QURANDA BƏZİ MƏKAN VƏ ZAMANLARIN ÜSTÜNLÜYÜNƏ İŞARƏ EDİLİBMİ?
Allah-təala bə`zi məxluqlarına digər məxluqlarından daha çox şərafət və mərhəmət əta etmişdir. Onlara başqa mövcudların layiq olmadıqları məqam, izzət və şərafət və kəramət vermişdir. Qur`ani-Kərim, peyğəmbər və İmamların rəvayətlərindən mə`lum olur ki, üstün fəzilət mərtəbələrinə sahib olan mövcudlardan əlavə, bə`zi məkan və zamanların da xüsusi üstünlükləri vardır. Qur`ani-Kərimdə bə`zi məkanların adı xüsusi ehtiramla çəkilmişdir. Bu məkanlardan birinci dərəcəlisi “Kə`beyi-mükərrəmə” sayılır:
“Həqiqətən insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir. O, şübhəsiz, bütün aləmlər üçün bərəkət və doğru yol qaynağıdır.”
İkinci müqəddəs məkan “Məscidul-əqsa” hesab olunur. Qur`anda Məscidul-əqsa və Məscidul-həramın adları yanaşı zikr olunub: “Bəndəsini (peyğəmbər (s)) bir gecə Məscidul-həramdan ətrafını mübarək etdiyimiz Məscidul-Əqsaya aparan Allah pak və müqəddəsdir.”
Allah buyurur ki, onun ətrafını da özü kimi mübarək etdik. Başqa bir ayədə isə buyurur: “Ey qövm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun...»
Üçüncü müqəddəs məkan “Turi-Sinadır”. Bu yer Qur`anda “Turi-Sinin” kimi tə`bir olunmuşdu: “And olsun Tur dağına.”
Tur dağı həzrət Musanın münacat etdiyi bir dağ idi. İlk dəfə ilahi vəhy həmin şərafətli məkanda həzrət Musaya nazil oldu. Bu məkanların zatən pak olması və təkvini xüsusiyyətlərə malik olması mümkündür.
Hansısa bir zaman bəşəriyyətin onların xüsusiyyətlərindən xəbər tutması mümkündür. Eyni zamanda, bu məkanların paklığı orada baş vermiş hadisələrlə əlaqəli ola bilər. Ümumiyyətlə, bu məkanların xüsusi paklıq və şərafəti var.
Qur`ani-Kərimdə müəyyən zaman kəsiklərinə xüsusi ehtiramla yanaşılır. Qur`an ayələrindən mə`lum olur ki, İslam vaxtın ay təqvimi əsasında bölünməsini daha məqsədə müvafiq sayır.
“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri kitabda 12-dir. Onların dördü haram aylardır.”
Allah bu 12 aydan dördünü (zil-qə`də, zil-hiccə, məhərrəm, rəcəb) haram aylar etmişdir. Bu dörd ayın hörmətini saxlamaq vacibdir. Bu aylarda döyüşə başlamaq hətta peyğəmbər və İmamlar üçün də haramdır. Lakin döyüş kafirlər və düşmənlər tərəfindən başladıqda müsəlmanlar müqavimət göstərə bilərlər. Bütün bunlar Allahın bu aylara qoyduğu hörmətə görədir.
Qur`ani-Kərimdə zil-hiccə ayı özündən əvvəlki iki ayla (şəvval və zil-qə`ddə) yanaşı (bu aylarda hacılar adətən həcc ziyarətinə gedirlər.) həcc ayları adlandırılır. Qur`anda “Həcc” adlı surə var. Bundan əlavə, Qur`anın digər surələrində həccin qaydaları barəsində danışılır. Lakin Qur`anın heç bir yerində bu ayların adı çəkilməyib.