Quranın nəzərində ölüm nədİr?


İnsanın həqiqətini onun mücərrəd ruhu təşkil edir. İnsan öləndə, bu ruh bədəndən xaric olar. İnsanın bu dünyadakı həyatı beşikdə olan körpəyə bənzəyir. Məkan və zaman isə bu beşiyi yırğalayır. Ancaq o zaman ki, buluğa çatır, gərək bu beşikdən çıxsın. Bu çıxış həmin ölümdür.
Qurani-Kərim ölümü məhv olmaq kimi dəyərləndirmir. Quranın nəzərinə görə ölüm - ruhun bir aləmdən başqa bir aləmə və Allaha qayıdışıdır.
Quran ölümü müxtəlif cür bəyan edir.
1. Dadmaq.
“Hər bir canlı (mütləq) ölümü dadacaqdır” .(“Ali-İmran” 185). Əgər insan məhv olsaydı, bəs dadmağın nə mənası olardı?

2. Ölüm.
Quranda ölümün 12 dəfə adı çəkilmişdir. Ölüm insanın Allaha tərəf qayıdışıdır.

3. Bəzi ayələrdə ölüm qayıdış və Allaha tərəf seyr kimi bəyan edilmişdir. “O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi)”. (“Qiyamət” 30).

4. Ölüm yuxuya bənzədilmişdir.
İnsan ölən zaman məhv olmadığı kimi ölən zaman da məhv olmur.

İmam Baqir (ə) buyurur: “Ölüm, həmin yuxudur ki, hər gecə sorağınıza gəlir. Bir fərqlə ki, müddəti uzundur”.
Ölüm hamımızın sorağına gələcəkdir, bu dünyada elə bir məxluq yoxdur ki, cavidan olsun. Allahdan başqa hər şey fanidir. “Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır”. (“Rəhman” 26-27).

Hər ibr canlı ölür və sonra axirət həyatı başlayır. Bu ikisi - İlahi nemətdir. Dünya həyatı axirət həyatının müqəddiməsidir. Bu müqəddimədən sona tərəf hərəkət - nemətdir. Allah fəna aləmində bütün insanları bərabər qərar vermişdir. Ölmək - savaba çatmaq deməkdir. Ölüm hər bir həddi-büluğa çatmış insan üçün bir lütfdür. Çünki əgər Allah savabı bu dünyada versəydi, əməl məhdudlaşmış olardı. Bunun nəticəsində heç kimi əməlinin savabına layiq olmazdı. Ona görə də Allah ölümü savabla əməl arasında fasilə kimi qərar vermişdir ki, bəndəsi itaəti ən yaxşı şəkildə yerinə yetirib savaba layiq olsun.

Quranın nəzərinə görə ölüm qəti bir şeydir. Heç kim ölümün çəngindən qurtula bilməz. «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız”. (“Cümə” 8). Heç kim ölümü özündən uzaqlaşdıra bilməz. Ölüm insanı harada olursa olsun yaxalayar. Onun heç bir ixtiyarı yoxdur. Heç kim bilmir ki, nə zaman və harada öləcəkdir.
“Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız”. (“Ənbiya” 35).

Bu ayədən aydın olur ki, imtahan - başqa bir müqəddimədir. İnsan bu həyatda yaşayıb öləcək və axirət aləminə daxil olacaqdır. Hamı Allaha tərəf qayıdacaqdır və Allah bizləri imtahana çəkəcək və hesaba çəkəcəkdir. Hamı öz əməlinin nəticəsini görəcəkdir.
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mulk” 2). Bu ayədən göründüyü kimi, yaradılışda məqsəd insanların həyatı və ölümü olmuşdur. Ona görə də ölüm İlahi ədalətin həyata keçməsi deməkdir. İnsan bu yolla axirət savab və cəzasına çatar.
İmam Sadiq (ə) buyurur: “Keşmiş zamanlarda bir qrup peyğəmbərlərinə deyərdi: “Dua et ki, Allah ölümü bizdən uzaq etsin”. Həmin peyğəmbər onlar üçün dua edir və Allah da ölümü onların üstündən götürür. O qədər sayları artır ki, evləri onlara dar olur. Səhər açılan kimi, kişi öz atasına, anasına, babasına və nənəsinə yemək verməklə məşğul olurdu. Onları təmizləyər və səliqəyə salırdı. Ona görə də iş-gücdən qalır və bu zaman deyirlər: “Allahdan istə ki, bizi əvvəlki halımıza qaytarsın”. Peyğəmbər dua edir və həmin insanlar əvvəlki hallarına geri qayıdırlar”.

Əgər ümumiyyətlə ölüm olmasaydı, insanlar bu dünyada çox sayda problemlə üzləşərdi. Ona görə də ölüm çox hikmətli bir çarədir.

/Deyerler.org/ (Tebyan saytına istinadən)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter