İMAM ZAMAN AĞANIN (ə.f.) QEYBİNİN SƏBƏBİ NƏDİR?
İmam Zaman ağa (ə.f.) nə səbəbə görə nəzərdən gizlidir və qeyb zamanı onunla rabitə yaradan kimsə varmı?
Cavab: İmam Zaman ağanın (ə.f.) qeyb zamanının həqiqi və əsl səbəbini bəyan etmək çətin məsələdir. Qeyb haqqında həm tarixi və həm də psixoloji nəzərə malik olmaq olar.
Tarixi nəzər. İslamın ilk vaxtlarına nəzər salsaq, kafir və batil ordunun haqq ordusunu necə məhv etmək istədiyini görmək olar. Bu yolda dini rəhbərləri belə öldürməkdən çəkinməmişdilər. Onlar çox gözəl bilirdilər ki, dünyadakı hökumətlərini davam etdirmək üçün dini rəhbərləri aradan qaldırmalıdırlar. Belə ki, Məsum İmamların (ə) şəhadəti xəlifələrin əsas məqsədləri olmuşdur. Xəlifələri daha çox dəhşətə gətirən şey müjdəçinin zühur etməsi xəbəri olmuşdur. Ona görə də İmam Həsən Əsgərinin (ə) dövründəki xəlifələr onu nəzarət altında saxlayırdılar. Onlar gözləyirdilər ki, vəd edilmiş müqəddəs şəxs dünyaya gələn kimi onu şəhid etsinlər.
Ona görə təbiidir ki, Allah öz hüccətini yerinə yetirmək üçün onu qeybə çəkir. Bu yolla onun canı hifz edilmiş olar və zamanı çatanda və insanlar bu hazırlığı əldə edəndə zühur edər və ədaləti bərqərar edər.
Hədislərimizin nəzərincə. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bu - İlahi əmr və Allahın sirlərindən biridir”.
İmam Əli (ə) buyurur: “Allaha and olsun, mən və iki övladım şəhid olacağıq. Allah dünyanın sonunda övladlarımdan birini qanımızı almaq üçün ruhlandıracaqdır və o, bir müddət qeyb olacaqdır ki, insanlar imtahan olunsunlar və yollarını azmışlar bilinsinlər. O yerə qədər ki, nadan insanlar deyərlər: “Allahın Ali Muhəmmədlə daha işi yoxdur””.
Başqa yerdə İmam Əli (ə.f.) buyurur: “Yer üzəri Allahın hüccətindən boş qalmayacaqdır. Ancaq Allah insanların zülm etdiklərinə və hədlərini aşdıqlarına görə onları öz hüccətinin zahirindən məhrum edər”.
Bəziləri hədislərə baxaraq söyləyirlər ki, qeybin əsas səbəbi məlum deyildir. Bəziləri də tarixə nəzər salaraq bəyan edirlər ki, qeybin əsas səbəbi - İmamın (ə.f.) canının qorunması olmuşdur.
Ona görə demək olar ki, qeyb elə bir məsələdir ki, düzgün proqramlaşdırılmalıdır və Əhli-Beyt (ə) cəmiyyəti az bir çətinlik ilə onu qarşılaya bilməlidir. Ona görə də Məsum İmamlar (ə) bir tərəfdən şagirdlərinə əhkamı təlim edirdilər ki, gücləri çatdığı qədər dini hökmlərdən nəticə çıxara bilsinlər. İnsanları alimlərdən öyrənməyə və onlara müraciət etməyə təşviq edirdilər. Başqa bir tərəfdən isə vəkillik quruluşunu təsis edərək, insanları vəkillərə müraciət etməyə dəvət edirdilər. Elə bu aralarda xəlifələr İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) zamanında birbaşa olan əlaqələri azaltdılar. Ona görə də onlar pərdə arxasından suallara cavab verirdilər ki, insanlar İmamı (ə) görməməyə adət etsinlər. Bunların ardınca kiçik qeyb haqqında xəbər verildi. İnsanlar bu zaman ehtiyacı olan suallara cavab almağa başladılar.
