“İsticari” namaz hansı namazdır?
Məsələ: Dünyasını dəyişmiş insanın qəza namazları və ibadətlərini yerinə yetirmək üçün muzd vermək iradsız deyil. Amma həcc istisnadır. Bir şəxs ibadət üçün muzd vermək, “əcir” tutmaq istədikdə savab qazanmaq ümidində olsun. Amma qəza namaz və oruclarını, eləcə də müstəhəb namaz və orucları savab üçün əcir almadan yerinə yetirməyin eybi yoxdur.
Məsələ: İnsan bə’zi müstəhəb işlər, məsələn Peyğəmbər (s) və İmamların qəbrinin ziyarəti üçün sağ adamlar tərəfindən əcir ola bilər. Vacib ehtiyat budur ki, bu işdə yalnız müqəddimə əməlləri üçün pul götürsün. Eləcə də müstəhəb əməlləri yerinə yetirib onların savabını ölülərə və ya dirilərə hədiyyə edə bilər.
Məsələ: Bir şəxs dünyasını dəyişmiş şəxsin qəza namazları üçün əcir olarsa, namaz məsələlərini yaxşıca bilməli, düzgün qiraətə malik olmalıdır.
Məsələ: Bir başqası tərəfindən namaz və ya oruc, eləcə də bir ibadəti yerinə yetirmək istəyən şəxs öz niyyətində meyyiti müəyyənləşdirməlidir. Meyyitin adını bilmək zəruri deyil, müəyyən əlamət və nişanə ilə müəyyənləşdirmək bəs edər.
Məsələ: Meyyitin qəza ibadətini yerinə yetirən şəxs özünü meyyitin yerində fərz etməli, meyyitin öhdəsində olan qəzanı yerinə yetirməlidir. Əgər ibadəti yerinə yetirib savabını hədiyyə etsə, qəza ödənməz.
Məsələ: Meyyitin ibadət borcu o vaxt ödənər ki, ibadəti öhdəsinə götürmüş şəxs onu yerinə yetirsin. Əminlik olmazsa, kifayat etməz. Amma namazın qılındığına əmin olduqda, onun düzgün qılınıb-qılınmamasını bilməməyin eybi yoxdur.
Məsələ: Əgər naib (qəza namazını yerinə yetirməyi öhdəsinə götürmüş şəxs) namazı qıldığını söyləyərsə, onun sözü ilə kifayatlənmək olmaz. Bu şəxs e’tibarlı bir şəxs olduqda isə sözü mö’təbərdir.
Məsələ: Meyyitin ibadətlərini yerinə yetirməyi öhdəsinə götürmüş şəxs namazın şərtlərini ödəməyə qadir olmalıdır. Məsələn, namazı oturaq qılan şəxs naib ola bilməz. Hətta vacib ehtiyata əsasən, təyəmmüm və cəbirə ilə namaz qılan şəxs naib olmamalıdır.
Məsələ: Kişi qadın, qadın kişi üçün naib ola bilər. Naib namazın asta və uca qılınmasında meyyitin yox, öz vəzifəsinə əməl etməlidir. Meyyitin qəza namazı tərtiblə qılınmaya bilər. Amma bir günün günorta və ikindi, şam və xiftən namazlarında tərtibə riayat olunmalıdır.
Məsələ: Namaz və oruc üçün əcir tutulan şəxslə xüsusi şərt kəsilərsə (məsələn, namazı məsciddə və ya müəyyən saatda qılması deyilərsə) bu şərtə əməl etməlidir. Amma xüsusi bir şərt olmasa, vəzifəsinə uyğun adi qaydada hərəkət etməlidir. Müstəhəbləri də adi qaydada yerinə yetirə bilər. Bundan artığına vəzifəli deyil. Nə qədər ki, şərt kəsilməyib, ayat namazlarını qılması vacib deyil.
Məsələ: Meyyitin qəza namazları üçün bir neçə şəxs əcir tutularsa, onların hərəsi üçün müəyyən vaxt tə’yin etmək lazım deyil. Onlar həmin namazları istədikləri vaxt qıla bilər. Amma namazlar arasında tərtibə riayat etmək üçün müstəhəb ehtiyat budur ki, onların hər biri üçün müəyyən vaxt tə’yin edilsin. Məsələn, biri ilə sübhdən günortayadək, o biri ilə günortadan axşamadək namaz qılması şərt kəsilsin. Yə’ni hər iki şəxs məsələn, günorta namazından başlayıb sübh namazınadək qılsın. Bir və ya bir neçə günün namazının qılınmasının fərqi yoxdur.
Məsələ: Əgər əcir tutulmuş şəxs öhdəsində olan namaz və orucları yerinə yetirməmiş dünyasını dəyişərsə, muzdu tam aldığı halda bütün namazları qılacağını öhdəsinə götürmüşsə, qılınmamış namazların muzdu onun malından götürülməlidir. Əgər belə bir şərt kəsilməmişsə, vərəsələri onun malından götürüb qalan namazların icrası üçün əcir tutmalıdırlar. Dünyasını dəyişmiş əcirin malı olmadıqda vərəsələrə bir şey vacib olmur. Amma yaxşı olar ki, meyyitin borcu ödənsin.
Məsələ: Əgər əcir öhdəsinə götürdüyü əməli başa vurmamış dünyasını dəyişərsə və özünün də qəza namazı qalarsa, öhdəsinə götürdüyü namazların qılınması üçün onun malından əcir tutulmalıdır. Əgər özünün qılması şərt kəsilibsə, yerinə yetirilməmiş namazların haqqı qaytarılmalıdır. Amma həmin şəxsin öz qəza namazları üçün malından götürə bilməzlər. Yalnız vərəsələrin razılığı ilə və ya malının üçdə birini vəsiyyət etsə belə etmək olar.