Quranda təhrİf varmı?


Cavab: Bilməliyik ki, Quranın təhrifi haqqında söz-söhbətlər daha çox məsihilər və yəhudilər tərəfindən yaradılır. Tarix şahiddir ki, bu iki qövmün asimani kitabı zaman keçdikcə təhrif olunmuş, dəyişdirilmiş və etibarını itirmişdir. Onlar Quran-kərimə də belə bir damğa vurmağa çalışırlar.
Tarix şahiddir ki, tövratın nüsxələri müxtəlif hadisələr, xüsusi ilə də yəhudilərə hücumlar zamanı dəfələrlə dəyişdirilmiş və yəhudi din xadimləri onu bəzəyib-düzəməyə çalışmışlar.
Tarixdən məlum olduğu kimi, “İncil dördlüyü” həzrət Məsihdən sonra bir qrup tərəfindən dəyişikliklərə məruz qalmış və beləcə, həzrət İsaya nazil edilmiş səmavi kitabdan əsər-əlamət qalmamışdır.
Dini maarifi və üsulu bu sayaq etibarsız kitablar üzərində qurulanlar Quranı da belə bir aqibətə düçar etmək istəyirlər. Onlar iddia edirlər ki, zaman keçdikcə Quran da təhrif edilmişdir.
Hansı ki, Quranın toplanma və qorunma prosesindəki dəqiqlik Tövrat və İncilin tənzimlənməsi ilə müqayisə oluna bilməz. İslam tarixinin heç bir dövründə Quranın dəyişdirilməsi üçün şərait olmamışdır. Bu məsələ ilə bağlı iki mövzunu nəzərdən keçirək:
1. Qurani-məcid İslamın bütün ictimai dönəmlərində inqilablar yaratmışdır. Quran cəmiyyəti sarımış şirk ənənələrini uçurub dağıdaraq, iman və bəşəri üsul əsasında həyat tərzi qurmuşdur. Quran daim ictimai meydanda olmuş, insanlar öz siyasətlərini, iqtisadiyyatlarını, əxlaqlarını, hətta adət-ənənələrini də Quran əsasında tənzimləmişlər. Böyük İslam dünyası gündə beş vaxt namaz zamanı Quranla təmasda olur, bütün işlərdə əvvəlcə Quran, sonra isə Peyğəmbər sünnəsinə müraciət edir. Dövlətçilikdə, cəmiyyətdə, ailədə daim diqqət mərkəzində olan belə bir kitab necə təhrif edilə bilər?! Hər bir ayəsi müsəlmanların könlündə yer almış bir kitaba məxfiyanə təcavüz mümkünmü idi?!
Heç kimin xəbəri olmadan Quranda təhrif aparılması fikri ona bənzəyir ki, dünyanın ən qüdrətli dövlətinin konustitusiyasını gizlicə dəyişirlər və kimsə bundan xəbər tutmur. Hansı ki müsəlmanların ictimai həyatında Quranın rolu hər hansı konstitusiyadan qat-qat böyükdür. Bəli, əgər Quranda zərrəcə təhrif olunmuş olsaydı, bütün müsəlman dünyası ayağa qalxardı.
2. İstər Peyğəmbərin həyatı dövründə, istərsə də ondan sonra Quranın toplanması o qədər əhəmiyyətli bir iş hesab olunmuşdur ki, Onda bir hərfin dəyişməsi ehtimalı da xülyadır. Tarixi məlumatlara əsasən, həzrət Peyğəmbərin dövründə Quranı qırx üç nəfərdən ibarət bir alim heyəti həzrətin göstərişi ilə yazıya alırdı. Bu yazılar ciddi səy və təlaşla qorunurdu. Bu Quran nüsxələrindən ən məşhuru Əli ibn Əbu-Talib və Zeyd ibn Sabitin yazıya aldığı Quran nüsxəsidir. Məhz bu etibarlı nüsxənin çoxsaylı surətləri müsəlmanlar arasında yayılmış və gecə-gündüz həmin nüsxələrdən istifadə olunmuşdur.