İmam Zaman ağa (ə.f.) ilə əlaqə saxlayan insanlar haqqında isə demək olar ki, İmamın (ə.f.) iki qeybi olmuşdur. Biri kiçik və o birisi isə böyük qeyb. Kiçik qeyb zamanı Həzrət (ə.f.) insanların gözündən gizli idi. 4 səhabə İmam (ə.f.) ilə insanlar arasında vasitəçi idilər. İnsanların çətinlikləri bu dörd nəfərə deyilər və onlar da bu məsələləri İmama (ə.f.) çatdırardılar.
Böyük qeyb başlayanda isə insanların Həzrət (ə.f.) ilə rabitəsi kəsilir. Bu dövrün xüsusiyyəti belədir ki, heç kim iddia edə bilməz ki, o, İmamın (ə.f.) xüsusi vasitəçisidir və onunla rabitəsi vardır. Çünki hər kəs bu cür iddia edərsə, Həzrətin (ə.f.) özünün dediyi kimi, yalançıdır.
İkinci nöqtə odur ki, böyük qeyb zamanında saleh insanların, böyük alimlərin və təqvalı insanların Həzrət (ə.f.) ilə görüşləri olmuşdur. Baxmayaraq ki, bu görüşlər zamanı çoxları Ağanı (ə.f.) tanımamışdılar. Həzrət gedəndən sonra başa düşmüşdülər ki, hansı böyük bit tofiqə nail olublar. Zəhranın Yusifini (ə.f.) tanımayıblar.
Üçüncü nöqtə odur ki, qeyb zamanında İmam Zaman ağanın (ə.f.) yaşadığı yer və məkan bizlər üçün məlum deyildir. Bizim üçün o Həzrət (ə.f.) ilə görüş yolu bağlıdır. Həzrətin (ə.f.) özü əgər kimisə bu görüşə layiq bilərsə, həmin insanlarla görüşər.
Dördüncü nöqtə odur ki, bizim Həzrətin (ə.f.) xidmətinə getmək üçün heç bir vəzifəmiz yoxdur. Bizim vəzifəmiz odur ki, dini hökmlərə əməl edək. Elə rəftar edək ki, hərəkətlərimiz Həzrətin (ə.f.) rizayətini qazansın. Özümüzü Həzrət (ə.f.) ilə görüşə hazırlamalıyıq. O kəs ki, əvvəlcədən özünü bu görüşə hazırlamaz, o, həmin günü Həzrətin (ə.f.) tərəfdaşlarından olmayacaqdır.
Beşinci nöqtə odur ki, İmam Zaman (ə.f.) ilə görüşmək həm oyaq vaxtı mümkündür, həm də yuxuda.
İnsan ruhu əgər nuraniliyə malik olarsa, mənəvi və batini təharət əldə edərsə, görüş imkanı yaranar. Əgər insan o Həzrət (ə.f.) ilə görüşün həsrətində olarsa, əməldə də sadiq olarsa, bu cür insan mümkündür ki, ya oyaq vaxtı, ya da yuxuda İmam Zaman ağa (ə.f.) ilə görüşsün. O Həzrət (ə.f.) həmin insana diqqət etsin.
Həzrət (ə.f.) ilə rabitə iki cür mümkündür:
Ruhi rabitə. İnsan ruhi cəhətdən hiss edər ki, Həzrətə (ə.f.) yaxınlaşmışdır. Bu məsələnin iki əsasa ehtiyacı vardır:
1. Həzrət (ə.f.) haqqında daha çox və daha dərin biliyə malik olmaq.
2. Dini vəzifələrə əməl etmək. Xüsusilə vacibatlara əməl etmək və haramları tərk etmək.
Bu iki əsasın yanında insan gərək İmamı (ə.f.) daima yada salsın, İmamın (ə.f.) salamatlığı üçün dua etsin.
Qeyb zamanında İmamı (ə.f.) adi halda görmək mümkün deyildir. Ancaq insanlar arasında belə bir söz gəzir ki, 40 gün dalbadal Cəmkərana getməklə bunu etmək mümkündür. Lakin belə görünür ki, dini hökmlərə əməl etmək və o Həzrətə (ə.f.) təvəssül etmək daha yaxşı bir yoldur. Onu da bilmək lazımdır ki, əgər məsləhət deyilsə, bu görüş alınmayacaqdır.