Peyğəmbərlər (ə) bəşərİyyətə nəyİ çatdırdılar?
Peyğəmbərlərin (ə) məbus olmalarının hədəfi bu idi ki, insanlara Allahı tanıtsınlar və Ona yaxınlaşmağın yollarını öyrətsinlər. Onlar gəldilər və cəmiyyətdə ədaləti bərqərar etdilər. Bütün İlahi peyğəmbərlər (ə) Allah tərəfindən göndərilmişdir. Onların iki mühüm hədəfi var idi. Biri o idi ki, bəndə ilə Xaliq arasında rabitə yaratmaq və o birisi isə - bəşər insanları arasında saleh rabitələr qurmaq. Onlar gəldilər və bəşərin tək olan Allaha ibadət etməsini buyurdular. Çünki onların Xaliqi tək olan Allahdır, hansısa uydurma bütlər və ya səma cismləri deyildir. Bu da “Lə iləhə illəllah” kəlməsində cəmlənir.
Peyğəmbərlər (ə) insanlara bir-biri ilə qardaş olmağı öyrətdilər. Yəni bir-biri ilə ədalətlə, sülhlə, səfa və sevgi ilə rəftar etməyi öyrətdilər.
Qurani-Kərim peyğəmbərlərin (ə) bu iki hədəfini açıq şəkildə bəyan etmişdir. “Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik. Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik)”. (“Əhzab” 45-46).
Bu ayələrdən göründüyü kimi, peyğəmbərlərin (ə) ilk vəzifəsi - Allahı tanıtmaq olmuşdur. Başqa bir tərəfdən buyurulur: “Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən Allah qüvvətli və yenilməz qüdrət sahibidir”. (“Hədid” 25).
Bu ayədən də görmək olur ki, peyğəmbərlərin (ə) sonrakı hədəfi - ədaləti bərqərar etmək olmuşdur. Allah Təala buyurur ki, Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərmişik. Onunla birlikdə səma kitabını göndərmişik. Yəni adil qanunlar kitabını. Bu yolla insanlar ədalətə əməl etsinlər və cəmiyyətdə ədaləti bərqərar etsinlər.
Bəli, bu iki hədəf İlahi peyğəmbərlərin (ə) hədəfi idi. Beləliklə deyə bilərik ki, Quran ayələrindən də göründüyü kimi peyğəmbərin ilk və son sözü bu iki hədəf olmuşdur. Peyğəmbərlər (ə) insanları Allahı tanımağa dəvət etmişdilər və bu yolla onları nəzəri və əməli tövhidə dəvət etmiş olublar. Allahı tanımaq - nəzəri tövhiddir. Ədalət - əməli tövhiddir.