Başqa bir maraqlı nöqtə isə odur ki, bir çox müsəlmanlar Quranın ayə və surələrini əzbərləyirdilər. İş o qədər dəqiq şəkildə icra edilərdi ki, hətta Quranı əzbərləyən insanlara “qari” deyilərdi. Xalq daim onlara müraciət edər, Quranın dərin mənalarından faydalanardılar.
Tarixin maraqlı bir səhifəsinə nəzər salaq. Əbu-Bəkrin xilafəti zamanı Yəmamə döyüşü getdiyi vaxt bir çox Quran qariləri şəhadətə yetdi. Müsəlmanlar qərara gəldilər ki, Quranı hifz etmək üçün Quranın bütün mövcud nüsxələri bir yerə toplansın və düşmən vəziyyətdən istifadə etməmiş yeni Quran hafizləri yetişdirilsin.
Osmanın xilafəti dövründə əvvəlki nüsxələr əsasında Quranın yeni dörd nüsxəsi hazırlandı. Bütün məntəqələrə göstəriş verildi ki, yalnız və yalnız bu dörd nüsxə əsasında Quran təlim edilsin. Müsəlmanlar arasında Qurana diqqət o qədər güclü idi ki, bir hərf haqqında uzun-uzadı mübahisələr baş verərdi. Bir dəfə Əbu ibn Kəb ilə xəlifə Osman arasında mübahisə düşür. Osman iddia edirdi ki, haqqında danışılan ayə “əlləzinə” kəlməsi ilə başlanır. İbn Kəb isə onunla razılaşmır, ayənin “vəlləzinə” kəlməsi ilə başlandığını iddia edirdi. İbn Kəb Quran kəlməsini həzrətdən bu sayaq eşitdiyini israrla bildirir və tutduğu mövqedən çəkilmirdi. Mübahisənin qızğın yerində qılıncını çəkərək deyir: “Hər kəs bu hərfi Qurandan götürmək istəsə, onu qılıncdan keçirəcəyəm.” İbn Kəbin mövqeyi xəlifəni öz ehtimalından çəkinməyə məcbur etdi. Əgər Quranın bir hərfi haqqında bir bu qədər mübahisə olmuşdursa, hansı əhəmiyyətli dəyişiklikdən danışmağa dəyər?!
Yuxarıda deyilənlərdən əlavə, nəzərə almalıyıq ki, Quranın müxtəlif ayələrində onun təhrifinin mümkünsüzlüyü bəyan olunmuşdur. Qurani-kərimdə oxuyuruq: “Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq.” Eləcə də, İslam alimləri öz təfsir və kəlam kitablarında qəti şəkildə bildirmişlər ki, Quranda heç bir təhrif baş verməmişdir. Bəli, bəzi Quran araşdırıcıları, qeyri-möhtəbər hədislərə asaslanaraq, Quranda dəyişiklik baş verməsini ehtimal etmişlər. Amma ehtimal ehtimal olaraq qalır və onu sübuta yetirmək lazımdır. Bu sayaq məlumatların heç bir elmi əsası yoxdur.
Uyğun mövzuda bir çox kitablar yazılmışdır. Həmin kitablarda Quranda təhrifin baş vermədiyi möhkəm dəlillərlə sübuta yetirilmişdir. Ərəb dili ilə tanış olmayanlar Mərhum Hac Mirza Mehdi Bürucerdinin “Bürhane-rövşən” kitabını mütaliə edə bilərlər.
Bəziləri qeyd edirlər ki, həzrət Əmirəl-mömininin (ə) ixtiyarında olan Quran başqa Quranlardan fərqlənmişdir. Bu isə Quranın təhrif olunduğunu sübuta yetirmir. Çünki həzrət Əmirəl-mömininin topladığı Quranda ayələrdən əlavə onların nazil olma şəraiti, təfsiri və həzrət Peyğəmbərdən nəql olunmuş izahlar da verilmişdir. Demək, fərq izahlardadır, əsil mətndə yox!

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter