha insanlara xatırlatmaq istəyir. Qurandakı әhvаlаtlаrа diqqət yetirməklə bir çox həqiqətlər üzə çıxır.
Ayələrin təkrar olunmasında məqsəd insanların ruhiyyəsinə təsir göstərməkdir. Məsələn, belə bir məqsədlə “Ərrəhman” surəsinin “fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsi təkrar olunur. Allah-təala bir cəmiyyətin ruhunu, düşüncəsini oyatmaq istədiyi vaxt psixoloji təsirlərə malik mövzuları təkrarlayır. “Ərrəhman” surəsində insanın yaranışında, cəmiyyətin təşkilində mühüm rola malik olan nemətlər sadalandıqdan sonra insanların düşüncəsini oyatmaq üçün “belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz” ayəsi təkrar olunur. Bu ayə insanlarda haqşünaslıq hissini oyadır, onları nankorluqdan çəkinməyə çağırır. Bu sayaq təkrarlar insanların hidayəti cəhətindən xüsusi bir təsirə malikdir. Qurandakı belə təkrarların fəsahət və bəlağət xarakterli olduğunu düşünmək düzgün deyil. Bu sayaq təkrarlar müxtəlif xalqların ədəbiyyatında təsadüf olunan bir metoddur. Bir çox qəsidələrdə şairin əsas məqsədini təşkil edən cümlə tez-tez təkrarlanır. Bu sayaq təkrarlar poetik gözəllik yox, oxucunun diqqətini əsas məsələyə yönəltmək məqsədi daşıyır.