İLAHİ QƏZA VƏ İNSANIN İXTİYARI NECƏ İZAH OLUNUR?


“Qəza” sona çatmaq, işi qurtarmaq mənasını daşıyır və bir işin son mərhələsini “qəza” adlandırmaq olar. “Qəza”nın da “təqdir” kimi iki kateqoriyası var: “Elmi qəza” və “eyni qəza”. İşin sona çatmasını və sonuncu mərhələsini bilməyə “elmi qəza”, işin sona çatıb, həqiqətdə gerçəkləşməsinə isə “eyni qəza” deyilir.

Allahın elmi qəzası: Allah-taala varlıqların və fenomenlərin labüd olaraq həyatda gerçəkləşməsini bilir. Onun elmi qəzası insanın ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir. Çünki Allah bilir ki, bir fenomen, yaxud bir fel və iş insanın ixtiyarı ilə labüd olaraq həyata keçəcəkdir. Başqa sözlə, Allahın, insanların öz ixtiyarları ilə yerinə yetirdikləri işləri barəsindəki elmi qəzasının mənası budur ki, O, insanın filan işdə ixtiyar sahibi olması ilə yanaşı, labüd olaraq gerçəkləşəcəyini bilir. Yə`ni Allah bilir ki, filankəs belə bir işi iradə edəcək, öz ixtiyarı və istəyi ilə onu yerinə yetirəcəkdir.

Allahın eyni qəzası: Bu, varlıqların labüd olaraq gerçəkləşməsinin Allaha mənsub edilməsi deməkdir. Başqa sözlə, Allahın eyni qəzası tələb edir ki, fenomenlərin varlığının yarandıqları ilk gündən, hətta uzaq müqəddimələrin hazırlandığı vaxtdan Onun hikmətli tədbiri altında olduğuna inanaraq, yaradılış şərtlərinin hazırlanıb, son mərhələyə çatmasını Onun iradəsinə tabe hesab edək.

Başqa sözlə:

1-Hər hansı (səbəbə ehtiyacı olan) varlığın özünün zəruri varlıq həddinə çatması onun tam illətinin (səbəbinin) gerçəkləşməsi yolu ilədir.

2-Heç bir məxluq öz varlığında və varlığının təsirlənməsində müstəqil deyildir.

3-Təbii ki, bütün fenomenlərin varlığının zəruriliyi tam müstəqilliyə malik olan və heç bir şeyə möhtac olmayan Allaha aid edilir.

Həqiqətdə Allahın qəzası tələb edir ki, hər hansı bir fenomenin varlığı Onun təkvini izninə və istəyinə mənsub edildiyi kimi, Onun izni olmadan heç bir varlıq, varlıq aləminə qədəm qoya bilməz. Hər bir şeyin yaradılışı Allahın eyni qəzasına əsaslanır və Onun icazəsi olmadan heç bir varlıq özünəməxsus surətinə düşə bilməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter